Gürcüstan ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətləri dərin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulubdur. Bu ənənələr bu gün də yaşayır. Bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Azərbaycan Respublikası müstəqillik əldə etdiyi ilk illərdən xarici ölkələrlə ikitərəfli və çoxtərəfli əlaqələri inkişaf etdirməyi, bu istiqamətdə əməkdaşlıq münasibətlərini genişləndirməyi prioritet hədəflər kimi qarşıya qoyub. Bu baxımdan, Azərbaycan, işğalçı Ermənistan istisna olmaqla, regionda yerləşən bütün qonşu ölkələrlə hərtərəfli əlaqələri dərinləşdirməyə və onları strateji tərəfdaşlıq münasibətləri səviyyəsinə qaldırmağa çalışıb.
Bu konteksdə yaxın qonşumuz Gürcüstan Respublikası ilə ölkəmiz arasında mövcud olan əlaqələr də məhz yüksək strateji tərəfdaşlıq səviyyəsinə qalxıb və gündən-günə inkişaf etməkdədir.
Strateji tərəfdaşlıq əlaqələrimiz demək olar ki, müttəfiqlik səviyyəsinə qalxıbdır. 1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyan sənəddir. Dövlətimizin başçısı İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşündə də vurğuladığı kimi, sovet dönəmində Ulu Öndər Heydər Əliyev və Eduard Şevardnadzenin dostluğu məhz Azərbaycan-Gürcüstan münasibətlərinin bariz nümunəsi idi”.
Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. 2022-ci ildə münasibətlərimizin 30-cu ildönümü qeyd olunub. Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində dinamik inkişaf edib, ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb. Azərbaycan-Gürcüstan əməkdaşlığı sayəsində regionda qlobal əhəmiyyətli nəhəng layihələr gerçəkləşib.
İki ölkə arasında münasibətlərin qurulduğu bu illər ərzində ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrin inkişaf etdirilməsi sahələrində əməkdaşlıq özünün yüksək səviyyəsinə çatıb. Belə ki, Gürcüstan ölkəmiz tərəfindən həyata keçirilən irimiqyaslı beynəlxalq iqtisadi layihələrin fəal iştirakçısıdır və həmişə özünü etibarlı tərəfdaş kimi nümayiş etdirməkdədir.
Əntiqə Tağıyeva,
Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru