Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni mərhələ

Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni mərhələ
  • Cəmiyyət

  • 2026-cı il martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri zamanı mühüm bəyanatla çıxış etmişdir. Bu səfər Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi və iqtisadi əlaqələrin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Prezident çıxışında Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın son illərdə daha da genişləndiyini vurğulamışdır. O qeyd etmişdir ki, Azərbaycan Avropa üçün etibarlı və məsuliyyətli tərəfdaşdır. Xüsusilə enerji sahəsində əməkdaşlıq bu münasibətlərin əsas istiqamətlərindən biri hesab olunur. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

     Prezident həmçinin qeyd etmişdir ki, ölkəmiz enerji resurslarının ixracı ilə yanaşı, bərpa olunan enerji sahəsində də yeni layihələr həyata keçirir.
    Dövlət başçısı çıxışında nəqliyyat və logistika sahəsində əməkdaşlıq məsələlərinə də toxunmuşdur. O bildirmişdir ki, Azərbaycan öz strateji coğrafi mövqeyi sayəsində Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat qovşağına çevrilmişdir. Bu baxımdan beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı həm region, həm də Avropa üçün böyük əhəmiyyət kəsb edir. Prezident vurğulamışdır ki, Azərbaycan bu layihələrin həyata keçirilməsində fəal iştirak edir və regionda iqtisadi əməkdaşlığın güclənməsinə töhfə verir.
    İlham Əliyev öz bəyanatında regionda sülh və sabitliyin təmin edilməsinin vacibliyini də xüsusi qeyd etmişdir. O bildirmişdir ki, Azərbaycan Cənubi Qafqazda davamlı sülhün və əməkdaşlığın tərəfdarıdır. Prezident hesab edir ki, regionda sabitlik və qarşılıqlı anlaşma bütün ölkələrin inkişafına xidmət edir. Bu baxımdan Avropa İttifaqı ilə siyasi dialoqun genişləndirilməsi mühüm rol oynaya bilər.

    Görüş zamanı iqtisadi əməkdaşlıq, investisiya imkanları və müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsi məsələləri də müzakirə edilmişdir. Prezident qeyd etmişdir ki, Avropa şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir və ölkəmizin iqtisadi inkişafına töhfə verir. Bu əməkdaşlıq qarşılıqlı fayda və bərabər tərəfdaşlıq prinsiplərinə əsaslanır.

    Sonda Prezident vurğulamışdır ki, Azərbaycan Avropa İttifaqı ilə münasibətlərin daha da inkişaf etdirilməsində maraqlıdır. O bildirmişdir ki, qarşılıqlı hörmət və etimad əsasında qurulan əlaqələr gələcəkdə daha geniş əməkdaşlıq imkanları yaradacaqdır. Bu səfər və verilən bəyanat Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir.


    Aybəniz Novruzova, 
    Masallı RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər sektorun aparıcı məsləhətçisi
    PAYLAŞ:

    Oxşar xəbərlər