
Hər il 26 iyun tarixi Azərbaycanda Silahlı Qüvvələr günü kimi qeyd olunur. Təbii ki, bu tarix ölkəmizin və xalqımızın ən əhəmiyyətli bayramlarından biridir. Ərazisinin 20 faizini düşmən işğalından azad edən bir ölkə kimi Azərbaycanın güclü orduya, inkişaf etmiş müdafiə sənayesinə malik olması ölkənin və əhalinin təhlükəsizliyi baxımından çox böyük önəm kəsb edir. Heç də təsadüfi deyil ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev ordu quruculuğu sahəsinin ölkə üçün prioritet əhəmiyyət daşıdığını dəfələrlə bəyan edib. Son illər ərzində bu sahədə həyata keçirilən köklü islahatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusuna çevrilib. Güclü ordu həm də güclü dövlət deməkdir. Bu gün iqtisadi inkişafa görə dünyada öncül yerdə olan ölkəmizin ordusu da əldə edilən nailiyyətlərə uyğun şəkildə inkişaf edir.
Azərbaycanın güclü ordu ənənələri olsa da, müstəqillik qazandıqdan sonra ölkəmiz bu sahədə ciddi böhranla üzləşmişdi. Amma 1993-cü ildə Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ordu quruculuğu sahəsinə də böyük diqqət ayırdı. Müstəqil ölkəmizin güclü və qüdrətli ordusunun memarı olan Heydər Əliyev hələ Sovet dönəmində ordu quruculuğu istiqamətində bir sıra mühüm addımlar atmışdı. General Cəmşid Naxçıvanski adına hərbi məktəbin Sovet illərində Bakıda açılması Heydər Əliyevin xidmətlərinin nəticəsi idi. Həmin məktəb bu gün də müstəqil Azərbaycanın ordusu üçün zabitlər hazırlayır. Bunlar isə onu deməyə əsas verir ki, ordu quruculuğu prosesinin, müasir dövrün tələblərinə cavab verə biləcək Silahlı Qüvvələrin formalaşmasının bünövrəsi, məhz Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub və ildən-ilə möhkəmlənib. Möhkəm nizam-intizama malik ordunun yaradılması, Silahlı Qüvvələrdə vahid komandanlığın təmin edilməsi sahəsində görülmüş məqsədyönlü tədbirlər nəticəsində 1994-cü ilin may ayında Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu. 1993-cü ilin iyun ayınadək ordudan fərarilik edən 47 mindən çox hərbi qulluqçu Ümummilli liderin çağırışı ilə Milli Ordunun sıralarına qayıtdı. Ulu öndər Heydər Əliyevin Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğının nəticəsində ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əvvəlki illərdən fərqli olaraq əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, hərbi birləşmə və hərbi hissələrin maddi-texniki, tibbi, həmçinin digər vasitələrlə təmin edilməsi təşkil olundu, maliyyə təsərrüfat fəaliyyəti nizama salındı. Silahlı Qüvvələrin ehtiyaclarının təminatı istiqamətində Azərbaycanın müxtəlif müəssisələrində məqsədyönlü iş aparıldı. Orduda şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik tərbiyəsi gücləndirildi.
Ulu öndər Heydər Əliyev güclü və intizamlı ordunun yaradılmasının, həm də yüksək ixtisaslı milli zabit kadrların mövcudluğundan asılı olduğunu nəzərə alaraq bu məsələni daim diqqət mərkəzində saxlayırdı. Bu məqsədlə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması barədə Prezident Fərmanı imzalandı. Azərbaycan Silahlı Qüvvələri üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Ulu öndər Heydər Əliyevin 20 avqust 2001-ci il tarixli Fərmanı ilə müvafiq olaraq Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı.
Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün ölkəmiz yüksək iqtisadi inkişafa imza atıb və dövlət büdcəsindən müdafiə xərclərinə ayrılan vəsaitin həcmi düşmən Ermənistanın dövlət büdcəsindən dəfələrlə çoxdur.İqtisadi vəziyyəti sabit olmayan ölkənin ordusunda nizam-intizamın olması çox çətin məsələdir. Bu reallığı nəzərə alan ölkə rəhbərliyi ordu quruculuğunu iqtisadiyyatın gücləndirilməsi ilə paralel şəkildə həyata keçirir. Artıq xalqımız regionda aparıcı güc strukturuna çevrilmiş Azərbaycan Silahlı Qüvvələrinə vahid mərkəzdən idarə olunan, maddi-texniki bazası, intellektual potensialı xeyli möhkəmlənmiş, istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir bir qüvvə kimi böyük inam bəsləyir.Hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması da Azərbaycanda həyata keçirilən ordu quruculuğu prosesinin və sosial islahatların mühüm tərkib hissəsini təşkil edir. Məlumdur ki, ölkənin müdafiəsini təmin edən hərbçilərin istər peşəkarlıq, istərsə də maddi rifah vəziyyətinin yüksək olması dövlət əhəmiyyəti kəsb edən məsələdir. Bu baxımdan, regionda ordusunun maddi-texniki bazasına, hazırlıq səviyyəsinə görə seçilən Azərbaycan həm də hərbçilərinin sosial-maddi təminatına görə öndədir
“Bizim ordumuz bizim qürurumuzdur. Bizim ordumuz müstəqilliyimizi şərtləndirən amildir. Biz bundan sonra da orduya, ordu quruculuğuna, hərbçilərə olan diqqəti artıracağıq, bu diqqəti göstərəcəyik”, - deyən Prezident İlham Əliyevin rəhbərliyi ilə gündən-günə güclənən Azərbaycan ordusunun müasir texnika ilə təminatı, tədrisin NATO standartları səviyyəsinə çatdırılması artıq öz bəhrəsini verir. Silahlı Qüvvələrin idarə edilməsi sisteminin kompleks şəkildə, bütün səviyyələrdə təkmilləşdirilməsi məqsədi ilə vahid idarəetmə, nəzarət, rabitə və avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqi üzrə işlər artan sürətlə davam etdirilib. Ordunun döyüş qabiliyyətinin daha da artırılması, əməliyyat işləri üzrə hazırlığın gücləndirilməsi, idarəetmənin təkmilləşdirilməsi ilə bağlı birlik və birləşmələrin xeyli sayda komanda-qərargah təlimi keçirilib. Bu təlimlərə Silahlı Qüvvələrin müxtəlif qoşun birləşmələri cəlb olunub və həmin təlimlərdə ən müasir tələblərə cavab verən simulyator və kompüter şəbəkələrindən fəal şəkildə istifadə edilib.
Silahlı Qüvvələrin artilleriya hissə və bölmələrinin peşəkar şəxsi heyəti, müasir silah və texnika, avtomatlaşdırılmış idarəetmə sistemləri, o cümlədən, müasir yaylım atəşli reaktiv sistemləri ilə komplektləşdirilməsi nəticəsində yaxın və uzaq məsafələrdə yerləşən düşmən hədəflərinin böyük bir ərazidə məhv edilməsi imkanı yaradılıb. Artilleriya atışlarının yüksək dəqiqliklə hazırlanması üzrə meteoroloji stansiyalar istifadəyə verilib, qısa vaxt ərzində döyüş təyinatları rayonlarına vaxtında çıxışı təmin etmək məqsədi ilə top və qurğular yeni dartıcılarla təmin olunub. Hissə və bölmələrin optik hesablama cihazları, həmçinin, radiolokasiya stansiyaları ilə təchiz olunması düşmənin hərəkətsiz və hərəkətli hədəflərini dəqiqliklə qısa müddət ərzində aşkar edilərək atəşlə zərərvurma vasitələrinə ötürülməsini təmin edib, istismarda olan silahlar müasir tipli optik gündüz və gecəgörmə nişangahları, müşahidə cihazları ilə kompleksləşdirilib.Dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına inkişaf etmiş ölkələrdən müxtəlif mürəkkəb əməliyyatları yerinə yetirən yüzlərlə adda dəzgah və avadanlıq alınıb. Azərbaycan həm də öz hərbi sənayesini inkişaf etdirir ki, bu da ölkəmizin hərbi məhsullar istehsal etməsinə imkan verir. Müdafiə Sənayesi Nazirliyi tabeliyində müdafiə təyinatlı məhsullar istehsal etməklə Azərbaycan öz ordusunu gücləndirməklə bərabər, dünyada da istehsalçı ölkə kimi tanınmağa başlayıb.
Ali Baş Komandanın gördüyü bütün bu tədbirlər Azərbaycan ordusunu Cənubi Qafqazda güclü orduya çevirdi.Ordumuz 2016-cı il Aprel döyüşlərində düşmənə ciddi zərbə vurdu.Bundan dərs çıxarmayan düşmən Vətən müharibəsində darmadağın edildi.Beləliklə,30 il işğal altında olan tormaqlarımızı düşməndən azad etdi.Azərbaycan ordusu dünya tarixinə öz adını qalib ordu kimi yazdırdı.Prezident İlham Əliyevin dediyi kimi Silahlı Qüvvələr Gününü biz Müzəffər Ordu kimi,qəhrəman xalq kimi qeyd edirik.Eşq olsun Azərbaycan Ordusuna!Qarabağ Azərbaycandır!
Əliyeva Xanım,
Masallı rayon Mahmudavar tam orta məktəbi