Qəhrəmanlar Parkında 44 günlük Zəfərin ilk səhifəsi anıldı

Qəhrəmanlar Parkında 44 günlük Zəfərin ilk səhifəsi anıldı
  • Cəmiyyət

  • Öncə tədbir iştirakçıları Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin, sonra ölkəmizin azadlığı və suverenliyi uğrunda sücaət göstərmiş vətənin mərd oğullarını “Şəhidlər abidə kompleksi”ndə ziyarət edərək xatirələrini böyük ehtiramla yad edib, önünə tər gül dəstələri düzmüş və ruhlarına dualar oxumuşlar.

    27 Sentyabr - Anım Günü ilə əlaqədar təşkil edilmiş tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və aparatı, Milli Məclisin Deputatı Məşhur Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Masallı Rayon şöbəsinin və Masallı rayon Polis şöbəsinin əməkdaşları, din xadimləri, şəhid ailələri, qazilər, rayon ziyalıları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri, jurnalistlər iştirak ediblər. 

    Anım mərasimində çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov vurğulayıb ki, bu gün hər birimizin qəlbində sonsuz qürur, minnətdarlıq və ehtiram hissləri coşur. Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsinin başlanğıcının – Anım Gününün ildönümündə yığışmışıq. Hər il sentyabrın 27-ni dərin hüzn, lakin bir o qədər də sonsuz başucalığı ilə yad edirik. Bu gün bizi bir araya gətirən tədbir sadəcə tarixi bir günü xatırlamaq deyil, xalqımızın əyilməz iradəsinin, milli birliyinin və dövlətçilik gücünün bütün dünyaya nümayiş etdirildiyi o şanlı başlanğıcın təntənəsidir.

    2020-ci il sentyabrın 27-də səhər saatlarında Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin "İrəli!" əmri ilə Azərbaycan əsgəri tarixi ədaləti bərpa etmək üçün yola çıxdı. O gün açılan ilk səhifə uzun illər davam edən həsrətə, ədalətsizliyə və işğal rejiminə son qoyan şanlı qələbə dastanımızın giriş qapısı oldu. Həmin gün xalqımız bir yumruq kimi birləşdi və hər kəs əmin oldu ki, artıq geriyə dönüş yoxdur – ya azadlıq, ya ölüm!
    Bu səhifə sadəcə hərbi əməliyyatın başlanğıcı deyil, otuz illik haqsızlığa və torpaq həsrətinə son qoyan müqəddəs haqq savaşımızın təməli idi. İlk addımdan etibarən Azərbaycan əsgəri sübut etdi ki, bizim üçün Vətən torpağından əziz heç nə yoxdur. Arxa cəbhədəki hər bir vətəndaş özünü əsgər hesab edərək ordumuza arxa durdu.

    Lakin bu şanlı tarixin yazılması asan başa gəlmədi. Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin qanı bahasına yazıldı bu salnamə. Vətən övladlarının hər biri bizim əbədi qürur mənbəyimizdir, onların ruhu qarşısında dərin ehtiramla baş əyirik. Şəhid valideynləri və ailələri bütün cəmiyyətimiz üçün müqəddəsdir, dövlətimizin hər zaman diqqət və qayğı mərkəzindədir.

    Tədbirdə həmçinin Milli Məclisin Deputatı Məşhur Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  Masallı  Rayon şöbəsinin rəisi Rəfail Xəlilov,  Vətən Müharibəsi şəhidi Sübhan Həsənovun anası Ülkər Həsənova, Vətən müharibəsi iştirakçısı Kərəm Əlizadə, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, QMİ-nin Masallı rayonu üzrə Qazısı Rəşid Talıbov Azərbaycan xalqının bu tarixi uğurundan, şəhidlərimizin, qazilərimizin şücaətindən söhbət açıblar. Bildirilib ki, şəhidlərimizin qanı bahasına əldə olunan bu qələbə ilə Azərbaycan xalqı daha bir qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib olduğunu bütün dünyaya sübut edib.

     Natiqlər bütün gənclərə səslənərək bildiriblər ki, Şəhidlərin qanını, onların əmanət etdiyi bu müqəddəs vətəni göz bəbəyiniz kimi qoruyun. Bu əmanətə sahib çıxmaq, elmdə, təhsildə və hər bir sahədə həmişə irəlidə olmaq sizin ən müqəddəs borcunuzdur. Heç vaxt unutmayın ki, bu torpağın hər qarışında bir igidin canı, bir ananın göz yaşı yatır.

    Tədbirdə şəhid Məhəmməd Əliyevin bacısı oğlu Rəsul İsaqovun səsləndirdiyi şeir iştirakçılara kövrək anlar yaşadıb.

    Şəhidlərimizə ehtiram əlaməti olaraq saat 12:00-da qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş və nəqliyyat vasitələri səs siqnalları vermişlər.










    PAYLAŞ:

    Oxşar xəbərlər