12 noyabr 2025-ci il tarixdə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin və Tovuz Rayon Mərkəzi kitabxanasının birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik ili" çərçivəsində "Kəlağayı Günləri - 2025" layihəsi üzrə Tovuz yazarlarından olan şairə Brilyant Atəşin "Nənəmin kəlağayısı" kitabının təqdimatı keçirilib.
Kitabda şairin son illərdə yazdığı esseləri, şəhidlərimizə həsr etdiyi şeirləri, milli dəyərlərimizin tərcümanı olan kəlağayı haqqında şeirləri cəm olub.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Mirvarid Dilbazi Poeziya Məclis İctimai Birliyinin sədri, Kəlağayı ev Muzeyinin direktoru şair, publisist Güllü Eldar Tomarlı çıxış edərək bildirdi ki, Vətənə, ilahi sözə ləyaqətli xidməti olan, el-obasının sevinci, qəmi ilə nəfəs alan Brilyant Atəşin bu kitabında son illərdə yazdığı şeirlər toplanıb. Doğulduğu, boya-başa çatdığı, müəllim kimi şərəfli işlə məşğul olduğu ərazinin söz mühiti onun yaradıcılığını cilaladığını vurğulayıb.
Tovuz rayon mərkəzi kitabxanasının direktoru Güldərən İbrahimova öz çıxışında bildirdi ki, milli dəyərlərimizin təbliğatı mədəniyyətimizin inkişafına yaxşı təsir edir. Bu yöndə tədbirlər keçirilməyi çox vacibdir.
Tədbirdə Nazim Əhmədoğlu, Zəkiyyə Musaqızı, Vaqif Qədirzadə, Lətif Əzizoğlu və digər şairlər, şəhid Cilingir Nəbiyevin anası Xatirə xanım Məmmədova da çıxış edərək qeyd etdilər ki, Brilyant xanım milli ruha, milli kökə, milli mənəvi dəyərlərə bağlı, onlara xüsusi önəm verən, yaşadan, mənəvi saflığı insanın ali xisləti kimi təqdim edən Azərbaycan qadınıdır. Bu kitabına “Nənəmin kəlağayısı” adınının verməsi də təsadüfi deyil. Min illərin yadigarı namus, qeyrət, abır-həya rəmzi kəlağayını vəsf edən şeirlərində əsas meyar milli baş örtüyümüzün ötürdüyü mənəviyyat dərsləridir.
Sonda Güllü Eldar Tomarlı qeyd edib ki, milli qadın geyimlərinin bir qolunu təşkil edən
kəlağayımızın geniş təbliğ etməkdə məqsədimiz onun əzəlki şan - şöhrətini özünə qaytarmaq, tarixi, istehsalı, istifadəsi haqqında gənc nəsli maarifləndirmək, beynəlxalq səviyyədə çatdırmaqdır.
Bu layihəyə Kəlağayı Ev Muzeyindən başladıq, Bakı Xətai Sənət Mərkəzində, bu gün də Tovuzda qeyd olunur. Sonra Gəncə, Qazax, Cəlilabad, Bərdə, Sumqayıt və digər bölgələrimizdə qeyd olunacaq.
Kəlağayımız 2014- cü ildə Azərbaycan Respublikasının Birinci Vitse- Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Uneskonun Qeyri Maddi- mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.
Beləliklə, Noyabrın 26 Kəlağayı Günüdü.
Bu münasibətlə 26 Noyabrda Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında final konsertimiz- "Kəlağayı Bayramı" nı qeyd edəcəyik.
Güllü Eldar Tomarlı Tovuz rayon mərkəzi kitabxanasının direktoru Güldərən İbrahimovaya və tədbir iştirakçılarına təşəkkürünü bildirib.



