Azərbaycanda Türkmənistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib

Azərbaycanda Türkmənistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib
  • Cəmiyyət

  • Heydər Əliyev Mərkəzində Türkmənistan Mədəniyyəti Günləri çərçivəsində ölkənin muzey eksponatları, dekorativ- tətbiqi sənəti və foto sərgisinin açılış mərasimi baş tutub.

    "Leqal" xəbər verir ki, sərginin açılışında ictimai-siyasi şəxslər və mədəniyyət xadimləri iştirak ediblər. Sərginin açılış mərasiminə mədəniyyət naziri Adil Kərimli də qatılıb.

    Mədəniyyət nazirinin müavini Murad Hüseynov bildirib ki, sərgi iki ölkə arasında əlaqələrin inkişafına töhfə verəcək:

    "Azərbaycan və Türkmənistan xalqlarını tarixi köklər və dostluq birləşdirir. İki ölkə arasında əlaqələrin yüksək səviyyədə olması ölkə liderlərinin strateji əhəmiyyət daşıyan siyasətinin nəticəsidir. Ortaq irsimizin inkişafı baxımından onların müstəsna xidmətləri var. Bu sərgi qədim türkmən tarixinin əzəmətini bir daha göstərəcək".

    Türkmənistan mədəniyyət nazirinin müavini Nürsəhet Şirimov isə Türkmənistan Mədəniyyəti Günlərinin iki ölkə arasında mədəniyyət əlaqələrinin daha da inkişaf etdirəcəyini və sərginin Azərbaycanda keçirilməsindən məmnunluğunu ifadə edib.

    Qeyd edək ki, Türkmənistan Mədəniyyəti Günləri 13-15 oktyabr tarixlərində baş tutacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər