Prezident İlham Əliyevin ötən il dekabrın 25-də imzaladığı Sərəncamla dekabrın 28-i Azərbaycan Respublikasında Vəkil Günü peşə bayramı təsis olunub.
LEQAL.AZ-ın məlumatına görə, Vəkil Günü münasibətilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri dekabrın 28-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, ölkəmizdə məhkəmə-hüquq islahatlarının banisi müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin də məzarları üzərinə güllər qoyulub.
Sonra Şəhidlər xiyabanına gələn Vəkillər Kollegiyasının kollektivi ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Qeyd edək ki, peşə bayramı günündə vəkil büroları tərəfindən vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilir.