AMEA Rəyasət Heyətində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda keçirilən beynəlxalq elmi konfrans öz işini panel iclasları ilə davam etdirib.
İclaslarda Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Rusiya, Macarıstan, Almaniya, Polşa və Gürcüstanı təmsil edən dilçilər, tarixçilər, etnoqraflar, ədəbiyyatşünaslar və mədəniyyət tədqiqatçıları türkologiya elminin aktual problemlərini müxtəlif elmi məktəblərin baxış bucağından təqdim ediblər.
Türk Dil Qurumunun rəhbəri, prof. Osman Mert və Xəzər Universiteti Tarix və arxeologiya departamentinin müdiri, dos. Telman Nüsrətoğlunun moderatorluğu ilə keçirilən “Əli Bəy Hüseynzadə” panelində “Bakı Türkoloji Qurultayının 100 illiyinə ərmağan: Türk Dünyası Rəqəmsal Kitabxanası - Turcology.com”, “Göktürk xaqanlığının quruluş mərhələləri və müasir Türk dünyasına təsirləri”, “Türkoloji Qurultayın iki vacib amili: Rus bolşevizmin "dünya proletar inqilabı" və Şərqdə "mədəni inqilab" xəyalı”, “Türkiyədə Attila və Avropa Hunları ilə bağlı aparılan tədqiqatların qiymətləndirilməsi”, “Divanü Lüğat-it-Türkə əsasən Argular və Arguca haqqında qiymətləndirmələr” və “Çarlıq və Sovet rejimlərində Rusiyanın Türk xalqlarına yönəlik müstəmləkəçi dil siyasəti” adlı məruzələr dinlənilib.
Türkiyənin Marmara Universitetinin professoru Okan Yeşilotun və Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədlinin moderator olduğu “Mahmud Qaşqarlı” adlı panel iclasında isə “Rusiyada türk xalqlarının mətbuatında ortaq ədəbi dilin istifadəsi (1883-1930-cu illər arasında)”, “Birinci Türkoloji Qurultay arxiv sənədlərində”, “Qurultaydan günümüzə qədər: Türk etimologiyası tədqiqatları”, “Türkoloji Qurultayın mədəniyyət müharibəsində yeri”, “Avrasiyanın tarixi coğrafiyasında toponimiya tədqiqatına təklif: Tabula (TIR və TIB) Nümunəsi” və “1926-cı il Bakı Türkologiya Konqresi: Türkologiyanın əhatə dairəsi və fənlərarası sərhədləri” adlı məruzələr təqdim olunub.
Məruzələrdə Birinci Türkoloji Qurultayın elmi irsi sistemli şəkildə yenidən dəyərləndirilib, müasir türkoloji tədqiqatlar üçün yeni metodoloji yanaşmalar irəli sürülüb.
Konfrans materiallarının toplu halında nəşr olunması planlaşdırılır.
Qeyd edək ki, “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfrans türkologiya elminin tarixi yaddaşının qorunması və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm elmi hadisədir.
Konfrans iştirakçıları fevralın 28-də Xəzər Universitetində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş simpoziumda iştirak edəcəklər.