31 -Dekabr Dünya Azərbaycanlıların Həmrəylik günüdür

 31 -Dekabr Dünya Azərbaycanlıların Həmrəylik günüdür
  • Cəmiyyət

  • Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda SSRİ-İran sərhədlərinin dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. 1989-cu ilin noyabrında keçirilən Məclisi xalqın iradəsini bir daha ifadə edərək Cənubi və Şimali Azərbaycan arasında humanitar, mədəni, iqtisadi və qohumluq əlaqələrini bərpa etmək məqsədilə sərhəd çəpərlərinin götürülməsi və mühəndis-texniki qurğuların sökülməsi haqqında qərar qəbul etmişdir. 

    1989-cu il dekabrın 31-i Dünya azərbaycanlılarının həmrəylik bayramına çevrildi, 1990-cı ildə isə həmin günün ildönümü Naxçıvan Muxtar Respublikasında geniş qeyd edildi.

    1990-cı ilin noyabr ayının 3-də Türkiyədə keçirilən Birinci Millətlərarası Azərbaycan dərnəkləri qurultayı isə Naxçıvan Muxtar Respublikasından başlanmış sərhəd hərəkatının real davamı kimi milli birlik və həmrəylik yolunda atılan daha bir mühüm addım oldu. Noyabr ayının 5-də qurultayın qəbul etdiyi qərarda 31 dekabr gününün hər il geniş qeyd edilməsi zərurəti irəli sürüldü. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Bu barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 6 bənddən ibarət qərar qəbul etdi. Qərarda belə qeyd olunurdu:

    1.   31 dekabr Dünya azərbaycanlılarının həmrəylik və birlik günü elan olunsun və hər il bayram edilsin.

    2.   Həmin gün Naxçıvan Muxtar Respublikası ərazisində iş günü hesab edilməsin.

    3.   31 dekabrın Dünya azərbaycanlılarının həmrəylik və birlik günü kimi bütün Azərbaycan Respublikasında rəsmi qeyd edilməsi üçün qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikasının Ali Sovetinə təklif verilsin.

    Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. 

    31 dekabr — Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib,

    Hər il dekabr ayının son gününün Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması taleyin gərdişi üzündən dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın tarixi Vətənlə - müstəqil Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə, həmçinin onların bir-biriləri ilə sıx ünsiyyət qurmalarına, milli-mənəvi dəyərlərimizin, ənənələrimizin qorunub saxlanılmasına xidmət edir.

    Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dekabrın 31-də qeyd olunması təsadüfi deyildir. Ötən əsrin 80-ci illərinin axırlarında keçmiş ittifaq məkanında gedən proseslər Azərbaycanda milli oyanış hərəkatının geniş vüsət almasına gətirib çıxartdı. Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi, Dağlıq Qarabağda yaşayan ermənilərin açıq separatçılıq hərəkatı, bu proseslərin Ermənistan və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz yurd-yuvasından qovulması ilə nəticələnməsi “Meydan hərəkatı”nın əsasını qoydu.

     2001-ci il noyabr ayının 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Qurultay dünya azərbaycanlılarının birləşdirilməsi, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması istiqamətində mühüm hadisəyə çevrildi. Qurultayda dərin məzmunlu nitq söyləyən ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının milli birliyinin və həmrəyliyinin təmin edilməsi, Azərbaycan dövləti və dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi zərurəti, o cümlədən, ana dilinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi haqqında fikirlərini bildirdi. “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bugündə fəxr edirəmki, mən azərbaycanlıyam!”- müdrik rəhbərin bu kəlamları hər bir həmvətənlərimiz üçün milli qürur rəmzinə çevrilmişdir. 

     

     
    Əfrail Fərziyev,
    Yeni Azərbaycan Partiyasının veteranı
                                                                                          


    PAYLAŞ:

    Oxşar xəbərlər