Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyalarını və onların Əlavə Protokollarını, habelə elan olunmuş humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini və strateji obyektləri raket və ağır artilleriya zərbələrinə məruz qoymaqda davam edir.
Baş Prokurorluğun mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, oktyabrın 22-də səhər saatlarından başlayaraq Ermənistan silahlı birləşmələri mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə edərək, cəbhə zonasından 150 kilometrdən artıq uzaqlıqda yerləşən Azərbaycan Respublikasının Qəbələ, Kürdəmir və Siyəzən rayonlarına “Skad” ballistik taktiki raketlər atıb.
Raket zərbələri nəticəsində Qəbələ rayon sakini 2003-cü il təvəllüdlü Əmirbəyov Murad Ceyhun oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb, kənd ərazisində 5 evə ciddi ziyan dəyib.
Həmçinin düşmən silahlı qüvvələri Abşeron yarımadasını içməli su ilə təchiz edən və ölkəmiz üçün xüsusi strateji əhəmiyyətə malik Oğuz-Qəbələ-Bakı su kəmərini hədəfə alaraq raket atıb. Lakin raketin Azərbaycan Ordumuzun Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilməsi nəticəsində onun hissələri su kəmərinin yaxınlığına düşüb.
Bununla bağlı prokurorluq əməkdaşları tərəfindən hadisə yerlərində zəruri istintaq tədbirləri və prosessual hərəkətlər həyata keçirilir.