Xalqın xilasına yönələn dahi

Xalqın xilasına yönələn dahi
  • Cəmiyyət

  • Heydər Əliyev Azərbaycan xalqının böyük oğludur. XX əsr, eyni zamanda, Azərbaycan xalqına  Ulu Öndər kimi müdrik zəka sahibi, polad iradəli, dünya şöhrətli bir siyasətçi bəxş etmişdir.
             
    O,  10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olub, lakin İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməmişdi.
           
    1949-1950-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Leninqraddakı  Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil aldıqdan sonra, 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi təyin edilib. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib

    Ümumiyyətlə, ulu öndərin Azərbaycana rəhbərliyi dövrünü üç mərhələyə bölmək olar. Bu, onun Sovet dönəmində Azərbaycana rəhbərliyi, Moskva dövrü və sonuncu müstəqillik illərini əhatə edir.
     Hələ Sovet dönəmində, 60-cı illərin sonunda onun dövlət təhlükəsizlik orqanlarının rəhbərliyindən Azərbaycan Kommunist
    Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçilməsi ilə geridə qalmış Azərbaycan iqtisadiyyatında, sənayesində, kənd təsərrüfatında əmələ gələn dirçəliş, milli-mənəvi dəyərlərimizə, dilimizə, hardasa dinimizə qayıdış, gənclərin tərbiyə və təhsilinə verilən önəm, onların ölkədən kənar ali təhsil ocaqlarına, eyni zamanda ehtiyac olan sahələr üzrə mütəxəssislər yetişdirilməsi üçün göndərilməsi və mühüm iri sənaye müəssisələrinin yaradılması, onun dərin zəkası, fitri istedadı, yüksək işgüzarlığı və gərgin əməyinin məhsulu olmuşdur.
     Ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyi dövründə Azərbaycan SSRİ-nin tərkibində “müstəqil, suveren” respublika hesab edilirdi. Həmin dövrdə respublikamız İttifaq hakimiyyətinin tabeçiliyində olsa da, Heydər Əliyev zəkasının qüdrəti, dövlət idarəçiliyində təşkilatçılıq bacarığı, ölkənin iqtisadiyyatını tənəzzüldən qurtardı, geridə qalmış respublikanı qabaqcıllar sırasına çıxardı. Ölkədə qayda-qanun, ciddi nizam-intizam yaradıldı. Onun uzaqgörənliyi nəticəsində həmin dövrdə elə işlər görülürdü ki, onlar Azərbaycanın sonrakı iqtisadi-siyasi həyatının inkişafında təməl rolunu oynadı.

    Ulu öndərin təşkilatçılıq bacarığını, işgüzarlığını, təşəbbüskarlığını və partiya işçisi kimi yüksək şəxsi keyfiyyətlərini görən ittifaq rəhbərliyi onu Moskvaya dəvət edib, yüksək vəzifəyə - Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə təyin etdi. Tərkibində olduğumuz 70 ildə ulu öndər Heydər Əliyev ittifaq hakimiyyətində yüksək vəzifə alan  ilk azərbaycanlı idi.
    Bildiyimiz kimi, Nazirlər Soveti sədrinin birinci müavini kimi Heydər Əliyevə ən çətin və mürəkkəb sahələrin idarəçiliyi (kuratorluğu) verilməsinə baxmayaraq, o, bütün işlərin öhdəsindən bacarıqla, ləyaqətlə gələrək tez bir zamanda nəinki Rusiyada, digər respublikalarda da tanınaraq böyük nüfuz qazanmış, Azərbaycanın və xalqımızın qürur mənbəyinə çevrilmişdi.

    Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdi.
           
    Bir müddət sonra ulu öndər Azərbaycanın bir hissəsi olan Naxçıvana pənah gətirmişdir. Naxçıvan əhalisi öz keçmiş rəhbərini böyük məhəbbət və qayğı ilə əhatə etmiş və təkidli tələblə onu Naxçıvan MR-in Ali Məclisinə sədr seçmişdi. O, buna razılıq vermədikdə hətta Ali Məclisin iclasları bir neçə dəfə təxirə salınmışdır. Ulu öndərin Ali Məclisə seçilməsi ilə o illərdə bütün ölkəmizdə olduğu kimi, Naxçıvanda da hökm sürən hakimiyyət böhranına son qoyuldu. Artıq bu illərdə Heydər Əliyev şöhrətli bir siyasətçi və şəxsiyyət kimi, demək olar ki, bütün dünyada tanınırdı. Heydər Əliyevə olan hörmət və rəğbətin nəticəsi olaraq qardaş Türkiyə Respublikasının o vaxtkı Prezidenti Süleyman Dəmirəl tez bir zamanda Naxçıvana səfər edərək ulu öndərlə görüşüb, işgüzar əlaqələr yaratmaqla Muxtar Respublikanın hər cür ərzaqla təmin olunmasında yardımçı olmuşdu.

    Türkiyə tərəfi özünün İqdır əyalətini Sədərəklə birləşdirən nəhəng körpü salmış, Süleyman Dəmirəl Naxçıvana gələrək, şəxsən körpünün açılışında iştirak etmişdir. Bu körpüyə haqlı olaraq “Ümid” körpüsü adı verilmişdir. Bu körpünün Naxçıvan əhalisinin təminatında böyük rolu olmuş və həqiqətən də naxçıvanlıların ümidlərini doğrultmuşdur. O illərdə Naxçıvan MR-in Şahbuz və Sədərək rayonlarının əhalisi də bədnam ermənilərin hücumuna məruz qalırdı. Hətta döyüşlərdə yaralanmış əsgərlər bu yolla Türkiyənin xəstəxanalarına müalicə üçün göndərilirdi.
     
    Heydər Əliyevin nüfuzuna hörmət əlaməti olaraq ABŞ-ın o vaxtkı Prezidenti Bill Klinton Azərbaycandakı səfirliyi vasitəsi ilə Naxçıvanla əlaqə yaradaraq bir təyyarə dava-dərman, sarğı materialları və digər zəruri tibbi ləvazimatlardan ibarət yardım göndərmişdir. Beləliklə, ulu öndərin iqtisadi-siyasi fəaliyyəti və qonşu dövlətlərin köməyi nəticəsində blokada şəraitində yaşayan Naxçıvan tədricən dirçəlməyə başladı.

    Elə bu illərdə ulu öndərin soy-kökümüzə, milli dəyərlərimizə bağlılığı və demokratik düşüncə tərzi Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması və Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzlərindən biri olan üçrəngli bayrağın Ali Məclisin iclas zalına gətirilməsi Muxtar Respublikanın dövlət rəmzlərindən biri kimi qəbul edilməsi ilə öz təsdiqini tapdı.

    90-cı illərin əvvəllərində ölkəmizin üstünü qara buludlar almışdı. Ölkə xaos, anarxiya girdabına salınmışdı. Cəbhədəki uğursuzluqlar, daxildəki siyasi və hərbi qarşıdurmalar yenicə müstəqillik qazanmış respublikamızı vətəndaş müharibəsi astanasına sürüklədi. Təkcə onu demək kifayətdir ki, 1990-93-cü illər ərzində üç nəfər dövlət başçımız (Ə.Vəzirov, A.Mütəllibov və Ə.Əliyev) dövlət idarəçiliyini, Prezident kürsüsünü və ölkəni başsız qoyub qaçmışlar.
    Ardıcıl olaraq baş vermiş “kürsüdən qaçmalar” bir daha sübut etdi ki, yüksək kürsü hər kəsə şərəf gətirib onun nüfuzunu artırmır, əksinə, kürsünü bəzəyən və şərəfləndirən insan özü olur.

    Azadlıq hərəkatı dalğasında hakimiyyətə gəlmiş AXC-Müsavat cütlüyünün bir illik səriştəsiz rəhbərliyi nəticəsində müstəqilliyimiz süquta uğramaq təhlükəsilə üzləşdi. Şimalda və cənubda baş qaldıran separatizm ölkəni parçalamağa doğru aparırdı. Gəncə hadisələri, Əlikram Hümbətov və Surət Hüseynov faktorları vəziyyəti son dərəcə gərginləşdirmişdi.
     4 iyun 1993-cü ildə Gəncə şəhərində baş vermiş hadisələr, qardaş qanı axıdılması isə dövləti tam iflic vəziyyətinə salmışdı.

    Xalq Naxçıvanda yaşayan ulu öndər Heydər Əliyevə üz tutdu, onun xilaskar qüdrətinə bel bağladı. Maraqlıdır ki, həmin vaxt AXC-Müsavat iqtidarı da ulu öndəri Bakıya dəvət edir və xilas yolunu yalnız onun siyasi hakimiyyətə qayıdışında görürdü.

    Xalqın təkidli çağırışı ilə ulu öndər Heydər Əliyev 9 iyun 1993-cü ildə Bakıya gəldi və mətbuat nümayəndələrini ətrafına yığıb Gəncə şəhərinə yollandı. Gəncə qarşıdurmasının nəticələrini görüb, məsləhət və tövsiyələrini verib geri qayıtdı. Milli Məclisdə yaranmış vəziyyətdən çıxış yolları barədə geniş məruzə etdi. Elə həmin gün Milli Məclisdəki proqram xarakterli nitqində o, Azərbaycanın demokratik dövlət quruculuğunun gələcək inkişafının prioritet istiqamətlərini müəyyən edərək göstərdi ki: “Biz Azərbaycanda demokratik, müstəqil respublika quraraq, sivilizasiyalı cəmiyyət uğrunda mübarizə apararaq, ümumi, dünyəvi, bəşəri dəyərlərin hamısından istifadə etməliyik. Biz çalışmalıyıq ki, Azərbaycan uzun illərdən bəri, müstəqilliyini qazandıqdan sonra bütün dünyaya öz tarixi nailiyyətlərini, öz milli ənənələrini nümayiş etdirə bilsin. Güman edirəm ki, Azərbaycan xalqının bu barədə həm tarixi, həm müasir potensialı olduqca böyükdür. Bunların hamısından səmərəli istifadə olunarsa, Azərbaycan həm tam demokratik, hüquqi, həm də ümumbəşəri dəyərlərin əsasında qurulan demokratik bir cəmiyyət olacaq”. Bununla da xalqın ürəyində bir ümid çırağı yandırdı və yalnız bu dünya şöhrətli siyasətçinin ölkəmizi düşdüyü vəziyyətdən çıxaracağına ümid yarandı. 

    O, 1993-cü il iyunun 15-də Milli Məclisdə yekdil səslə və alqış sədaları altında Ali Sovetə sədr seçildi və 3 oktyabr prezident seçkilərinədək bu vəzifədə işlədi. Bu seçim Azərbaycanın siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu.
     1997-ci il 27 iyunda Milli Məclisin qərarı ilə 15 iyun günü rəsmi olaraq Azərbaycan xalqının “Milli Qurtuluş Günü” kimi qəbul edildi. Bu tarixi qərarda deyilirdi ki, “Azərbaycan xalqının azadlığını, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin bir vəzifəni könüllü olaraq öz üzərinə götürüb, xilaskarlıq missiyasını şərəflə yerinə yetirdi. Bu, sözün əsl mənasında, “ömrümün qalan hissəsini də xalqıma qurban verirəm” deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi.
     Ulu öndərin yenidən hakimiyyətə qayıdışı ölkəmizdə bütün sahələrdə geriləmənin qarşısını aldı, dövlətimizi dağılmaqdan, beynəlxalq təcriddən, anaları oğulsuz qalmaqdan, gəncləri həyatını itirməkdən, hakimiyyəti zorla devirmək tendensiyasından, cəmiyyəti xaos və anarxiyadan xilas etdi. Ulu öndər öz gəlişi ilə Azərbaycanın yeni dövr üçün demokratik inkişaf modelini müdrikliklə irəli sürdü. Lakin Heydər Əliyevin dərin zəkası, güclü siyasi fəhmi, polad iradəsi və dövlətçiliyi idarəetmədə fitri istedadı qısa zaman kəsiyində tarixin axarını dəyişdi və bədbin proqnozların əksini sübut etdi.
     
    Çox çəkmədi ki, ulu öndər gecəsini gündüzünə calayıb ölkənin daxili və xarici siyasət kursu ətrafında milli həmrəyliyi təmin etdi, daxili siyasi təhlükəsizlik vəziyyətini sabitləşdirdi, nizami ordu yaratdı, nəticədə düşmənə sarsıdıcı zərbələr endirildi və Ermənistan atəşkəsə vadar edildi.

    Çox çətinliklə də olsa, yalnız ulu öndərin sayəsində müstəqilliyimiz qorunub saxlanıldı. Tarixin acı təcrübəsindən məlumdur ki, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq və əbədiləşdirmək ondan qat-qat çətin və mürəkkəbdir.

    Heydər Əliyev tərəfindən 10 ildə bir əsrə bərabər iş görülmüşdür. Lakin qeyd olunmalıdır ki, O, ikinci dəfə hakimiyyətə gələndə dövlətin büdcəsi boş idi. Məhz bu səbəbdən ölkənin iqtisadi vəziyyətini dirçəltmək üçün O, bütün maneələrə baxmayaraq, 1994-cü ilin oktyabrında neft yataqlarının işlənməsi ilə bağlı xarici investorlarla “Əsrin müqaviləsi”ni imzaladı. 1995-ci ildən başlayaraq iqtisadiyyatda, mədəniyyətdə, mənəviyyatda dirçəliş dövrü yaşandı. Azərbaycanın dünya birliyinə fəal inteqrasiyası təmin edildi.
    1998-ci ildə Ulu Öndər yekdilliklə yenidən Azərbaycan prezidenti seçildi.Onun Azərbaycan üçün etdikləri,mirası əbədiyaşardır.




    Fəyyazzadə Tural,
    Tatyan kənd ümumi orta məktəbi

    PAYLAŞ:

    Oxşar xəbərlər