AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi 2024-cü ildəki fəaliyyətinə dair hesabat verib

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi 2024-cü ildəki fəaliyyətinə dair hesabat verib
  • Cəmiyyət

  • AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) 2024-cü il üzrə elmi və  elmi-təşkilati  fəaliyyəti  haqqında hesabatı dinlənilib.

    Hesabatı təqdim edən Mərkəzin baş direktoru AMEA-nın müxbir üzvü Qurban Yetirmişli bildirib ki, 2024-cü ildə rəhbərlik etdiyi qurumda 3 problemi əhatə edən 5 mövzu, 10 elmi-tədqiqat işi, 5 elmi-tədqiqat işi yerinə yetirilib, 3 mövzu, 8 elmi-tədqiqat işi başa çatdırılıb.

    Hesabat ilində AMEA nəzdində RSXM-də 1 dərslik, 37 məqalə (10-nu xaricdə), 13 tezis (9-ü xaricdə) nəşr edilib. Nəşr edilən məqalələrdən 6-sı Web of Science və Scopus bazasında olan impakt faktorlu jurnallarda işıq üzü görüb.

    Qeyd edib ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi EMSC (Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi), IRIS (Birləşmiş Seysmoloji Araşdırmalar İnstitutu), ORFEUS (Avropa Seysmoloji Müşahidə və Araşdırmaları Mərkəzi), ESC (Avropa Seysmoloji Komissiyası), EGU (Avropa Geofiziklər Birliyi), AGU (Amerika Geofiziklər Birliyi) beynalxalq təşkilatların həqiqi üzvüdür. 30-dan çox ölkənin seysmoloji və geofiziki institutları ilə elmi əməkdaşlıq edir.

    Vurğulayıb ki, hesabat ilində Kanadanın Viktoriya Universiteti, Kanadanın Milli Tikinti Qaydalarının Zəlzələ Dizaynı üzrə Daimi Komitəsi, ABŞ-ın Lawrence Livermore Milli Laboratoriyası, ABŞ-ın Miçiqan Dövlət Universiteti və Gürcüstanın İlya Dövlət Universiteti Yer Elmləri İnstitutu və Milli Seysmoloji Monitorinq Mərkəzi ilə birlikdə Azərbaycan ərazisi üçün seysmik təhlükənin hesablanmasında yeni yanaşmalarla tərtib olunmuş “Azərbaycan ərazisinin seysmik təhlükə xəritəsi”nin təqdimatı və müzakirəsi keçirilib. Həmçinin diqqətə çatdırıb ki, Aşağı Kür çökəkliyi ərazisində zəlzələ ocaqlarının tektonik qırılmalarla əlaqəsinin araşdırılması və ilkin xəritələri (Xəzər dənizi və Xəzəryanı ərazilər) hazırlanır.

    Qurban Yetirmişli AMEA nəzdində RSXM-nin elmi nəşri olan “Seismoprognosis observations in the territory of Azerbaijan” jurnalının 2024-cü ildən Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) DərgiPark elektron bazasına Azərbaycandan ilk daxil edilən 3 jurnaldan biri olduğunu, nəşrin beynəlxalq e-İSSN kodu alması üzərində və Scopus beynəlxalq indeks sisteminə daxil edilməsi istiqamətində işlərin davam etdirildiyini söyləyib.

    Baş direktor, həmçinin Mərkəzin kadr potensialı və kadr hazırlığı, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, elmin populyarlaşdırılması istiqamətində atılan addımlar, qrantlar və təltiflər, elektron elmin vəziyyəti, Vikipediya Virtual Ensiklopediyasında, eləcə də müəssisənin saytı və sosial şəbəkə hesablarının fəaliyyəti barədə məlumatları diqqətə çatdırıb.

    Müzakirələrdən sonra AMEA Rəyasət Heyətinin qərarı ilə Respublika Seysmoloji Xidmət Mərkəzinin 2024-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı təsdiq edilib, əldə olunmuş mühüm nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi qərara alınıb.



    PAYLAŞ:

    Oxşar xəbərlər