Azərbaycan-Çin əlaqələrinin dinamik inkişafı

Azərbaycan-Çin əlaqələrinin dinamik inkişafı
  • Cəmiyyət

  • Dünyanın iqtisadiyyatı və siyasətində mühüm yeri, rolu ilə ölçülən Çin Xalq Respublikası (ÇXR) ilə Azərbaycan arasında əlaqələrin son illərdə yüksələn xəttlə inkişafı müşahidə edilir. Prezident İlham Əliyevin bu ölkəyə planlaşdırılan növbəti səfəri də ikitərəfli münasibətlərin genişləndirilməsinin bir sıra aktual geosiyasi çağırışlarla şərtləndiyini deməyə əsas verir.

    BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan ÇXR-lə tarixi əlaqələrin inkişafı, Böyük İpək Yolu və digər layihələr çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi rəsmi Bakının xarici siyasətində vacib istiqamətlərdən biridir. Dövlət başçısı İlham Əliyev bu ölkənin Sinxua agentliyinə məxsusi müsahibəsində xüsusi vurğulayıb ki, rəsmi Bakı ölkələrimiz arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verir: “Bu gün əminliklə demək olar ki, münasibətlərimiz çox müsbət dinamikaya malikdir. 2024-cü ildə hökumət və parlamentin yüksəkvəzifəli üzvləri, nazirliklərin və idarələrin, Baş Prokurorluğun rəhbərləri, həmçinin Prezident Administrasiyasının və Yeni Azərbaycan Partiyasının mərkəzi aparatının rəsmi nümayəndələri Çində səfərdə olublar”.

    ÇXR dünya iqtisadiyyatında mühüm rol oynayan ölkə olaraq hazırda Azərbaycanın da əsas ticarət tərəfdaşlarından birinə çevrilib. Çin şirkətləri ölkəmizə təkcə xidmət və texnologiyalar ixracında deyil, investisiya qoyuluşlarında maraqlıdırlar və bu istiqamətdə müzakirələr gedir. Prosesin asanlaşdırılması, turist səfərlərinin artımı üçün Azərbaycan Çin vətəndaşları üçün viza tələbini aradan qaldırıb. Dövlət başçısının Çinə səfəri çərçivəsində qarşılıqlı şəkildə vizasız gediş-gəliş haqqında sazişin imzalanması gözlənilir. Bu barədə Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclasında bildirilib. Şübhəsiz, viza rejimin ləğvi münasibətlərin inkişafına yeni təkan verməklə, ikitərəfli təmaslara, qarşılıqlı əmtəə və ticarət dövriyyəsinin artımına təkan verəcək.

    ABŞ-nin yeni Administrasiyasının Çinlə ticarət müharibəsinə başlaması, qarşılıqlı olaraq idxal rüsumlarının kəskin şəkildə artırılması fonunda rəsmi Pekin ixrac potensialını genişləndirmək üçün yeni bazarlar axtarışındadır. Bu kontekstdə rəsmi Pekin Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan və digər region ölkələri ilə ticarət əlaqələrini genişləndirməkdə maraqlıdır. Ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcminin 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artaraq 3,7 milyard dollara çatması da olduqca mühüm göstəricidir. Hazırda Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşıdır – bu ölkənin xarici ticarət dövriyyəmizdə payı 7,9, idxalda 17,69 faizə çatıb.

    Bununla belə, hər iki ölkə indiyədək tam realizə edilməyən böyük potensialdan maksimum dərəcədə bəhrələnmək, yeni əməkdaşlıq mexanizmlərini işə salmaq niyyətindədir. İkitərəfli iqtisadi-ticari əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya mövcud əlaqələri genişləndirmək, əməkdaşlığın perspektivli istiqamətlərini aşkara çıxarmaq, onları hüquqi müstəvidə möhkəmləndirmək üçün mühüm mexanizmdir. Hazırda ölkəmizdə Çin kapitalı ilə 375 şirkət qeydə alınıb, onlardan 298-i aktiv fəaliyyət göstərir. İki ölkə arasında qeyri-neft sektorunda, xüsusən yüksək texnologiyalara və innovasiyalara, alternativ və bərpaolunan energetikaya yönəlmiş birbaşa investisiyaların cəlb olunması sahəsində birgə əməkdaşlığın perspektivlərinə dair danışıqlar aparılır.

    İkitərəfli əlaqələrin inkişafına təkan verən digər vacib məqam Azərbaycanın Xəzər hövzəsində iri enerji ixracatçısı və ticarət tərəfdaşı olması ilə şərtlənir. İqtisadiyyatı sürətlə inkişaf edən Çin alternativ təchizatçılar axtarışındadır və bu baxımdan Azərbaycanla əlaqələrə mühüm əhəmiyyət verir. Bundan əlavə, Azərbaycan gələcəkdə təkcə Mərkəzi Asiya ölkələrinin deyil, eləcə də Çinin istehsalı etdiyi böyük həcmdə ekoloji təmiz enerjinin Avropaya ixracı üçün əlverişli tranzit ölkəyə çevrilmək iddiasındadır.

    Xüsusi vurğulamaq lazımdır ki, 2024-cü il iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada keçirilən Zirvə toplantısı çərçivəsində hər iki ölkənin dövlət başçıları tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qarşılıqlı münasibətlərdə yeni səhifə açıb. Tərəflər bu sənədlə beynəlxalq və regional vəziyyətin mürəkkəb inkişafı fonunda siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı genişləndirməyə, iki ölkənin ümumi maraqlarını birgə qorumağa, həmçinin qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə irəlilətməyə dair razılıq əldə ediblər.

    Bəyannamədə həmçinin qeyd olunub ki, tərəflər ərazi bütövlüyünə və suverenliyə qarşılıqlı hörmət, daxili işlərə qarışmamaq, bərabərlik, qarşılıqlı fayda və dinc birgəyaşayışa sadiqliyi təsdiqləyirlər. Azərbaycan tərəfi “Vahid Çin” prinsipini qətiyyətlə dəstəkləyir, dünyada yalnız bir Çinin mövcudluğunu, Tayvanın isə bu ölkənin ərazisinin ayrılmaz hissəsi olduğunu tanıyır. Eyni zamanda, ÇXR Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birmənalı tanıyır.

    Azərbaycan-Çin əlaqələrinin dinamik inkişafında Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) rolunu, qurumun keçirdiyi zirvə toplantılarının əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Xatırlatmaq laızmdır ki, qurumun yaradılması haqqında 2001-ci il iyunun 15-də Şanxayda Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın dövlət başçılarının görüşündə qəbul edilib. 2017-ci ildə Hindistan və Pakistan, 2024-cü ildə Belarus təşkilata tamhüquqlu üzv olub. Nizamnaməyə əsasən, ŞƏT-in əsas vəzifələrindən biri regionda sülhün, təhlükəsizliyin və sabitliyin qorunub saxlanılması və möhkəmləndirilməsi, yeni demokratik, ədalətli, rasional siyasi və iqtisadi beynəlxalq nizamın qurulmasına kömək etmək məqsədilə çoxşaxəli əməkdaşlığın inkişaf etdirilməsidir.

    Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna malikdir və rəsmi Pekin ölkəmizlə təşkilat arasında əlaqələrin genişlənməsində maraqlı olduğunu bəyan edir. Hələ 2016-cı ildə Azərbaycanla təşkilat arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. 3-4 iyul 2024-cü il tarixdə Qazaxıstanın Astana şəhərində keçirilmiş “ŞƏT plyus” formatında görüşə Prezident İlham Əliyev də dəvət alıb.

    Şübhəsiz, Azərbaycanın rəsmən üzv olmadığı bu təşkilatın rəsmi tədbirlərinə, zirvə toplantılarına dəvət alması da ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun, ÇXR-lə srtateji tərəfdaş olmasının göstəricisidir. Sıralarında Çin, Rusiya, Pakistan, Hindistan və Orta Asiya ölkələrini birləşdirən belə mühüm beynəlxalq platformada Azərbaycanın təmsilçiliyi ölkəmizin regional və qlobal proseslərdə iştirakını, beynəlxalq dəstək almaq  imkanlarını daha da genişləndirir.

     



    Paşayev Teymur,
    Masallı rayon E.Heybətov adına Dəlləkoba kənd ümumi orta məktəbi.

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     


    PAYLAŞ:

    Oxşar xəbərlər