Professor Osman Fikri Sertkaya: “Türk dünyasının qəlbi Bakıdır”

Professor Osman Fikri Sertkaya: “Türk dünyasının qəlbi Bakıdır”
  • Cəmiyyət

  • Fevralın 27-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasının Böyük akt zalında “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfransın təntənəli açılış mərasimi keçirilib. Konfransda iştirak edən Türkiyənin İstanbul Universitetinin professorları Osman Fikri Sertkaya və Ayşe Gül Sertkaya bizimlə öz təəssüratlarını bölüşüblər.

    Bakıya dəfələrlə səfər etdiklərini vurğulayan Ayşe Gül Sertkaya hər gəldiklərində paytaxtın daha da gözəlləşdiyinin şahidi olduqlarını, inşa edilən yeni binalar, aparılan restavrasiya işləri sayəsində şəhərin görünüşünün təmamilə dəyişdiyini, Bakının tam bir Qərb şəhərinə çevrildiyini qeyd edib.

    Azərbaycan Milli Elmlər Akademiyasında da dəfələrlə olduqlarını bildirən alim bir çox elm adamı ilə tanışlıqlarından və birgə əməkdaşlıq əlaqələrinin mövcudluğundan bəhs edib.

    Professor Osman Fikri Sertkaya isə hələ 38 il bundan əvvəl, 1988-cı ildə Türkiyə nümayəndə heyətinin rəhbəri olaraq, Bakıya ilk gəlişini xatırlayıb, həmin vaxt “Kitabi Dədə Qorqud” Kollokviumunun məhz Azərbaycanın paytaxtında təşkil olunmasından danışıb: “Bakıda, Azərbaycanda çoxsaylı elmi toplantılarda iştirak etmişəm. Bu il Bakıya ilk gəlişimin 38-ci ildönümüdür. Hələ 1987-ci ildə Moskvada bir çox tanınmış elm adamları ilə müzakirələr apararkən, məndən soruşdular ki, “Kitabi Dədə Qorqud” Kollokviumu harada keçirilsin, mən də cavab verdim ki, Bakıdan başqa bir yer düşünməyin. Türk dünyasının qəlbi Bakıdır.

    Daha sonra dastanın 1300 illik yubileyi ilə əlaqədar da Bakıda toplaşdıq, Heydər Əliyevi burada dinləmək şərəfi bizə nəsib oldu. Qeyd edim ki, Heydər Əliyevin çox gözəl nitqi vardı. Burada çox dost qazandıq, bir çoxu artıq aramızda yoxdur, onların əziz xatirələrini rəhmətlə anırıq. Hələ 1988-ci ildə Bəxtiyar Vahabzadəni görmək şərəfinə də nair olmuşuq. Çox xatirələrimiz var. Ən son itirdiyim azərbaycanlı dostum akademik Tofiq Hacıyev idi.

    İndi biz yenidən Bakıdayıq, bütün dostlarımızı yad edirik. Azərbaycanlı qardaşlarımıza sağlıqlı, xoşbəxt həyat arzulayıram, hər şey könlünüzcə olsun”.

    PAYLAŞ:

    Oxşar xəbərlər