Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, dekabrın 23-dən 25-i səhərədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.
Xidmətdən LEQAL.AZ-a bildiriblər ki, dekabrın 24-ü axşamdan 25-i səhərədək şəhərətrafı ərazilərdə yağıntının sulu qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyinin sürəti 15-18 metr/saniyə olacaq, bəzi yerlərdə arabir saniyədə 20-25 metrədək güclənəcək.
Dekabrın 23-dən 25-i səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, sürəti 15-20 metr/saniyə olacaq, bəzi yerlərdə arabir saniyədə 23-28 metrədək güclənəcək. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.