Bu gün Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, türkçülük məfkurəsinin böyük carçısı Əli bəy Hüseynzadənin baş redaktoru olduğu “Füyuzat” jurnalının 2007-ci ildə bərpa edilməsindən 19 il keçir.
Böyük mütəfəkkir Əli bəy Hüseynzadənin yaratdığı “Füyuzat” məcmuəsi dövrünün xeyriyyəçilik mücəssəməsi Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi ilə nəşr olunur, nəinki Azərbaycanda, hətta çar Rusiyasının bir çox şəhərlərinə, Türk dünyasının əsas fikir mərkəzlərinə yayılırdı.
Mətbuat tariximizdə xüsusi yeri olan, ətrafında Həsən bəy Zərdabi, Məhəmməd Əmin Rəsulzadə, Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Abbas Səhhət, Abdulla Şaiq, Abdulla Cövdət, Səid Səlmasi, İsmail bəy Qaspıralı, Həsən Səbri Ayvazov kimi dövrün tanınmış ziyalılarını toplamış “Füyuzat”ın xalqımızın ictimai fikir
tarixindəki önəmli rolu danılmazdır.
Dövrün çətin, repressiv şərtlərində “Füyuzat” jurnalının cəmi 32 sayı işıq üzü gördü. Milli fikirləri təbliğ etdiyi üçün müstəbid çar hökuməti jurnalın nəşr olunmasını qadağan etdi.
Mətbu irsimizin ayrılmaz parçası olan jurnal 2007-ci ilin yanvarın 7-dən Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu tərəfindən bərpa edildi. Tanınmış alim, professor Teymur Əhmədovun baş redaktorluğu ilə “Füyuzat”ın davamı kimi 33-cü nömrədən çap edilməyə başladı. 19 ildir yüksək poliqrafik keyfiyyətdə ardıcıl nəşr olunan müasir “Füyuzat” milli-mədəni, ictimai-siyasi, tarixi, mənəvi-əxlaqi mövzuları əhatə edir.
Eyni zamanda “Füyuzat” Azərbaycan jurnalistikasında yeni dərgiçilik dizayn tipoqrafiyası yaratmağa müvəffəq oldu.
Bu gün fəaliyyətini uğurla davam etdirən “Füyuzat” jurnalı millətimizin milli dəyərlərinə, irsinə, zəngin mədəniyyətinə, tarixi köklərinə bağlı qalmaq və bununla dövlətimizə, xalqımıza faydalı olmaq amalına sadiqdir. “Füyuzat” jurnalının tarix, vətənpərvərlik, Azərbaycanın görkəmli şəxsiyyətləri və milli-mədəni irsi, eləcə də mənəvi dəyərləri haqqında məqalələrdən ibarət nömrələri oxuculara təqdim olunur.
Bu gün “Füyuzat” jurnalı çağımızın tələblərini nəzərə almaqla yeniliklər etməyə davam edir. Belə ki, jurnalın artıq vebsaytı – “fuyuzat.az” fəaliyyət göstərməklə bərabər, “FUYUZAT tv” internet televiziyası da oxucu və izləyicilərin görüşünə gəlir.
Əlavə edək ki, dərginin daimi yazarlarının məqalələrindən tərtib edilmiş “Füyuzat”dan kitablar silsiləsinə isə doqquz: Muxtar Cəfərlinin “İdrak işığı”, “Azərbaycan elm və irfan sərdarları”, eləcə də “Qəlbini nəsihətlə dirilt”, Müzadil Zauroğlunun “Cavad xan oğlu Uğurlu xanın hekayəti”, Qərənfil Dünyaminqızının “Füyuzatçılar”, Əli bəy Hüseynzadənin seçilmiş yazılarının toplandığı “Nicat məhəbbətdədir”, Könül Bünyadzadənin “Könül dünyası”, Ağa Hacıbəylinin “Səadət ocağı ailə” və Vüqar Adilin “Görünməyən gerçəklər” kitabları daxildir.