MİMTA Yayımları müəllif və redaktor kollektivi ilə görüş keçirib
Bu gün "Litera" kitab evində MİMTA Yayımlarının müəlliflər və redaktorlarla görüş günü baş tutub.
Tədbirin açılışını kitab blogeri Sərxan Rüstəmov edib. O, görüşün məqsədi haqqında məlumat verməklə yanaşı, MİMTA Yayımlarının öz yazarlarına xüsusi diqqət və qayğısından bəhs edib.
MİMTA Fondunun icraçı direktor müavini Kənan Şabiyev: “MİMTA Yayımları 2020-ci ildə təsis edilib və bu vaxta qədər yüksələn templə öz nəşrlərini davam etdirir. Artıq nəşriyyatın 100 adda müxtəlif istiqamətli kitabları mağazalarda oxucu istifadəsinə təqdim olunur.
MİMTA Yayımlarının direktoru Əsəd Aslanoğlu çıxışında nəşriyyatın üslubundan, kriteriyalarından gələcək planlarından bəhs edərək bildirib:
"Biz daim inanmışıq ki, maariflənmə cəmiyyətin inkişafı və dirçəlməsi üçün ən ideal yoldur. Düşünürəm ki, biz hələ yolun başlanğıcındayıq. Bu yolda addımladıqca insan çox şey öyrənir. Biz bir ailə kimi bir bütöv olaraq çalışırıq; hər kəs buraya öz payını, öz işığını qatır. Biz heç kimlə rəqabət aparmaq istəməmişik, sadəcə öz yolumuzda ən yaxşı olmağa çalışmışıq. Azyaşlı nəşriyyat olsaq da, gələcəkdə böyük və zəngin bir kataloq formalaşdırmağı hədəfləyirik".
Beynəlxalq ədəbiyyat agenti Xəyalə Murad da öz düşüncələrini paylaşıb: "MİMTA yayımları hər zaman öz fərqini ortaya qoyur, xüsusilə kitabların dizaynı təqdirə layiqdir. Biz İntrotema agentliyi olaraq MİMTA ilə tərəfdaşlıq edirik və burada nəşr olunan kitabların müəlliflik hüquqlarını müxtəlif yerli və beynəlxalq sərgilərdə təbliğ və təmsil edirik. Artıq bu sahədə uğurlarımız da var".
Görüş zamanı müəlliflərin yaradıcılığı, nəşr prosesi və müasir ədəbiyyatın inkişaf istiqamətləri ətrafında müzakirələr aparılıb, gələcək planlar danışılıb.
Qeyd edək ki, tədbirdə MİMTA Yayımlarının əməkdaşları, redaktorlar, korrektorlar, yazarlar və kitabsevərlər iştirak ediblər.
