Keçən il Bakı metrosu plan üzrə 228 milyon sərnişinə xidmət göstərməli idi. Amma koronavirusa qarşı insanların sağlamlığı, təhlükəsizliyi naminə görülən tədbirlər siyahısına metroda sərnişindaşıma prosesinin dayandırılması da daxil edilib. İl ərzində yeraltı nəqliyyatla 74 milyon 709 min 237 sərnişin daşınıb.
LEQAL.AZ xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Bildirilib ki, Bakı metrosunun sərnişindaşıma fəaliyyəti il ərzində bir neçə dəfə dayandırılıb. Ümumiyyətlə, ilk dəfə, metropoliten martın son 3 günü ərzində səhər saat 7-dən 9-a, axşam isə 5-dən 8-ə qədər olmaqla, yalnız 5 saat xidmət göstərib. Martın 31-i saat 22:00-dan etibarən sərnişindaşıma fəaliyyəti ilk dəfə uzun müddətə dayandırılan metropoliten mayın 9-u yenidən stansiyalarının qapılarını sərnişinlərinin üzünə açıb. İyunun 4-dən isə həftənin şənbə və bazar günləri fəaliyyət göstərməyib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 3 iyul tarixli “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Qərarına uyğun olaraq, iyulun 4-də saat 00:00-dan sərnişindaşıma fəaliyyəti ikinci dəfə dayandırılıb. Metropoliten sentyabrın 14-də yenidən sərnişinlərin istifadəsinə verilib. Növbəti dəfə qəbul edilmiş qərarla yeraltı nəqliyyat oktyabrın 19-dan COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə fəaliyyətini dayandırıb.
Beləliklə, 2020-ci il ərzində metropoliten 202 gün, ümumiyyətlə sərnişin daşımayıb. Sərnişin daşınan 164 günün 3-də isə cəmi 5 saat daşıma xidməti göstərib.