
2–4 iyun tarixlərində Baku Expo Center-də keçirilən Bakı Enerji Həftəsində Azərbaycan Texniki Universitetinin (AzTU) Mexatronika və Avtomatika kafedrasının müəllimi İlkin Əliyev dalğa enerjisi üzrə innovativ layihəsi ilə çıxış edərək böyük marağa səbəb olub.
Tədbir çərçivəsində İlkin Əliyevə xüsusi stant ayrılıb və o, burada müəllifi olduğu "Dalğa Enerjisindən Elektrik İstehsalı Qurğusu" layihəsini nümayiş etdirib.
Layihə həm ölkəmiz üçün əhəmiyyətli sayılan bərpa olunan enerji sahəsinə töhfə kimi qiymətləndirilib, həm də beynəlxalq və yerli enerji şirkətlərinin diqqətini cəlb edib.
“Dalğa enerjisi Xəzər dənizi kimi geniş və dinamik su hövzələrində tətbiq üçün olduqca uyğundur. Xəzərin dalğaları yüksək kinetik enerjiyə malikdir və biz bu enerjidən istifadəyə əsaslanan sistem hazırlamışıq. Bu qurğu sahilboyu ərazilərdə yerləşdirilərək elektrik enerjisi istehsal edə bilər,” – deyə İlkin Əliyev bildirib.
Maraqlıdır ki, layihə yalnız texnoloji baxımdan deyil, həm də ekoloji davamlılıq yönündən yüksək qiymətləndirilib. Təmiz və davamlı enerji mənbəyi olaraq təqdim olunan bu sistem, Azərbaycanın enerji sektorunda yaşıl keçid strategiyasına da uyğun gəlir.
Layihənin təqdimatı zamanı Baku TV stantı ziyarət edərək İlkin Əliyevlə xüsusi müsahibə də çəkib.
Sözü gedən müsahibə efirdə yayımlanaraq geniş auditoriyaya təqdim olunub.
İlkin Əliyev həm də Texniki Universitetin nümayəndəsi olaraq beynəlxalq əməkdaşlıqlara açıq olduğunu vurğulayıb.
Tədbir zamanı bir sıra tanınmış şirkətlər onunla birgə elmi-tədqiqat və tətbiq yönümlü layihələrdə iştirak təklifi ilə çıxış ediblər.
İlkin Əliyevə Bakı Enerji Həftəsində İştirakına görə Sertifikat təqdim edilib.
Qeyd edək ki, tədbirin açılışında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevdə iştirak etmişdir.
Bakı Enerji Həftəsi regionda enerji texnologiyaları, alternativ enerji və dayanıqlı inkişaf sahəsində ən önəmli platformalardan biridir.


