27 Sentyabr – Anım Günü ilə əlaqədar Masallı rayonunun bütün ərazilərində silsilə ağacəkmə aksiyaları keçirilib.
Aksiyalar Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinə ehtiramın ifadəsi kimi təşkil olunub. Ağacəkmə aksiyalarında rayonun müxtəlif yaşayış məntəqələrində, yol kənarlarında və ictimai ərazilərdə yaşıllıqlar salınıb, ətraf mühitin mühafizəsinə və abadlığın artırılmasına töhfə verilib.
Silsilə aksiyaların sonuncusu rayonun Sərçuvar kəndində yerləşən dairəvi yol qovşağında keçirilib.
Aksiyada Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və aparatın əməkdaşları, Milli Məclisin deputatı Məşhur Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, din xadimləri, şəhid ailələri, qazilər, rayon ziyalıları, rayon ictimaiyyətinin nümayəndələri və jurnalistlər iştirak ediblər.
Ağacəkmə aksiyası zamanı ərazidə müxtəlif növ ağaclar əkilib, yaşıllıq sahələrinin genişləndirilməsi istiqamətində işlər görülüb. İştirakçılar tərəfindən əkilən hər bir ağac şəhidlərimizin əziz xatirəsinin yaşadılması, gələcək nəsillərə sağlam və gözəl ətraf mühitin ötürülməsi baxımından rəmzi məna daşıyıb.
Çıxışlarda 27 Sentyabr – Anım Gününün Azərbaycan xalqının yaddaşında xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Bildirilib ki, Vətən müharibəsi şəhidlərinin xatirəsi daim ehtiramla yad edilir, onların qəhrəmanlığı gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm örnəkdir.
Qeyd olunub ki, şəhidlərin xatirəsinə həsr edilən ağacəkmə aksiyaları həm milli-mənəvi dəyərlərimizin yaşadılmasına, həm də rayon ərazisində yaşıllıqların artırılmasına xidmət edir.
Masallı rayonunda keçirilən silsilə ağacəkmə aksiyaları zamanı sakinlərin, şəhid ailələrinin, qazilərin, ziyalıların və ictimaiyyət nümayəndələrinin fəal iştirakı Anım Gününə olan ümumxalq ehtiramının daha bir nümunəsi kimi diqqət çəkib.







