Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev-in sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib. Bu tədbir ölkənin rəqəmsal inkişaf strategiyasının növbəti mərhələsini müəyyənləşdirən mühüm hadisə kimi diqqət çəkir.
Dövlət başçısı çıxışında ölkədə informasiya texnologiyalarının mövcud vəziyyəti barədə iştirakçılara geniş məlumat verərək, rəqəmsal inkişafın prioritet məsələlərdən biri olduğunu vurğulayıb. Prezident bildirib ki, indiyədək bu sahədə müəyyən işlər görülsə də, qarşıdakı dövrdə rəqəmsal transformasiya əsas prioritetlər sırasında yer almalıdır. Bu, həm iqtisadi artımın sürətlənməsi, həm də idarəetmədə şəffaflığın və səmərəliliyin artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Müşavirədə proqram xarakterli çıxışdan sonra təqdimat üçün söz Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyev-ə verilib. Nazir ötən il nəqliyyat və informasiya-kommunikasiya texnologiyaları sahəsində qeydə alınmış artım göstəricilərini təqdim edib. O, həmçinin süni intellekt texnologiyalarının 2030-cu ilədək qlobal iqtisadiyyata təxminən 16 trilyon ABŞ dolları həcmində əlavə dəyər qazandıracağı proqnozunu diqqətə çatdıraraq, Azərbaycanın bu texnoloji trendlərə qoşulmasının vacibliyini vurğulayıb.
Dünyanın aparıcı güc mərkəzləri ilə tərəfdaşlıq ölkəmizi inkişafa aparan yoldurDərin təhlil əsasında, “yeni rəqəmsal arxitektura” anlayışı yalnız texniki infrastrukturun yenilənməsi ilə məhdudlaşmır. Bu, eyni zamanda rəqəmsal idarəetmə modelinin qurulması, məlumat təhlükəsizliyinin təmin edilməsi, süni intellekt və böyük verilənlər texnologiyalarının tətbiqi və insan kapitalının inkişaf etdirilməsi deməkdir. Rəqəmsal transformasiya həm iqtisadi artımı sürətləndirən amil, həm də milli təhlükəsizlik və dayanıqlılıq məsələsi kimi çıxış edir.
Qlobal miqyasda aparıcı güc mərkəzləri texnologiya üzərində formalaşdığı üçün Azərbaycanın bu istiqamətdə atdığı addımlar ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsinə xidmət edir. Rəqəmsal iqtisadiyyatın inkişafı investisiya cəlbediciliyini artırır, startap ekosisteminin formalaşmasına təkan verir və ölkəni regional texnoloji mərkəzə çevirmək potensialını gücləndirir.
Müşavirədə səsləndirilən fikir və hədəflər cəmiyyətdə böyük maraq doğurmuş, yerlərdə geniş müzakirələrə səbəb olmuşdur. Bu isə göstərir ki, rəqəmsal inkişaf artıq yalnız dövlət siyasəti deyil, eyni zamanda ictimai sifariş və sosial gözlənti səviyyəsinə yüksəlmişdir. Qarşıdakı mərhələdə əsas məsələ qəbul olunan strateji yanaşmanın konkret icra mexanizmləri ilə təmin olunması və davamlı nəticələrin əldə edilməsidir.
Səfalı Paşayev,Yap Masallı Rayon Təşkilatının sədr müavini