19 noyabr 2024-cü il tarixdə YAP Masallı rayon təşkilatı aparatında Yeni Azərbaycan Partıyasının təsis edilməsinin 32 illiyi ilə əlaqədar “Fədakar Azərbaycan qadınları” mövzusunda Şəhid analarının, veteran qadınların iştirakı ilə tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açmış, Ulu öndər Heydər Əliyevin eləcədə Vətən müharibəsində Şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Seyfəddin Əliyev tədbir iştirakçılarını Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 32 illiyi münasibəti ilə təbrik etmiş, çıxış edərək xalqımızın böyük oğlu Heydər Əliyevin banisi olduğu tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyasının bu günə qədər keçdiyi siyasi mübarizələrlə dolu şərəfli yolundan danışıb.
Seyfəddin Əliyev qeyd etmişdir ki, Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolunun artması və fəaliyyət dairəsinin genişləndirilməsi ölkəmizin uğurlarından biridir. O bildirib ki, Azərbaycan qadınları bu gün dünya qadınlarının qabaqcıl dəstəsi ilə bir sırada addımlayır, qurub yaradırlar. Çünki bu gün ölkəmizdə Azərbaycan qadınları üçün tariximizin heç bir mərhələsində görünməmiş imkan - qurub-yaratmaq, idarə etmək, özünü sübuta yetirmək imkanı yaranıb: “Müstəqil Azərbaycanın gündən-günə tərəqqi etməsi, iqtisadi inkişafın vüsət alması, ölkəmizin dünyanın sivil ölkələri sırasında mühüm yer tutması, milli-mədəni irsimizin dünyaya çatdırılması bizim gözümüz önündə baş verir. Ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə dövlət rəhbərliyinə qayıdışından sonra qadınlarımızın ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, xanımlarımızın bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib”.
S.Əliyev deyib ki, Azərbaycan qadını bu gün demokratik inkişaf, hüquqi dövlət quruculuğu yolunda sürətlə irəliləyərək sivil dəyərləri əxz edən Azərbaycan cəmiyyətinin həyatına birinci xanım ənənələrini də gətirib: “Əslində, nə vaxtsa çağdaş dünyanın bizim dövlətçilik irsimizdən mənimsədiyi, tarixin hansı əyyamında isə unutduğumuz bu ənənələrin müstəqil Azərbaycan dövlətində yenidən bərpası faktı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın adı ilə bağlıdır.
Yeni Azərbaycan Partıyasının cəmiyyətin siyasi avanqardı, respublikamızın ən nüfuzlu siyasi qüvvəsi olduğunu deyən S.Əliyevin sözlərinə görə, bunun əsas səbəbi qazanılmış uğurlar və Yeni Azərbaycan Partıyasının sıralarındakı minlərlə məsləkli, əqidəli insanlardır: “Yaşadığı zamanın və məkanın xarakterindən asılı olmayaraq qərinələr boyu əxz etdiyi milli-mənəvi dəyərlərini, mental xüsusiyyətlərini qoruyub saxlayan Azərbaycan qadını gələcək taleyini daim inandığı, etimad bəslədiyi siyasi qüvvəyə etibar etmək istəyib. Öz fəaliyyəti dövründə Ulu öndər, partiyamızın qurucusu Heydər Əliyev Azərbaycan qadınına böyük hörmətlə yanaşıb, onun cəmiyyətdə layiqli yer tutmasına çalışıb, bu zərif zümrənin Yeni Azərbaycan Partıyasının həyatında da fəal iştirakını təmin edib”.
Tədbirdə iştirak edən Dilarə Hüseynova, Aytən Əliyeva, İradə Ağayeva, Nazilə Hüseynova, Naidə Məmmədova və başqaları çıxış edərək Azərbaycan qadınının keçdiyi şərəfli yoldan bəhs ediblər. Bildirilib ki, müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir.