
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və müasir mərhələdə uğurla reallaşan Azərbaycan – Amerika Birləşmiş Ştatları qarşılıqlı münasibətləri xarici siyasət strategiyasının prioritet istiqamətlərindən biridir.
Azərbaycan – ABŞ strateji tərəfdaşlığı yüksələn xətlə inkişaf etmişdir. Xüsusilə son 10 il ərzində, 11 sentyabr terror hadisəsindən sonra strateji tərəfdaşlıq daha da genişlənmişdir. Lakin qeyd etməliyik ki, 2009-cu ildə ABŞ-da baş verən hakimiyyət dəyişikliyi – 8 il hakimiyyətdə olmuş respublikaçı prezidentin hakimiyyətdən getməsi və demokrat Barak Obamanın hakimiyyətə gəlməsi təbii olaraq ABŞ-ın xarici siyasət prioritetlərində müəyyən dəyişikliklərin müşayət olunması ilə nəticələndi. Bu da digər məsələlərdə olduğu kimi, Azərbaycanla da münasibətlərdə bir sıra dəyişikliklərə səbəb oldu. Belə ki, prezident B.Obama başda olmaqla demokratların özləri ilə gətirdiyi yeniliklər Azərbaycan-ABŞ münasibətlərində bir müddət soyuqluq yaranmasına səbəb oldu. Bunun isə əsas təzahürü ABŞ-ın Azərbaycana təyin etdiyi səfiri diplomat Matthew Bryzanın geri çağırılması oldu. Təbii ki, bununla bağlı bir sıra səbəblər var.
Bunlardan biri Matthew Bryzanın “Azərbaycanpərəst” olduğunu iddia edən demokratların (hansı ki, erməni icması üstünlük təşkil edən ştatlardan seçilmişlər) Konqresdə nümayiş etdirdikləri mövqe ola bilər. İkincisi isə, bu məsələ ABŞ Konqresində uzun illərdir mövcud olan demokrat və respublikaçı siyasi mübarizəsinin təzahürü kimi qiymətləndirilə bilər. Odur ki, demokratlar hakimiyyətə gəldikdən sonra özündən əvvəlki siyasətə zidd olaraq belə bir addım atmış sayıla bilərlər.Lakin bütün bunlar təbii ki, geridə qalmışdır və bu gün Barak Obama Administrasiyası da Azərbaycanla əlaqələrə önəm verir. İkitərəfli münasibətlərin sağlam inkişafı baxımından Bakıda 2013-cü ilin 29 mayında keçirilən “Gələcəyə baxış” Azərbaycan-ABŞ Forumu da xüsusi əhəmiyyətə malik olmuşdur. Burada Azərbaycan və ABŞ-dan dövlət və hökumət nümayəndələri, dövlət, siyasət, elm xadimləri, hərbi və iqtisadi elitanın nümayəndələri iştirak etmişdir. Forumda çıxış edən Azərbaycan prezidenti İlham Əliyev ABŞ-Azərbaycan əlaqələrindən bəhs edərək qeyd etmişdir ki, ikitərəfli münasibətlərdə iqtisadi və təhlükəsizlik məsələləri ön planda dayanır: “Biz təhlükəsizlik sahəsində sıx əməkdaşlıq edirik və Azərbaycan hərbçiləri Əfqanıstanda sülhyaratma proseslərində iştirak edir.
Azərbaycan Əfqanıstana daşınan yüklərin 40%-ni nəql edir və bizim marşrut ən təhlükəsiz marşrutdur. Terrorizmlə mübarizəyə də Azərbaycan öz töhfəsini verir”. Eyni zamanda, Dağlıq Qarabağ probleminin həllində ABŞ-ın mühüm rol oynadığını qeyd edən Prezident İlham Əliyev yekun nəticənin əldə edilmədiyini də təəssüflə qeyd etmiş və münaqişənin həllinin Cənubi Qafqazda inkişafa səbəb olacağını bildirmişdir.Beləliklə, bu gün Azərbaycan Respublikası Cənubi Qafqaz ölkələri içərisində Avropanın enerji təhlükəsizliyində əsas rol oynayan enerji layihələrinin başlıca aktoru kimi çıxış edir və bu da Qərbin, eləcə də, ABŞ-ın Azərbaycanla əlaqələrin inkişaf etdirilməsində mühüm amil sayılır. Bu baxımdan Azərbaycan-ABŞ iqtisadi münasibətləri müsbət istiqamətdə irəliləyir.Təbii ki, bu əlaqələrin inkişafına Azərbaycanın son illərdə qazandığı nailiyyətlər səbəb olur.
Artıq Azərbaycan Respublikası beynəlxalq arenada özünü təsdiqləmiş bir dövlət kimi çıxış edir. Bu gün Azərbaycanla münasibətlər artıq bir çox dünya dövlətlərinin xarici siyasət prioritetləri sırasındadır. Düzdür, ABŞ-ın xarici siyasətində çox önəmli olmasa da, Azərbaycanın beynəlxalq aləmdə malik olduğu mövqe və zəngin enerji ehtiyatları daim bu ölkə üçün Azərbaycanı maraqlı edir və onunla əlaqəli zəruri hala gətirir.4 iyun 2013-cü il tarixdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Vaşinqtona səfəri çərçivəsində, vaxtilə 907-ci düzəlişi təklif edən ABŞ Dövlət katibi Con Kerri, görüş zamanı Azərbaycanı ABŞ-ın önəmli tərəfdaşı olduğunu vurğulaması və ölkəmizin Əfqanıstanda NATO-nun Beynəlxalq Sülhə Dəstək Qüvvələrinə (İSAF) yardımını, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni və ABŞ üçün önəmli olan digər məsələlərdə böyük rol oynadığını qeyd etməsi artıq münasibətlərin müasir inkişafının təzahürü kimi qiymətləndirilə bilər.
Eyni zamanda C. Kerrinin Ermənistan-Azərbaycan münaqişəsinin regionun sabitliyinə təhdid olduğunu bildirərək, ABŞ-ın Minsk Qrupunun həmsədr ölkəsi qismində tərəflərə münaqişənin həllini tapmağa kömək edəcəyini qeyd etməsi də münasibətlərdə bir zamanlar yaranmış soyuqluğun aradan qalxdığını göstərir.Beləliklə, göründüyü kimi, Azərbaycan 23 illik müstəqillik dövründə apardığı siyasət nəticəsində, sadəcə olaraq, Böyük İpək Yolunun kəsişdiyi strateji dayanacaq olmaqdan çıxaraq mühüm əhəmiyyət kəsb edən bir ölkəyə çevrilmişdir. Bu gün də eyni reallıqdan çıxış edərək davam etdirilən intensiv əlaqələr Qafqaz bölgəsində Azərbaycanı ABŞ-ın iqtisadi tərəfdaşı və əməkdaşı edir.
Ceyhun Hüseynov,
Masallı MRX İƏ söbəsinin mütəxəssisi