Akademik İsa Həbibbəyli türkiyəli arxeoloqlarla görüşüb

Akademik İsa Həbibbəyli türkiyəli arxeoloqlarla görüşüb
  • Cəmiyyət

  • Yanvarın 13-də AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi nəzdində fəaliyyət göstərən Türk Arxeologiyası və Mədəni Miras İnstitutunun başqanı prof. Dr. Şaban Doğan və nazirliyin mütəxəssisi, İqlim Fəaliyyəti Birliyinin üzvü, arxeoloq Burcu Bilirlə görüşüb.

    AMEA-nın Rəyasət Heyətində baş tutan görüşdə çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, bu gün ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən elmi, ədəbi, mədəni əlaqələr olduqca yüksəkdir və bu gün AMEA Türkiyənin TÜBİTAK, TÜBA, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu kimi aparıcı akademik təşkilatları və bir çox ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir. Akademik İsa Həbibbəyli, o cümlədən bu gün AMEA-nın Rəyasət Heyətinin binasında, AMEA-TÜBİTAK Koordinasiya Mərkəzinin, “Əziz Sancar şərəf otağı”nın, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Mehmet Akif Ərsoy Mərkəzinin fəaliyyət göstərdiyini deyib.

    Son dövrlərdə aparılan arxeoloji qazıntılar barədə məlumat verən akademik İsa Həbibbəyli ötən il AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları tərəfindən Qarabağda, Xocalı, Ağdam və Əsgəranda da qazıntı işlərinin aparıldığını, həmin işlərlə yerindəcə tanış olduğunu, gələcəkdə Laçın və Kəlbəcərdə də qazıntıların nəzərdə tutulduğunu söyləyib. AMEA rəhbəri, həmçinin arxeoloq alimlərin ötən il Türkiyədə arxeoloji qazıntılarda da iştirak etdiklərini diqqətə çatdırıb, institutda ingilisdilli jurnalın fəaliyyət göstərdiyini, gələcəkdə birgə aparılacaq tədqiqatların nəticələrinin bu nəşrdə çap edilə biləcəyini deyib. Bundan əlavə, qeyd edib ki, cari ildə aparılacaq tədqiqatlara fərqli sahələrin mütəxəssisləri də cəlb olunacaq və multidissiplinar yanaşmalar tətbiq ediləcək.

    Akademik İsa Həbibbəyli, o cümlədən Akademiyada aparılan yeniləşmə islahatları və süni intellektə dair tədqiqatlar barədə danışıb, Arxeologiya və Antropologiya İnstitutunda rəqəmsal arxeologiya istiqamətində işlərin həyata keçirildiyini bildirib.

    AMEA rəhbəri Türk Arxeologiyası və Mədəni Miras İnstitutu ilə Arxeologiya və Antropologiya İnstitutunun arasında imzalanmış əməkdaşlıq memorandumunun gələcək birgə arxeoloji tədqiqatlara, ekspedisiyalara, layihələrə təkan verəcəyini vurğulayıb.

    Sonra çıxış edən Türk Arxeologiyası və Mədəni Miras İnstitutunun başqanı prof. Dr. Şaban Doğan rəhbərlik etdiyi institutun fəaliyyəti barədə məlumat verib. Diqqətə çatdırıb ki, qurumun əsas məqsədi Türkiyədən kənarda, əsasən türkdilli ölkələrdə, həmçinin Balkanlarda, Yaxın Şərqdə və s. Türk və İslam arxeologiyasına dair tədqiqatlar aparmaq, bu araşdırmaları təşviq etmək, onların nəticələrini dərc etmək, gələcək arxeoloqları yetişdirmək, akademik qurumları ilə əməkdaşlıq etməkdir. Alim artıq Monqolustanda və Qırğızıstanda tədqiqatların aparıldığını, bu il Azərbaycan, Qazaxıstan və Özbəkistana doğru arxeoloji araşdırmaları genişləndirmək istədiklərini bildirib. Həmçinin Türk dünyasının gənc arxeoloqlarının yay məktəbi çərçivəsində Türkiyədə aparılan qazıntılarla tanışlığa dəvət olunmasının planlaşdırıldığını diqqətə çatdırıb, görülən işlərin Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirildiyini vurğulayıb.

    Sonra çıxış edən AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev Türk Arxeologiyası və Mədəni Miras İnstitutunun ölkələrimiz arasında birgə arxeoloji tədqiqatlara təkan verəcəyini söyləyib. Qeyd edib ki, ilk növbədə Qarabağda və başqa bölgələrimizdə Türk və İslam mədəniyyətinə dair tədqiqatların aparılması planlaşdırılır. Həmçinin bildirib ki, əməkdaşlıq çərçivəsində türkiyəli mütəxəssislər tərəfindən Qarabağda dağıdılmış arxeoloji abidələrimizin elmi cəhətdən ekspertizasının aparılması nəzərdə tutulub.

    Çıxışlardan sonra qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib.

    PAYLAŞ:

    Oxşar xəbərlər