Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən göstərilən yüksək dövlət qayğısı nəticəsində prokurorluq orqanlarının fəaliyyətinin ən müasir tələblər səviyyəsində təkmilləşdirilməsi, infrastrukturunun yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində kompleks və ardıcıl tədbirlər həyata keçirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, həyata keçirilən bu tədbirlərin davamı kimi, martın 16-da prokurorluq əməkdaşlarının və veteranlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə paytaxtın Xətai rayonu, İ.Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsi, 2942 A məhəllə ünvanında inşa edilmiş 17 mərtəbəli, 3 bloklu, 160 mənzilli yaşayış kompleksinin açılış mərasimi olub.
Mərasimdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib, qazilərimizə şəfa diləkləri ifadə olunub.
Açılış mərasimində bina sakinləri olan prokurorluq əməkdaşları və veteranları qarşısında çıxış edən Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev tədbir iştirakçılarını təbrik edib.
Bildirilib ki, yaşayış binası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 27 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramının icrası ilə əlaqədar inşa olunub.
Nəzərə çatdırılıb ki, həmin yaşayış binasının tikilməsi məqsədilə şəffaf prosedurlar əsasında prokurorluq əməkdaşları və veteranlarından ibarət “Qayğı” Mənzil-Tikinti Kooperativi yaradılıb, kooperativ üzvləri güzəştli şərtlərlə aylıq ödənişlər həyata keçirməklə mənzillərlə təmin olunublar.
Qeyd olunub ki, bina kompleksi sürətli liftlər, ehtiyat işıq generatoru, müasir havalandırma, isitmə-soyutma sistemləri, təhlükəsizlik kameraları, yanğın əleyhinə avtomatik reaksiya göstərən yanğınsöndürmə sistemləri ilə təchiz olunub. Eləcə də bina kompleksinin həyətyanı sahəsində abadlıq işləri aparılaraq, yaşıllıq zolağı salınıb, asfaltlanma işləri görülüb, müasir işıqlanma sistemləri, eləcə də uşaq əyləncə meydançası, sakinlərin istirahəti üçün yüngül örtüklü konstruksiyalar quraşdırılıb.
Vurğulanıb ki, yaradılmış yeni şərait prokurorluq orqanları əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməklə onların məhsuldar fəaliyyəti üçün zəmin yaradacaq.
Mərasim iştirakçıları olan prokurorluğun veteranları, gənc prokurorluq əməkdaşları və digər iştirakçılar yaradılan şəraitdən məmnun qaldıqlarını və göstərilən qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Azərbaycan Respublikası Prokurorluğunun kollektivi bundan sonra da dövlətçiliyimizin maraqlarının, ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlığın qorunması, cinayətkarlığın bütün təzahürlərinə və hər cür qanunsuzluqlara qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün zəruri tədbirlərin görülməsini təmin edəcək.