
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Səudiyyə Ərəbistanının nüfuzlu “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə yalnız regional hadisələrin şərhi deyil, həm də XXI əsrin yeni beynəlxalq münasibətlər sistemində Azərbaycanın artan çəkisinin nümayişi idi. Dövlət başçısı həm sülh sazişinin əhəmiyyətinə, həm də yeni geosiyasi reallıqlara toxunaraq Azərbaycanın qlobal miqyasda mövqeyini ortaya qoydu.
Prezidentin diqqət çəkdiyi əsas məqamlardan biri Vaşinqtonda imzalanan sənəd idi. İlham Əliyev açıq şəkildə bildirdi ki, bu razılaşma iki dövlətin — Ermənistan və Azərbaycanın — qarşılıqlı ərazi bütövlüyünü tanıması deməkdir. Onun sözlərinə görə:
Bu sənəd sadəcə siyasi liderlərin şəxsi razılığı deyil, dövlətlərarası sazişdir.
Ermənistanın hər hansı gələcək hökuməti sənədi şübhə altına alarsa, bunun nəticələri çox ağır olacaq.
Azərbaycanın ərazi bütövlüyünü tanımayan tərəf öz ərazi bütövlüyünü də risk altına atır.
Beləliklə, Prezident açıq mesaj verdi: Cənubi Qafqazda sülh yalnız beynəlxalq hüquq əsasında davamlı ola bilər.
Müsahibədə xüsusi yer alan digər mövzu Zəngəzur dəhlizi oldu. İlham Əliyev dəhlizin yalnız regional nəqliyyat layihəsi olmadığını vurğuladı:
Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa əlaqə təmin olunacaq;
region ölkələrinin iqtisadi inteqrasiyası üçün yeni imkanlar açılacaq;
beynəlxalq tranzit marşrutlarında Azərbaycan əsas strateji qovşağa çevriləcək.
Cənab Prezident İlham Əliyevin fikrincə, Zəngəzur dəhlizi artıq regional iqtisadiyyatın nəfəs yollarından biri kimi dəyərləndirilir.
Prezident bir daha bəyan etdi ki, Azərbaycan separatizmin bütün formalarına qarşıdır. Bu, təkcə Qarabağla məhdudlaşmır, həm də beynəlxalq müstəvidə Ukraynanın və Suriyanın ərazi bütövlüyünün müdafiəsi ilə ifadə olunur. Əliyevin bu mövqeyi Azərbaycanın beynəlxalq hüquqa bağlılığını və dövlətlərin suverenliyinə hörmət prinsipini təsdiqləyir.
Müsahibənin diqqətçəkən hissələrindən biri də Azərbaycanın Türkiyə–İsrail münasibətlərinin normallaşmasında oynadığı rola işarə idi. Prezident qeyd etdi ki, Azərbaycan regionda etimadlı vasitəçi kimi çıxış edə bilir. Bu, Bakının diplomatik kapitalının artdığını göstərir.
Eyni zamanda, ABŞ-ın təşəbbüsü ilə gündəmə gələn “Tramp marşrutu” (TRIPP) layihəsində Azərbaycanın açar ölkə kimi çıxış etməsi də beynəlxalq güclərlə strateji inteqrasiyanın göstəricisidir.
Cənab Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” müsahibəsi təkcə Cənubi Qafqazla məhdudlaşan mövzuların müzakirəsi deyil, həm də Azərbaycanın dünya siyasətindəki yeni mövqeyinin təsdiqidir. Bu vizyon bir neçə istiqamətdə özünü göstərir:
Regional liderlik – Cənubi Qafqazın siyasi və iqtisadi mərkəzi olmaq.
Geoiqtisadi mərkəz – enerji və nəqliyyat dəhlizlərinin qovşağına çevrilmək.
Diplomatik nüfuz – vasitəçilik və beynəlxalq hüququn müdafiəsində fəallıq.
Qlobal tanınma – müsahibənin ərəb dünyasının ən nüfuzlu telekanallarından birinə verilməsi Azərbaycanın artan çəkisinin göstəricisidir.
Fətullayev Canəli İsrail oglu.
Masallı rayon Çaxırlı
kənd sakini.