
Müstəqil dövlətin dayaqlarından biri güclü və mütəşəkkil ordu sistemidir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ordu quruculuğunu milli dövlətçilik fəlsəfəsinin və strateji inkişaf kursunun mərkəzində dayanan prioritet sahə kimi müəyyənləşdirmişdir. Onun çıxışları, qərarları və əməli fəaliyyəti nəticəsində Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü silahlı qüvvələrindən birinə çevrilmişdir. 44 günlük Vətən müharibəsi isə bu siyasətin ən bariz və tarixi nəticəsidir.
Prezident İlham Əliyev hesab edir ki, güclü ordu olmadan müstəqil dövlətin təhlükəsizliyi və gələcəyi təmin edilə bilməz. Onun sözləri ilə desək:“Ordu quruculuğu daim prioritet sahə olub və bu gün Azərbaycan Ordusu ən yüksək səviyyəyə çatmışdır.”
Bu yanaşma 2003-cü ildən başlayaraq hərbi büdcənin ildən-ilə artırılmasında, peşəkar hərbi hazırlıq sisteminin qurulmasında və yeni texnologiyaların tətbiqində özünü göstərmişdir.
2020-ci ilin sentyabr-noyabr aylarında baş vermiş İkinci Qarabağ müharibəsi Prezident İlham Əliyevin ordu siyasətinin real nəticəsini ortaya qoydu. Azərbaycan Ordusu 30 il ərzində işğal altında olan torpaqları qısa müddətdə və minimal itkilərlə azad etdi. Prezidentin “Biz döyüş meydanında qələbə qazandıq” fikri bu uğurun məhz ordu və Ali Baş Komandan tandeminin gücü ilə əldə edildiyini sübut edir.
Prezident İlham Əliyev müasir texnologiyanın orduya inteqrasiyasına xüsusi diqqət yetirmişdir. Türkiyə, İsrail və digər dövlətlərlə hərbi əməkdaşlıq nəticəsində Azərbaycan ordusu yüksək dəqiqlikli raket sistemləri, pilotsuz uçuş aparatları (PUA), optik kəşfiyyat və elektron mübarizə vasitələri ilə təchiz edilmişdir. Bu amil 2020-ci ildə taktiki üstünlüyün əsas səbəblərindən biri olmuşdur.
Prezidentin ordu siyasətində mühüm istiqamətlərdən biri də ordu ilə xalq arasında mənəvi və psixoloji bağların möhkəmləndirilməsi olmuşdur. Onun tez-tez təkrar etdiyi bu fikirlər böyük mənəvi məna daşıyır: “Bizim ordumuz xalqın ordusudur. Bu ordu Azərbaycan xalqının gücünü əks etdirir.”Bu birlik Vətən müharibəsində öz təzahürünü tapdı: xalq öz ordusuna güvəndi, ordu isə xalqın inamını şərəflə doğrultdu.
İlham Əliyevin şəxsiyyəti, siyasi uzaqgörənliyi və qərarlılığı ordunun qələbəsində həlledici rol oynamışdır. O, müharibə dövründə həm diplomatik cəbhədə, həm də informasiya müharibəsində uğurla çıxış edərək xalqın və ordunun moral üstünlüyünü təmin etdi.Onun qətiyyətli sözləri bu liderliyin təzahürüdür:“Biz bu qələbə ilə tarixi ədaləti bərpa etdik. Bu, bizim gücümüz, iradəmiz və milli birliyimizin nəticəsidir.”
Beləliklə,Pezident İlham Əliyevin ordu siyasəti Azərbaycan dövlətçiliyinin inkişaf tarixində dönüş nöqtəsi yaratmışdır. Onun strateji baxışı ilə formalaşan ordu bu gün yalnız hərbi güc deyil, həm də milli qürurun, müstəqilliyin və ərazi bütövlüyünün təminatçısıdır. 44 günlük müharibədə qazanılan tarixi Qələbə sübut etdi ki, xalqını və ordusunu arxasında hiss edən lider istənilən hədəfə çata bilər. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu artıq regionda sabitliyin və ədalətin əsas dayaqlarından birinə çevrilmişdir.
Ziyafəddin Cavadov,
Qızılağac kənd S.Xəlilov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbin müəllimi.