Xurmanın aşağı kalorili və sellülozla zəngin olması çəkini nəzarətdə saxlamaq üçün çox əlverişlidir. A və S vitaminləri də daxil olmaqla antioksidantların və qidaların bir-biri ilə uyğunlaşması onları sağlam qidalanma üçün ideal edir.
Adətən xurma sentyabrdan dekabra qədər olan mövsümdə həm şirin, həm də duzlu yeməklərlə yaxşı uyğunlaşır. Xurma, həmçinin də eyni gündəlik meyvələrdən, almalardan, portağallardan və ya bananlardan “yorulan” insanlar üçün alternativ qida məhsuludur.
Xurmanın hətta kiçik bir hissəsi də güclü vitamin və mineral qarışığı ilə zəngindir. Belə ki, bir xurmanın tərkibi 6 qram sellülozdan və gündəlik tövsiyə olunan 55 faizlik A vitaminindən ibarətdir.
Xurmaların rəngarəng görünüşü onların tərkibində ürək xəstəliyi riskini azaldan beta-karotinin, karotinoid antioksidantının olduğunu göstərir. Onların tərkibində, həmçinin ürəyin sağlamlığını və qan təzyiqini yaxşılaşdıran, iltihabı və “pis” LDL xolesterinini azaldan flavonoid antioksidantları var.
Qeyd edək ki, təkcə bir meyvənin tərkibində tövsiyə olunan S vitamininin sutkalıq norması var. Sübut olunub ki, antioksidan xüsusiyyətlərə malik S vitamini iltihabı azaltmaqla yanaşı, digər üstünlüklərə də malikdir.
Pensilvaniya Dövlət Universitetinin professoru Penni Kris Etertonun sözlərinə görə, xurmanın qidalılıq xüsusiyyətlərindən maksimum dərəcədə istifadə etmək üçün onu digər faydalı məhsullarla uyğunlaşdırmaq lazımdır.
“Biz bilirik ki, meyvə və tərəvəzlərin hazırlanması inqrediyentləri bioloji cəhətdən zənginləşdirir. Onların digər məhsullarla birgə qəbulu qidanın mənimsənilməsini yaxşılaşdırır”, - deyə professor vurğulayıb.
Xurma yetişmə dərəcəsindən asılı olaraq yoğurt və ya yulafla yaxşı qarışır. Dondurulmuş xurmanın smuziyə - yaxşı olar ki, bir ovuc qaragilə ilə qatılması reseptinizə qida dəyəri əlavə edir və sizə meyvələrdən həzz alma imkanı verir.
Xurmanın avokado salatına qatılması bitki mənşəli yağhəlledici qida məhsulu olan karotinoidlərin mənimsənilməsini asanlaşdırır. Qeyd edək ki, hüceyrələri zədələnmədən qoruyan bu qida məhsulları sağlam olmaq üçün səmərəli vasitədir.