Masallıda narkomanlığa qarşı mübarizə ilə bağlı zona seminarı keçirilib

Masallıda narkomanlığa qarşı mübarizə ilə bağlı zona seminarı keçirilib
  • Cəmiyyət

  • 19 iyun 2026-cı ildə Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2025-ci il tarixli 721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində ictimai nəzarətin gücləndirilməsi məqsədilə 19 iyun 2026-cı il tarixdə Masallı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində zona seminarı keçirilmişdir.

    Masallı Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət qurumlarının, hüquq-mühafizə orqanlarının, təhsil müəssisələrinin və ictimai təşkilatların nümayəndələri iştirak etmişlər.
    Seminarı giriş sözü ilə açan Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin Hüquq və Əməyin Mühafizəsi şöbəsinin Əmək və sağlamlığın qorunması sektorunun müdiri Əbülfəz Mehtiyev Dövlət Proqramının Tədbirlər Planının icrası, narkomanlığa qarşı mübarizədə həmkarlar ittifaqlarının rolu və ictimai nəzarətin gücləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat vermişdir. O, narkomaniyaya qarşı maarifləndirmə tədbirlərinin genişləndirilməsinin və aşkarlanmış hallarla bağlı hüquq-mühafizə orqanlarına operativ məlumat verilməsinin vacibliyini diqqətə çatdırmışdır.

    Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri Tohid Hüseynov çıxışında qeyd etmişdir ki, Dövlət Proqramının icrası rayon ərazisində uğurla həyata keçirilir. Bildirilmişdir ki, proqramın əsas məqsədi narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatın genişləndirilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, eləcə də narkomaniyadan əziyyət çəkən şəxslərin müalicə olunaraq cəmiyyətə reinteqrasiyasının təmin edilməsidir.
    Tohid Hüseynov vurğulamışdır ki, narkomanlığa qarşı mübarizə hər bir vətəndaşın mənəvi borcudur və aidiyyəti dövlət qurumları tərəfindən bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilməlidir. O, gənclər arasında sağlam həyat tərzinin təbliği, asudə vaxtın səmərəli təşkili məqsədilə təhsil müəssisələrində və hərbi hissələrdə müxtəlif idman növləri üzrə yarışların və turnirlərin təşkil olunduğunu diqqətə çatdırmışdır.
    Masallı Rayon Polis Şöbəsinin rəis müavini, polis mayoru İxtiyar Talıbov çıxışında “Xaş-xaş–2026” şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər planının hazırlandığını, planın icrası məqsədilə işçi qruplarının yaradıldığını və tədbirlərin davam etdirildiyini bildirmişdir. O, narkotik tərkibli bitkilərin qanunsuz əkini və yabanı halda bitdiyi ərazilərin aşkar edilərək məhv olunması istiqamətində yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin və digər qurumların polis orqanları ilə sıx əməkdaşlığının vacibliyini qeyd etmişdir.

    Tədbirdə çıxış edən Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin texniki əmək müfəttişi Əhməd Əmirbəyov narkotik vasitələrin qanunsuz dövriyyəsinə şərait yaradan amillərin öyrənilməsi, qabaqlayıcı tədbirlərin həyata keçirilməsi və maarifləndirmə işlərinin gücləndirilməsinin əhəmiyyətindən bəhs etmişdir. O, həmçinin narkomanlığın zərərli nəticələri və onunla mübarizə yolları barədə yerli və respublika mətbuatında mütəmadi materialların dərc edilməsinin vacibliyini vurğulamışdır.

    Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin hüquq müfəttişi Məhəmməd Kazımov isə çıxışında narkomaniyanın təkcə fiziki deyil, eyni zamanda psixoloji asılılıq yaradan ciddi sosial problem olduğunu bildirmişdir. O qeyd etmişdir ki, narkotik vasitələr insanın iradəsini zəiflətdiyindən, bu asılılıqdan qurtulmaq hər zaman asan olmur və bu səbəbdən narkomanlığa qarşı mübarizə cəmiyyətin bütün təbəqələrinin birgə fəaliyyəti ilə aparılmalıdır.
    Seminarın sonunda iştirakçılara “Narkotiklərə yox deyək” mövzusunda videoçarx nümayiş etdirilmiş, narkotik vasitələrin yaratdığı ağır fəsadlar və sağlam həyat tərzinin üstünlükləri barədə ətraflı məlumat verilmişdir.     
                                                                                   

                                                                                               
    PAYLAŞ:

    Oxşar xəbərlər