Müstəqilliyimizin Qurtuluş Tarixi

Müstəqilliyimizin Qurtuluş Tarixi
  • Cəmiyyət

  • Tarixin bu günü – xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqilliyimiz qorunub saxlanıldı və onun davamlı inkişafının təməli qoyuldu. Bu gün biz bu tarixi Qurtuluş Gününü ərazi bütövlüyünü tam bərpa etmiş, qalib bir dövlətin vətəndaşları kimi qeyd edirik. 15 İyun - Milli Qurtuluş Günü Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 1997-ci il iyunun 27-də rəsmiləşdirilmişdir. Milli Məclisin həmin tarixi qərarında deyilir:

    “Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında, “ömrümün qalan hissəsini də xalqıma qurban verirəm” deyib meydana atılan böyükürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi”.

    Milli Məclisin həmin tarixi qərarında vurğulandığı kimi, Heydər Əliyev Azərbaycanı və Azərbaycan xalqını məhv olmaqdan qurtarmaq üçün öz ömrünü xalqına həsr etdi. Bu ağır mərhələ, Azərbaycanın bir dövlət, azərbaycanlıların isə bir millət olaraq gələcək varlığı məsələsinin həll edildiyi dövr idi. 1991-ci ildən 1993-cü ilin iyun ayına qədər ölkədə ciddi hakimiyyətsizlik, xaos və hərc-mərclik hökm sürürdü. 

    Azərbaycanın müxtəlif bölgələrində xarici qüvvələrin maraqlarına xidmət edən separatizm meyilləri güclənir, hakimiyyət iddiasında olan qruplaşmalar arasında silahlı toqquşmalar baş verir, xalqımız isə torpaqlarımızın müdafiəsi uğrunda Ermənistan silahlı birləşmələrinə qarşı kortəbii şəkildə mübarizə aparırdı. Qanun pozuntuları və cinayətkarlıq adi hala çevrilmiş, iqtisadiyyat tamamilə çökmüş, elm, təhsil və mədəniyyət diqqətdən kənarda qalmışdı. Azərbaycan sürətlə parçalanmaya və məhvə doğru sürüklənirdi. 1993-cü ilin iyununda baş verən Gəncə hadisələri ölkənin vətəndaş müharibəsinin astanasında olduğunun bariz göstəricisi idi. məhz belə bir tarixi məqamda Azərbaycan xalqı öz taleyüklü seçimini etdi. Xalqımız dünyaşöhrətli siyasi xadim Heydər Əliyevi köməyə çağırdı və ölkənin idarəçiliyini Ona etibar etdi. Yaranmış xaosdan çıxış yolu tapa bilməyən o vaxtkı iqtidar nümayəndələri də xalqın təkidli tələbi qarşısında geri çəkilərək, Ulu Öndərdən hakimiyyətə qayıtmasını dəfələrlə xahiş etdilər. Ömrünü Azərbaycana həsr etmiş böyük lider xalqın səsinə səs verərək 1993-cü il iyunun 9-da Bakıya gəldi.

    Qədirbilən xalqımız elə həmin gündən öz liderinin ətrafında sıx birləşdi. Müdrik dövlət xadimi 6 gün sonra – 15 iyun tarixində Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu tarixi qayıdış Milli Qurtuluşa çevrilərək ölkəni parlaq gələcəyə doğru apardı. Heydər Əliyev həmin il iyunun 24-dən etibarən Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etməyə başladı. Artıq bütün dünya Azərbaycan rəhbərliyində Heydər Əliyev fenomenini, Onun idarəçilik məharətini və xalqla birliyindən doğan gücü görür, bu güclə hesablaşmağa məcbur olurdu. Xalqımız Heydər Əliyevin müstəqil və demokratik dövlət başçısı kimi fəaliyyətini tam dəstəkləyir və tezliklə prezident seçkilərinin keçirilməsini istəyirdi. 1993-cü il oktyabrın 3-də keçirilən ümumdünya səsverməsi nəticəsində Ulu Öndər Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu hadisə ilə ölkənin siyasi, hüquqi, iqtisadi və sosial əsasları yenidən quruldu.

    Müdrik rəhbərliyin nəticəsi olaraq, prezident seçkilərindən cəmi yeddi ay sonra – 1994-cü il mayın 12-də cəbhədə atəşkəs əldə olundu. Bu addım ölkədə köklü islahatların aparılması və sosial-iqtisadi inkişafın təmini üçün əlverişli mühit yaratdı. Sonrakı proseslər göstərdi ki, Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində milli iqtisadiyyatın qurulması prosesi sistemli və bir-birini tamamlayan ardıcıllıqla reallaşdı. Atəşkəsin əldə olunmasından keçən qısa müddət ərzində dünya dövlətləri Azərbaycandakı sabitliyə, sülh mühitinə və etibarlı tərəfdaşlıq potensialına tam əmin oldular. Müstəqilliyin cəmi üçüncü ilində – 20 sentyabr 1994-cü ildə Azərbaycan Respublikası tarixi “Əsrin Müqaviləsi”ni imzalayaraq ABŞ, Rusiya, Türkiyə, Yaponiya, Səudiyyə Ərəbistanı, Böyük Britaniya və Norveç kimi dövlətlərin aparıcı şirkətləri ilə beynəlxalq tərəfdaşa çevrildi. Bu qlobal hadisə öz böyük mahiyyəti ilə tarixə "Heydər Əliyevin neft strategiyası" olaraq yazıldı.


    Nahid Rəhimov, 
    Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Masallı filialının sədri
    PAYLAŞ:

    Oxşar xəbərlər