LEQAL.AZ xəbər verir ki, Polşa Respublikasının Azərbaycandakı səfiri Rafal Poborski və birinci konsul Bartoş Muşyaloviç Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun qonağı olublar. Görüşdə Azərbaycan-Polşa ədəbi əlaqələrinin inkişaf tarixi, görülmüş işlər və gələcək perspektivlər müzakirə edilib.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli qonaqları salamlayaraq ilk öncə Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin başçılığı altında ordumuzun əzəli torpağımız Qarabağı işğalçılardan azad etməsi, düşmənin isə bütün beynəlxalq konvensiyalara zidd olaraq mülki yaşayış yerlərini atəşə tutması barədə məlumat verib. Azərbaycan-Polşa ədəbi əlaqələrinin inkişaf tarixinə toxunan akademik İsa Həbibbəyli bu istiqamətdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda böyük işlər görüldüyünü səfirin diqqətinə çatdırıb. O qeyd edib ki, Azərbaycan və Polşa akademiyaları və eləcə də Ədəbiyyat institutları qarşılıqlı əməkdaşlıqla bağlı müqavilə imzalayıblar. Hazırda Ədəbiyyat İnstitutunun Dünya ədəbiyyatı və komparativistika şöbəsində Polşa ədəbiyyatı tədqiq edilir. Akademik İsa Həbibbəyli bu istiqamətdə şöbənin müdiri, fil.e.d., prof. Gülər Abdullabəyovanın, sos.f.d. Samir Səttarovun fəaliyyətini xüsusi vurğulayıb. Samir Səttarovun “Адам Мичкевич и Азербайджан” kitabı son illərdə ədəbi əlaqələrimizin uğurlu nişanəsi kimi vurğulanıb. Ədəbiyyat İnstitutunun Polşanın Byalistok Universiteti ilə birgə Horizon 2020 proqramının qalibi olması gələcək əlaqələr üçün böyük perspektivlər açması diqqətə çatdılıb.
Səfir Rafal Poborski dəvətə görə akademik İsa Həbibbəyliyə təşəkkürünü bildirib və qeyd edib ki, Azərbaycanın mülki əhalisinin atəşə tutulması beynəlxalq qanunvericiliyə ziddir. Azərbaycan-Polşa ədəbi əlaqələrinə toxunan səfir bu əlaqələrin zəngin tarixinin olmasının sevindirici olduğunu diqqətə çatdırıb. Rafal Poborski Azərbaycanla Polşanın Horizon 2020 proqramının birgə qalibi olmasını mühüm hadisə kimi dəyərləndirib və səfirliyin lazımi dəstək göstərməyə hazır olduğunu bildirib.
Daha sonra çıxış edən İnstitutun Dünya ədəbiyyatı və komparativistika şöbəsinin müdiri, fil.e.d., prof. Gülər Abdullabəyova Azərbaycan-Polşa ədəbi əlaqələrinin tarixinə dair maraqlı faktları görüş iştirakçılarının diqqətinə çatdırıb. O, institutda Stanislav Rimkeviçin görkəmli Azərbaycan şairi Məhəmməd Füzuli ilə bağlı tədqiqatının Azərbaycan dilinə tərcümə olunduğunu və tezliklə çap ediləcəyini diqqətə çatdırıb.