Azərbaycan Türk Dövlətləri Təşkilatının güclənməsinə mühüm töhfə verir. 

Azərbaycan Türk Dövlətləri Təşkilatının güclənməsinə mühüm töhfə verir. 
  • Cəmiyyət

  • 2025-ci ilin 21 may tarixində Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü keçirildi. Bu görüş, üzv dövlətlər arasında əməkdaşlığın dərinləşdirilməsi, regional və beynəlxalq çağırışlara qarşı birgə mövqenin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyırdı. Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı, həm milli maraqların müdafiəsi, həm də Türk dünyasının strateji gələcəyinin müəyyənləşdirilməsi baxımından diqqətəlayiq idi.
    Prezident İlham Əliyev çıxışında Azərbaycanın Türk Dövlətləri Təşkilatına sadiqliyini bir daha bəyan etdi. O vurğuladı ki, türk dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsi yalnız mədəni və tarixi bağların deyil, həm də ortaq strateji maraqların təbii nəticəsidir. Azərbaycan bu əməkdaşlığa həm siyasi, həm iqtisadi, həm də humanitar sahədə liderlik edir və üzv ölkələr arasında koordinasiyanın möhkəmləndirilməsinə töhfə verir.
    Prezident Əliyev öz çıxışında Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunduğunu və suverenliyin bütün ərazilərdə təmin edildiyini bildirdi. Bu tarixi nailiyyət təkcə Azərbaycan xalqının deyil, həm də bütün türk dünyasının birgə qələbəsi kimi təqdim olundu. Qarabağ zəfəri, müasir dövrdə milli iradə və beynəlxalq hüququn sintezinin real nümunəsi olaraq, Türk Dövlətləri üçün güc və qətiyyət simvoludur.
    Prezident Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri də Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) layihəsinin strateji əhəmiyyəti idi. Bu dəhliz Türk dünyası ölkələri üçün təkcə nəqliyyat arteriyası deyil, həm də siyasi və iqtisadi əməkdaşlığın təməl daşıdır. Azərbaycan bu istiqamətdə mühüm infrastruktur layihələrini həyata keçirməklə regionda inteqrasiyanın aparıcı qüvvəsinə çevrilmişdir.
    Prezident İlham Əliyev çıxışında vurğuladı ki, türk dövlətləri arasında birliyi yalnız siyasi və iqtisadi layihələr deyil, ortaq mədəni-mənəvi irs də qoruyur. Xüsusilə,gənclərin bu ruhda yetişməsi, ortaq tarix, dil və adət-ənənələrin təbliği mühüm prioritet kimi qeyd olundu. Gənclər siyasəti, elm, təhsil və mədəni mübadilə sahəsində ortaq proqramların həyata keçirilməsi gələcək inteqrasiyanın əsas zəmanətidir.
    Budapeşt zirvəsinin keçiriləcəyi yerin özü də simvolik məna daşıyır. Macarıstan Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu daşıyan ilk Avropa ölkəsidir və Avropa ilə Türk dünyası arasında strateji körpü rolunu oynayır. Prezident Əliyev Macarıstanla olan əməkdaşlığı yüksək qiymətləndirərək, bu münasibətlərin daha da genişləndirilməsinin zəruriliyini qeyd etdi.
    Beləliklə,Prezident İlham Əliyevin Budapeşt  Zirvə görüşündəki çıxışı, Türk Dövlətləri Təşkilatının gələcək istiqamətlərinə dair aydın və prinsipial bir yol xəritəsi təqdim etmiş oldu. Azərbaycan bu təşkilat daxilində həm siyasi liderlik, həm də praktik təşəbbüslərlə Türk dünyasının güclənməsinə mühüm töhfə verir. 

    Ziyafəddin Cavadov,
    Qızılağac kənd S.Xəlilov adına 1 nömrəli tam orta məktəbin müəllimi
     


    PAYLAŞ:

    Oxşar xəbərlər