Birinci Türkoloji Qurultay şübhəsiz ki, Türk dünyası üçün müstəsna əhəmiyyət kəsb edən tarixi bir hadisədir. Tam bir əsr əvvəl eyni sarayda, o dövrün ən çətin və mürəkkəb şərtləri daxilində Türk dünyasının görkəmli elm xadimləri bir araya gələrək milli varlığımızın ən fundamental məsələlərini gündəmə gətirmişdilər.
Bu fikri AMEA-da keçirilən “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfransda iştirak edən Mərmərə Üniversitetinin professoru, yazıçı İlyas Kemaloğlu bildirib. O deyib:
- Bu gün həmin tarixi salonda Türkiyədən, Azərbaycandan və digər türkdilli respublikalarından gələn nüfuzlu alimlərin yenidən toplaşması, ortaq dil, tarix və ədəbiyyat sahəsindəki ən aktual problemləri müzakirə etməsi mənəvi bir varislik nümunəsidir. Müasir dövrdə bu beynəlxalq konfransı yalnız elmi bir toplantı kimi deyil, həm də son illərdə bütün Türk dünyasını əhatə edən Türk Dövlətləri Təşkilatının fəaliyyəti və həyata keçirilən ortaq strateji layihələr çərçivəsində dəyərləndirmək zəruridir. İnanıram ki, Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən bu tarixi konfrans Türk dünyasında ümumi inteqrasiya prosesinə və gələcək birliyimizə əvəzsiz töhfələr verəcəkdir.