AMEA-nın müxbir üzvü Musa Qasımlının “İlham Əliyev və müstəqil Azərbaycanın ilkləri (2003–2024)” kitabının təqdimatı olub
Dekabrın 23-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında tarixçi alim, Milli Məclisin sədr müavini AMEA-nın müxbir üzvü Musa Qasımlının “İlham Əliyev və müstəqil Azərbaycanın ilkləri (2003–2024)” kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə millət vəkilləri, ölkənin tanınmış elm, təhsil və ictimaiyyət nümayəndələri, müxtəlif sahələrdə fərqlənən gənclər, KİV mənsubları və digər qonaqlar iştirak ediblər.
Mərasimi giriş nitqi ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi Zəfərlərdən danışıb, ictimaiyyətə təqdim olunan kitabın elmi və siyasi əhəmiyyətini qeyd edib.
Prezident İlham Əliyevin Azərbaycanın yeni tarixi dövrünün əsas istiqamətlərini, prioritetlərini müəyyənləşdirdiyini söyləyən akademik İsa Həbibbəyli bildirib ki, yeni tarixi dövrdə ölkəmiz Ulu Öndər Heydər Əliyevin ideyalarının işıqlandırdığı yolla irəliləyərək əsrə bərabər inkişaf yolu qət edib, regionun qüdrətli dövlətlərindən birinə çevrilib. Çoxəsrlik tariximizdə bənzəri olmayan Vətən müharibəsi və uğurla həyata keçirilən antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub.
“Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə otuz ilə yaxın işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi, ölkəmizin bütün sərhədləri boyunca Dövlət Bayrağımızın dalğalanması çoxəsrlik Azərbaycan tarixinin nadir hadisələrindəndir”, - deyən AMEA rəhbəri bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünyanın ən nüfuzlu liderlərindən biri kimi qəbul edildiyini vurğulayıb. Qeyd edib ki, İlham Əliyev mövcud siyasi kursun yeni epoxa ilə şərtlənən yeni dövrünün lider səviyyəsində görkəmli təmsilçisidir.
Akademik İsa Həbibbəylinin sözlərinə görə, müstəqil Azərbaycan dövlətinin bərpası və möhkəmləndirilməsi, milli dövlətçilik ənənələrinin qorunması, eləcə də dövlətçilik tariximizin aşılanması istiqamətində görülən böyük işlər, həyata keçirilən uğurlu və genişmiqyaslı islahatlar, Azərbaycanın beynəlxalq aləmdə qazandığı nüfuz həm də geniş tədqiqat mövzusudur və bu istiqamətdə Azərbaycan elmində, ictimai fikrində xeyli sanballı əsərlər yazılmaqdadır. O, professor Musa Qasımlının ictimaiyyətə təqdim olunan kitabında da ölkə Prezidenti İlham Əliyevin çoxşaxəli və səmərəli fəaliyyətinin elmi əsaslarla geniş şəkildə əks olunduğunu söyləyib. Bildirib ki, yeni nəşr müəllifin elmi fikir və düşüncələri ilə bərabər, bilavasitə müşahidə etdiyi beynəlxalq münasibətlər prosesinə təhlili yanaşmasının məhsulu kimi də maraq doğurur.
Prezident İlham Əliyevin Azərbaycan tarixində indiyədək görünməyən mühüm uğurlara imza atdığını vurğulayan AMEA rəhbəri bütün bu nailiyyətlərin əsərdə yüksək səviyyədə təqdim olunduğunu diqqətə çatdırıb.
Akademiya prezidenti bildirib ki, kitabın ağırlıq mərkəzini Prezident İlham Əliyevin müstəqil Azərbaycanın hərtərəfli inkişafına yönəlmiş siyasi fəaliyyəti təşkil edir. AMEA-nın müxbir üzvü Musa Qasımlının siyasi və elmi təfəkkürü birləşdirərək ölkəmizin başçısı haqqında yazdığı sanballı əsər özünəməxsusluğu ilə seçilir.
Akademik İsa Həbibbəyli vurğulayıb ki, “İlham Əliyev və müstəqil Azərbaycanın ilkləri (2003–2024)” kitabında Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin müstəqillik tarixində yaratdığı ilklər, onun dünya miqyasında və qlobal cəmiyyətdə yüksək nüfuzu, Türk dünyasında layiqli yeri, eləcə də dövlət başçısının parlaq obrazı hərtərəfli şəkildə işıqlandırılıb. AMEA-nın müxbir üzvü Musa Qasımlı bu kitabda Azərbaycan Prezidenti İlham Əliyevin mükəmməl, əzəmətli, orijinal portretini öz qələminin gücü ilə yarada bilib. O, nəşrin təqdimatını ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə kimi dəyərləndirib, müəllifə yeni yaradıcılıq uğurları arzulayıb.
Kitabın dövlət başçısının ad günü ərəfəsində təqdimatının keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Akademiya kollektivi və tədbir iştirakçıları adından Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyeviin müstəqil Azərbaycan dövlətinin inkişafında xüsusi rolunu və böyük xidmətlərini qeyd edərək ölkə başçısına təbriklərini və xoş arzularını ifadə edib.
Daha sonra nəşrin rəyçilərindən biri, AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri tarix üzrə fəlsəfə doktoru dosent Elnur Kəlbizadə “İlham Əliyev və müstəqil Azərbaycanın ilkləri (2003–2024)” kitabı haqqında ətraflı məlumat verib. Bildirib ki, kitab əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilən müdrik siyasi xəttin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən geosiyasi reallıqlara uyğun olaraq necə inkişaf etdirildiyini aydın şəkildə başa düşməyə imkan verir. Əsərin aydın müəyyən edilmiş konsepsiyası və məntiqi ardıcıllıqla inkişaf etdirilmiş süjet xətti vardır.
Elnur Kəlbizadə diqqətə çatdırıb ki, monoqrafiyanın birinci fəsli “İlham Əliyevin müstəqil dövlətçilik baxışlarının formalaşmasına təsir edən amillər”, ikinci fəsli “Dövlət rəhbərliyinə aparan yol və qarşıda dayanan əsas vəzifələr” adlanır. Burada Azərbaycan Respublikasının Prezidenti seçilməsinə qədərki illərdə İlham Əliyevin nadir təşkilatçılıq qabiliyyətindən bəhs edilib. Azərbaycanın neft siyasətinin uğurla reallaşmasında, neft danışıqlarında mənafelərinin qətiyyətli müdafiəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti kimi İlham Əliyevin rolu konkret faktlar əsasında tədqiq olunub, Milli Olimpiya Komitəsinin prezidenti kimi, ölkədə olimpiya hərəkatının genişlənməsində xidmətləri təsvir edilib. Həmçinin İlham Əliyevin siyasi proseslərin mərkəzinə gəlməsi, Yeni Azərbaycan Partiyasının sədrinin birinci müavini olması, Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi nəşrdə tədqiq edilib.
Onun sözlərinə görə, monoqrafiyanın üçüncü fəslində ideyaların sistemli politoloji və tarixi təhlili aparılıb. IV fəsildə isə qeyd edilib ki, İlham Əliyevin tariximizə gətirdiyi digər bir ilk də məhz BMT ilə bağlıdır. O, BMT ilə əməkdaşlığa dinamizm gətirən lider olmuşdur. Bunun da nəticəsində Azərbaycan tarixində ilk dəfə olaraq 2011-ci ildə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmiş, iki il müddətində dünyanı idarə edən, dünya geosiyasətinin ən aktual problemlərini müzakirə edən dövlətlərdən birinə çevrilmişdir.
“V fəsildə canlı orqanizm kimi daim genişlənən dövlətin tarixinə Prezident İlham Əliyevin siyasəti nəticəsində qızıl hərflərlə həkk olunan digər ilklərdən bəhs olunub. Nəşrin VI fəslində Türk Dövlətləri Əməkdaşlıq təşkilatının qurulması, qarşıda dayanan hədəflər, Türk Birliyinin geosiyasi amilə çevrilməsində cənab İlham Əliyevin rolundan danışılıb. VII fəsildə isə müəllif, ilk növbədə, niyə Prezident İlham Əliyevin Azərbaycanı kosmik klubun üzvünə çevirmək istəməsi sualını cavablandırıb, kosmik peyklərin Azərbaycana qazandırdığı yeni imkanlar və üstünlüklərdən bəhs edib”, - deyə alim vurğulayıb.
Elnur Kəlbizadə əlavə edib ki, monoqrafiyanın VIII fəslində Avroviziya musiqi yarışmasının, I Avropa oyunlarının, İslam dünyasının birlik rəmzi kimi IV İslam Həmrəyliyi oyunlarının Azərbaycanda keçirilməsinin Prezident İlham Əliyevin yürütdüyü siyasətin mədəniyyət və idman sahəsində beynəlxalq əks-səda yaratmasında bəhs olunub. Eks-prezidentlər haqqında qanunun qəbul edilməsi ilə dövlətçilikdə yeni ənənənin əsası qoyulub. Kitabın IX fəslində dövlət suverenliyinin bərqərar edilməsinə gedən yol, atılan addımlar diqqətə çatdırılıb, eyni zamanda qazanılan möhtəşəm qələbədən sonra Azərbaycan üçün yaranan imkanlar və potensial təhdidlər məsələsinə toxunulub.
Çıxışının sonunda o, Prezidentin tariximizdə yaratdığı ilklərdən bəhs edən monoqrafiyanın mövzusunun gələcəkdə tədqiqatçılar üçün əsas istiqamətverici mənbələrdən biri olacağına əminliyini bildirib.
Tədbirdə Milli Məclisin Elm və təhsil komitəsinin sədri professor Anar İsgəndərov, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc, Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar komitəsinin sədr müavini Sahib Alıyev, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov və AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri tarix üzrə fəlsəfə doktoru Günel Musayeva çıxış edərək İlham Əliyev və müstəqil Azərbaycanın ilkləri (2003–2024)” kitabının nəşrinin respublikamızın siyasi və mədəni həyatında böyük hadisə olduğunu diqqətə çatdırıblar. Azərbaycan Prezidenti İlham Əliyevin yorulmaz fəaliyyətini faktlarla işıqlandıran bu sanballı əsərin mükəmməl formata malik dəyərli elmi mənbə olduğu bildirilib.
Çıxışlarda, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurların əsərdə mükəmməl formada təqdim olunması müəllifin böyük uğuru və peşəkarlığı kimi qiymətləndirilib.
Sonda kitabın müəllifi Milli Məclisin sədr müavini AMEA-nın müxbir üzvü Musa Qasımlı nəşrin məziyyətlərindan danışıb. O, əsərin ərsəyə gəlməsində əməyi olan şəxslərə, tədbirin təşkilatçılarına və iştirakçılarına dərin minnətdarlığını bildirib.
Tədbirə yekun vuran akademik İsa Həbibbəyli yüksək intellektə, nadir idarəçilik istedadına malik, qlobal tendensiyaları və ölkənin prioritetlərini düzgün müəyyənləşdirən lider Prezident İlham Əliyev haqqında sanballı əsərin təqdimatı münasibətilə müəllifə təşəkkür edib. Nəşrin tədqiqatçılar üçün etibarlı mənbə olduğunu deyən AMEA prezidenti qeyd edib ki, müəllif Prezident İlham Əliyev haqqında faktların, hadisələrin qiymətləndirilməsini və təhlilini tamamilə fərqli rakursdan aparıb. Prezident İlham Əliyevin fəaliyyətinin müxtəlif aspektlərini əhatə edən bu kitab geniş oxucu kütləsi tərəfindən sevilərək oxunacaq.