Azərbaycan dövlətçiliyinin formalaşması və müasir inkişaf səviyyəsinə yüksəlməsi milli tariximizin ən mühüm səhifələrindən biridir.
Xalqımızın əzəli arzusu olan müstəqillik, suverenlik və demokratik dövlət quruculuğu ideyalarının reallaşmasında Azərbaycan Respublikasının Konstitusiyası, eləcə də bu istiqamətdə həyata keçirilən hüquqi və siyasi islahatlar xüsusi əhəmiyyət daşıyır. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi isə dövlətçilik fəlsəfəsinin, hüquqi islahatların və milli müstəqilliyin daha da möhkəmləndirilməsi baxımından mühüm addımdır.
Bu mənəvi və siyasi proseslərin mərkəzində isə Azərbaycan dövlətçilik ideologiyasının banisi, müasir müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin müstəsna rolu, həmçinin bu xəttin uğurla davam etdirilməsini təmin edən Prezident İlham Əliyevin möhkəm siyasi iradəsi dayanır.
Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın hüquqi-siyasi sisteminin qurulmasının ideya müəllifi və baş memarıdır. Dövlətçilik tariximizdə dönüş yaradan əsas hadisələrdən biri 12 noyabr 1995-ci ildə Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının qəbul edilməsi olmuşdur. Bu tarixi hadisə xalqın iradəsinin təzahürü olmaqla yanaşı, respublikamızda hüquqi dövlət quruculuğunun təməl daşını qoydu.
Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Konstitusiya ölkəmizin demokratik inkişaf modelini müəyyənləşdirdi, hakimiyyət bölgüsü prinsiplərini təsbit etdi, insan hüquq və azadlıqlarını dövlətin ali məqsədi kimi təqdim etdi. Məhz bu hüquqi sənəd Azərbaycanı beynəlxalq aləmdə müasir, sivil dövlət kimi tanıtdı və sonrakı sosial-iqtisadi islahatlar üçün möhkəm baza formalaşdırdı.
Ulu Öndərin müəyyən etdiyi strateji xətt suverenliyin qorunmasını, dövlət müstəqilliyinin dönməz xarakter daşımasını, təhlükəsizlik və sabitliyin etibarlı şəkildə təmin edilməsini qarşıya əsas məqsədlər kimi qoyurdu. Heydər Əliyevin sözləri bu gün də milli dövlətçilik fəlsəfəmizin rəmzidir: “Müstəqilliyi qorumaq onu əldə etməkdən daha çətindir.”
Prezident İlham Əliyevin rəhbərliyi ilə Konstitusiya və suverenlik ənənələrinin daha da gücləndirilməsi 2003-cü ildən başlayaraq yeni mərhələdə uğurla davam etdirilir. Onun həyata keçirdiyi genişmiqyaslı islahatlar ölkəmizin suverenliyinin möhkəmlənməsinə, siyasi sistemin təkmilləşdirilməsinə və hüquqi dövlət quruculuğunun inkişafına əhəmiyyətli töhfə verir.
Prezident İlham Əliyev milli Konstitusiyanın müddəalarını real siyasi və iqtisadi islahatlarla zənginləşdirərək onu yaşayışda tətbiq olunan effektiv mexanizmə çevirməyə nail olub. Bu çərçivədə dövlət idarəçiliyinin modernləşdirilməsi, yeni iqtisadi modelin tətbiqi, proqressiv sosial siyasət, məhkəmə-hüquq sistemində yenilənmə, vətəndaş məmnuniyyətinə əsaslanan idarəçilik fəlsəfəsi ölkəmizin suverenlik dayaqlarını daha da möhkəmləndirən əsas istiqamətlərdir.
2020-ci ildə əldə olunan Böyük Zəfər isə Azərbaycanın suverenliyinin tam bərpasının başlanğıcı oldu. Bundan üç il sonra, 2023-cü il sentyabrın 19-da həyata keçirilən və 23 saatdan bir qədər çox vaxt ərzində başa çatdırılan antiterror əməliyyatı ilə həm ərazi bütövlüyü, həm də tam suverenlik təmin edildi. Tarixi ədalətin bərpası, ərazi bütövlüyünün təmin edilməsi həm hüquqi, həm siyasi, həm də mənəvi baxımdan Konstitusiyamızın prinsiplərini tam şəkildə reallaşdırdı. Prezident İlham Əliyevin qətiyyətli liderliyi nəticəsində Azərbaycanın suverenliyi real məzmuna sahib oldu və beynəlxalq aləmdə ölkəmizin mövqeləri daha da gücləndi.
Ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli”nin elan olunması həm tarixi, həm hüquqi, həm də siyasi məna kəsb edir. Bu il konstitusional dəyərlərin təbliğini, hüquqi maarifçiliyin gücləndirilməsini, dövlət müstəqilliyi və suverenlik anlayışlarının gənc nəslə çatdırılmasını, dövlət idarəçiliyində şəffaflıq və səmərəliliyin artırılmasını, milli həmrəyliyin və vətəndaş birliyinin möhkəmləndirilməsini özündə ehtiva edir.
Bu təşəbbüs həm də Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsinə dərin hörmətin ifadəsidir. Çünki həmin Konstitusiya məhz onun uzaqgörənliyi ilə formalaşmışdır, suverenliyin qorunması isə onun müəyyən etdiyi strategiyanın nəticəsidir. Eyni zamanda, bu il Prezident İlham Əliyevin yürütdüyü siyasətin əməli nəticələrinin dəyərləndirilməsi, müasir dövlət modelimizin beynəlxalq səviyyədə tanınmasının bir göstəricisidir.
Azərbaycan Respublikasının Konstitusiyası və dövlət suverenliyi xalqımızın ən böyük milli nemətlərindəndir. Bu dəyərlərin qorunması və inkişaf etdirilməsi Ulu Öndər Heydər Əliyevin yaratdığı möhkəm təməllər, Prezident İlham Əliyevin qətiyyətli və ardıcıl siyasəti sayəsində mümkün olmuşdur.
“Konstitusiya və Suverenlik İli” isə Azərbaycan dövlətçiliyinin yeni mərhələyə qədəm qoyduğunu, hüquqi dövlət quruculuğu prosesinin daha da gücləndirildiyini, müstəqilliyimizin dönməz və əbədi xarakter aldığını bir daha təsdiqləyir.
Aytac Tağıyeva,
Qaradağ rayon Heydər
Əliyev Mərkəzinin böyük elmi işçisi