Yeni Azərbaycan Partiyasının 33 illik şərəfli və möhtəşəm inkişaf yolu

Yeni Azərbaycan Partiyasının 33 illik şərəfli və möhtəşəm inkişaf yolu
  • Cəmiyyət

  • Azərbaycanın siyasi meydanında xüsusi çəkisi olan, dövlətçilik təfəkkürünün inkişaf etdirilməsində müstəsna rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılmasından artıq 33 il keçir. Bu illər sadəcə bir siyasi təşkilatın fəaliyyəti ilə yox, həm də müstəqil Azərbaycan dövlətinin formalaşması, inkişafı və möhkəmlənməsi ilə paralel şəkildə yazılmış böyük tarixdir. 1990-cı illərin əvvəllərində ölkədə hökm sürən siyasi xaos, sosial böhran, parçalanma təhlükəsi və xarici təhdidlər fonunda Azərbaycan dövlətçiliyinin taleyi sual altında idi. Xalqın inamı sarsılmış, idarəetmədə qeyri-sabitlik hökm sürmüş, Ermənistanın davam edən təcavüzü isə vəziyyəti daha da gərginləşdirmişdi.

    Belə ağır bir dönəmdə Azərbaycan ziyalılarının, ictimai-siyasi xadimlərin Ümummilli Lider Heydər Əliyevə müraciəti xalqın gələcəyinə ümid işığı saldı. 91 nəfərin imzası ilə tarixə düşmüş bu müraciət Azərbaycanın siyasi taleyini dəyişən dönüş nöqtəsinə çevrildi. Naxçıvanda 1992-ci ilin noyabrında keçirilən təsis konfransı isə Yeni Azərbaycan Partiyasının yaranmasını rəsmiləşdirdi və Ulu Öndər Heydər Əliyev partiyanın sədri seçildi. Bu hadisə dövlətçiliyimizin xilasının başlanğıcı oldu.

    Heydər Əliyevin siyasi dühası, strateji baxışı və xilaskarlıq missiyası Azərbaycanı dağılmaqdan xilas etdi. Onun hakimiyyətə qayıdışı ilə ölkəyə sabitlik gəldi, dövlət institutları möhkəmləndirildi, ordu quruculuğuna xüsusi diqqət yetirildi və hüquqi dövlətin əsasları qoyuldu. Azərbaycanın beynəlxalq əlaqələri genişləndi, iqtisadi islahatlar başladı, neft strategiyası həyata keçirildi. Bakı-Tbilisi-Ceyhan kimi qlobal layihələrin təməli məhz həmin dövrdə qoyuldu. Heydər Əliyev Yeni Azərbaycan Partiyasını təkcə bir siyasi təşkilat kimi yox, dövlət idarəçiliyinin ideoloji dayağı kimi formalaşdırdı.

    Bu gün YAP-ın tarixinə nəzər salanda görürük ki, onun fəaliyyətində Heydər Əliyevin təməlini qoyduğu ideyaların ardıcıllığı, davamlılığı və inkişafı var. Bu ardıcıllığın ən parlaq daşıyıcısı isə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevdir. Onun rəhbərliyi altında Azərbaycan tamamilə yeni inkişaf mərhələsinə qədəm qoydu. Prezident İlham Əliyevin iqtisadi, siyasi, sosial, hərbi və diplomatik sahələrdə həyata keçirdiyi siyasət Azərbaycanı regionun lider dövləti edib.

    Bu inkişafın ən böyük zirvəsi şübhəsiz ki, 2020-ci ilin Vətən Müharibəsində əldə edilmiş tarixi Qələbədir. Prezident İlham Əliyevin güclü iradəsi, qətiyyəti, müdrik qərarları və ordu quruculuğunda gördüyü işlər nəticəsində Azərbaycan 44 gün ərzində işğal altındakı torpaqlarını azad etdi. Bu Qələbə həm də Heydər Əliyevin “Güclü dövlət, güclü ordu” fəlsəfəsinin uğurlu davamı idi. 2023-cü ildə keçirilmiş lokal antiterror tədbirləri nəticəsində isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa olundu.

    Azərbaycanın beynəlxalq miqyasda mövqeyi də son dövrlərdə ciddi şəkildə güclənmişdir. Prezident İlham Əliyevin apardığı çoxvektorlu xarici siyasət ölkəmizi dünyada etibarlı tərəfdaş, sülhün və əməkdaşlığın təşəbbüskarı kimi möhkəmləndirmişdir.

    Bu siyasətin ən əhəmiyyətli nümunələrindən biri isə 2024-cü ilin 8 avqustunda Prezident İlham Əliyevin Vaşinqtonda Ağ Evdə keçirilən yüksək səviyyəli görüşüdür.

    Bu görüş Azərbaycan diplomatiyasının tarixində çox mühüm hadisə kimi qiymətləndirilir. Ağ Evdə ABŞ rəhbərliyi ilə aparılan müzakirələr enerji təhlükəsizliyindən tutmuş regional sülh prosesinə, qlobal təhlükəsizlikdən iqtisadi əməkdaşlığa qədər geniş spektrdə məsələləri əhatə edirdi. ABŞ kimi qlobal güc mərkəzinin Azərbaycanı strateji tərəfdaş kimi qəbul etməsi, Prezident İlham Əliyevlə yüksək səviyyədə dialoq aparması ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir. Bu görüş Cənubi Qafqazda yeni reallıqlar fonunda Azərbaycanın lider mövqeyini daha da möhkəmləndirdi və göstərdi ki, Azərbaycan öz müstəqil siyasəti ilə dünya miqyasında söz sahibidir.

    Yeni Azərbaycan Partiyası bu müddət ərzində təkcə siyasi qurum olaraq deyil, həm də cəmiyyətin inkişafını təmin edən, dövlətçilik ideyalarını yaşadan, gəncləri və intellektual təbəqəni öz ətrafında birləşdirən böyük bir xalq hərəkatına çevrilmişdir. YAP gənc nəslin siyasi proseslərdə iştirakını genişləndirir, dövlət proqramlarının icrasında fəal rol oynayır, ictimai təşəbbüsləri dəstəkləyir və ölkənin sosial-siyasi həyatında aparıcı mövqeyini qoruyur.

    Bu gün Yeni Azərbaycan Partiyasının 33 illik tarixi həm Heydər Əliyevin dövlətçilik ideyalarının böyüklüyünü, həm də Prezident İlham Əliyevin bu ideyaları uğurla davam etdirərək Azərbaycanı qalib, güclü və nüfuzlu dövlətə çevirməsini sübut edir. Azərbaycanın gələcəyi Ulu Öndərin müəyyən etdiyi inkişaf yoluna, İlham Əliyevin qətiyyətli siyasətinə və xalqın birliyinə söykənir.

    Yeni Azərbaycan Partiyasının yaranmasının 33-cü ildönümü münasibətilə xalqımız bu şərəfli tarixi qürurla qeyd edir və gələcəyə böyük inamla baxır.


    Nuranə Davrinbəyova,
    Qaradağ rayon Heydər Əliyev Mərkəzinin kiçik elmi işçisi       
    PAYLAŞ:

    Oxşar xəbərlər