2020-ci Böyük qələbə ili milli təqvimimizi bayramlarla zənginləşdirib

2020-ci Böyük qələbə ili milli təqvimimizi bayramlarla zənginləşdirib
  • Cəmiyyət

  • Tural Kəlbəcərli: “Müstəqil media ilə əməkdaşlıqdan yayınan məmurlar, o cümlədən polis vəzifəliləri məhz o şəxslərdir ki, öz fəaliyyətlərində şəffaflığı təmin etmək istəmirlər”

    Son günlərini yaşadığımız 2020-ci il artıq tarixə qovuşmaq üzrədir. 2020-ci ili dünya və Azərbaycan üçün yaddaqalan hadisələr barədə danışmağı LEQAL.AZ saytının qonağı, “102-ci qəzet”in baş redaktoru Tural Kəlbəcərlidən xahiş etdik. Həmsöhbətimiz onlayn formatda keçən müsahibədə suallarımızı məmnuniyyətlə cavablandırdı.

    Arayış:

    Nəbiyev Tural Bahadur oğlu Kəlbəcər rayonununKeştək kəndində dünyaya göz açıb. Kəlbəcər rayon 77 saylı tam orta məktəbini bitirəndən sonra Beynəlxalq Unverisitetə daxil olmuşdur. Ali təhsilini başa vurduqdan sonra bir sıra dövlət qurumlarında işləmişdir. 2011-ci ildən məbuatda çalışır. 

    - Tural müəllim, 2020-ci ili ümumilikdə necə xarakterizə edərdiniz? 

    - 2020-ci il bütün dünya və Azərbaycan üçün çətin sınaq ili oldu. İlk növbədə bəşəriyyəti narahat etməkdə olan yeni növ koronavirus (Covid 19) pandemiyası tibb elminin nailiyyətləri ilə öyünən müasir dünyanın epidemiyalarla mübarizəyə heç də hazır olmadığını göstərdi. Ən qabaqcıl inkişaf etmiş ölkələrin belə səhiyyə sistemi çökdü, xəstəlik çoxlu sayda insanın ölümünə səbəb oldu. Amma ən başlıcası, 2020-ci il Azərbaycan tarixinə həm də Zəfər ili kimi daxil oldu. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında Ordumuz 44 gün sürən Vətən müharibəsində şəhidlərimizin qanı bahasına şanlı qələbə qazanaraq 30 il işğal altında qalan ərazilərimizi azad etdi. Beləliklə, görünən düşməni – təcavüzkar  Ermənistanı  məğlub etdik, “görünməz düşmən” sayılan pandemiya ilə mübarizəmiz isə davam edir. Doğrudur, 2020-ci ildə dünyada və Azərbaycanda əhəmiyyətli sayılan bir çox digər hadisələr də baş verib. Amma qeyd etdiyim bu ikisi daha önəmliləridir.

    - Kəlbəcərlisiniz. Doğma rayonunuzun azad edilməsi xəbərini necə qarşıladınız?

    – Azərbaycan müharibədə möhtəşəm qələbənin əldə olunması üçün xeyli şəhid verdi, qazilərimiz çox oldu. Şəhidlərimizin ruhuna Allahdan rəhmət diləyir, yaralı əsgərlərimizə tez sağalmalarını arzulayıram. Şükürlər olsun ki, rüsvayçı məğlubiyyətlərinin nəticəsi olaraq erməni işğalçılar Kəlbəcər rayonunu, eləcə də Laçın və Ağdamı döyüşsüz təhvil verməyə məcbur oldular. Mən də Vətənini sevən bütün azərbaycanlılar kimi müharibənin ilk günlərindən ordumuzun əldə etdiyi hər qələbəyə, azad edilən hər kəndə, qəsəbəyə görə sevinirdim. Kəlbəcərin azad edilməsi isə bütün kəlbəcərlilər kimi mənim də ruhumu qanadlandırdı. Mənfur düşmən Kəlbəcəri tərk etməyə məcbur edilərkən, ağacları kəsir, evləri yandırırdı. Unitazları belə daşıyıb özləri ilə aparmaları ermənilərin necə idbar olduqlarını, barbar xislətlərini bütün dünyaya göstərdi. Hazırda işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi prosesi gedir. İnşallah, icazə veriləndən sonra mən də doğma kəndimizə gedib ata-baba yurdumuzu ziyarət edəcəyəm. 

    “102-ci qəzet” əsasən polislə tərəf müqabili olan kütləvi informasiya vasitəsi kimi tanınır. Belə iş birliyini qurmağa necə nail oldunuz?

    - Əgər on il əvvəl mətbuat sahəsində çalışmağa qərar verməyimin səbəbi fikirlərimi cəmiyyətə çatdırmaq üçün geniş auditoriya tapmaq istəyimdən doğubsa, qələmlə yaradıcılığa meylimdən irəli gəlibsə, polislik işinə də lap erkən gəncliyimdən marağım olub. Cinayətkarlıqla mübarizə aparan, vətəndaşların təhlükəsizliyini qoruyan, ictimai asayişi, əmin – amanlığı təmin edən bu cəsur insanlar məndə həmişə rəğbət hissi doğurmuşlar. Bu nöqteyi-nəzərdən, “102-ci qəzet” mənə həm də rəğbət bəslədiyim peşə sahiblərini tərənnüm etmək üçün tribuna verdi. Tədricən “102-ci qəzet” bir layihə olaraq Azərbaycanın böyük mətbuat ailəsinin üzvü kimi yaşamaq haqqını sübut etdi, inkişaf etmək perspektivi qazandı. İndi jurnalist-polis münasibətlərində gözəl nümunə kimi “102-ci qəzet” ilə hüquq-mühafizə orqanlarının əməkdaşlığını göstərmək olar desəm, yəqin yanılmaram. Əməkdaşlarımız vaxtaşırı olaraq “Polis və jurnalist münasibətləri” mövzusunda seminar-müşavirələrdə iştirak etmiş, hüquq - mühafizə orqanları və kütləvi informasiya vasitələri nümayəndələrinin müştərək tədbirlərinə qatılmış, həmin tədbirlərdə qarşılıqlı münasibətlərin tənzimlənməsi ilə bağlı təkliflərini bildirmişlər. Qəzetimiz fəaliyyəti təqdirəlayiq olan daxili işlər orqanları əməkdaşlarının nümunəvi xidmətləri barədə öz səhifələrində maraqlı məqalələr dərc etmiş, polisin əhali arasında apardığı maarifləndirmə işinə gərəkən informasiya dəstəyi vermişdir. 

    Polisin pandemiya ilə mübarizə sahəsində gördüyü işlərə də qəzetinizdə geniş yer ayrılmışdır... 

    – Elədir, “102-ci qəzet”in polislə əməkdaşlığı özünü ən bariz formada yeni növ koronavirus pandemiyasının birinci dalğası dövründə təzahür etdirdi. Epidemiyaya qarşı mübarizə tədbirlərinə gərəkən informasiya dəstəyi verən, əhalinin bu müstəvidə səhiyyə maarifləndirilməsi işinə köməklik göstərən qəzetimiz həmin dövrdə həmçinin fədakar həkimlərimizlə yanaşı mübariz polisimizin də gərgin işini işıqlandırdı. Bəzən birgə keçirdiyimiz reydlərdə gördük ki, polisin bazarı, bayramı olmur. Nəinki kiçik rəis heyəti, hətta yüksək rütbəli polis zabitləri, idarə rəisləri bəzən günlərlə evə gedə bilmir, getmir, iş stolunun arxasında gecələyir. Və bunu təmənnasız, hər hansı şəxsi marağı olmadan edir. Sadəcə olaraq, polisin xidməti belədir, bu, çətin və şərəfli peşədir.
    Düşmən üzərində möhtəşəm qələbənin qazanılması, torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən Vətən müharibəsinin gedişində də polislə çiyin-çiyinə duran redaksiyamızın kollektivi düşmənin törədə biləcəyi təxribat, terror cəhdlərinin qarşısını almaq üçün polisin gördüyü çətin işin şahidi oldu və bu işə informasiya dəstəyi verdi.
    İndi qapımızın ağzını pandemiyanın ikinci dalğası kəsdirib. Sərtləşdirilmiş karantin rejiminə vətəndaşların əməl etməsinə nəzarət etmək vəzifəsi yenə əlbəttə ki, polisin üzərinə düşüb. Azərbaycan xalqının sağlamlığı, bu ümumbəşəri bəlanın bizim üçün az ziyanla ötüşməsi naminə biz jurnalistlər yenə də polislə səmərəli əməkdaşlığımızı davam etdirəcəyik.

    Heç olubmu ki, polis işçiləri sizinlə əməkdaşlıqdan imtina etsinlər? 

    – Təəssüf  ki, belə hallara da rast gəlinir. Bəzən ayrı-ayrı polis işçiləri müstəqil kütləvi informasiya vasitələri işçiləri ilə əməkdaşlığa ehtiyaclarının olmadığını bildirir, bundan ötrü polisin özünün media orqanlarının olduğunu deyirlər. Biz, əlbəttə, “Mübariz keşikdə”, “Polis” qəzetlərinin, Daxili İşlər Nazirliyinin, Bakı Şəhər Baş Polis İdarəsinin internet saytlarının əməkdaşlarının peşəkarlıqlarını təqdir edirik, adları çəkilən kütləvi informasiya vasitələrindən məlumat mənbəyi kimi istifadə edirik. Lakin həm də bildiyimiz kimi, onlar yalnız rəsmi, yəni, polis orqanlarının özlərinin verdikləri məlumatları yayırlar. Müstəqil jurnalistlər isə quru informasiya ilə kifayətlənməyib hadisə yerinə tələsir, hər şeyi öz gözləri ilə görməyə çalışır, hadisələrin iştirakçıları ilə təmas qurmağa, fikirlərini öyrənməyə can atırlar. Düşünürəm ki, azad media ilə əməkdaşlıqdan yayınan məmurlar, o cümlədən polis vəzifəliləri məhz o şəxslərdir ki, öz fəaliyyətlərində şəffaflığı təmin etmək istəmirlər. Şəffaflığın, cəmiyyət qarşısında hesabatlılığın təmin olunmaması isə bir çox neqativ hallara, korrupsiyaya yol açır.Bilirsiniz, hətta demokratiyanın beşiyi sayılan ölkələrdə belə polis-media münasibətlərinin mübahisəli bir proses olduğu etiraf olunur. Azərbaycanda isə fərqli olaraq, ümumilikdə götürəndə polis jurnalistlərin normal və təhlükəsiz mühitində işləmələri üçün şərait yaradır, qanun çərçivəsində peşə fəaliyyətlərini həyata keçirmələrinə mane olmur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi jurnalistlərlə polis əməkdaşları arasında əlaqələrin və münasibətlərin keyfiyyət baxımından formalaşmasına və bu münasibətlərin tənzimlənməsinə yardımçı olur.

    Oxucularımıza arzularınızı bilmək istərdik. 

    – Saytınızın verdiyi fürsəti dəyərləndirib oxucularınızı, eləcə də “Leqal.az”-ın kollektivini qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edirəm. Bu dəfəki bayramlar onunla əlamətdardır ki, artıq torpaqlarımız işğaldan azad olunub. Doğrudur, qələbəmiz şəhidlərimizin cənnətməkan ruhunu şad etsə də, şəhid ailələrinin könül yaraları hələ təzədir. Odur ki, Yeni il bayramının bu dəfə əvvəlki illərdə olduğu kimi atəşfəşanlıqla, çal-çağırla keçirilməsinin tərəfdarı deyiləm. Bir az səbr edək, xalqımızın bundan sonra gözü dolusu qeyd edəcəyi bayramlarımız, şad günlərimiz çoxdur. Maşallah, Böyük Qələbə milli təqvimimizi bayram və bayrama bərabər əlamətdar günlərlə, rayonlarımızın işğaldan azad edildiyi tarixlərlə zənginləşdirib.

    Müsahibə üçün çox sağ olun! 

    – Siz də sağ olun!

    Söhbətləşdi: İsrafil ŞÜKÜROV

    PAYLAŞ:

    Oxşar xəbərlər