Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranmış siyasi təşkilatdır

Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranmış siyasi təşkilatdır
  • Cəmiyyət

  • Azərbaycan Prezidenti İlham Əliyev 21 noyabr 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə çıxış ederək demişdir ki, Yeni Azərbaycan Partiyasının Naxçıvanda keçirilmiş birinci təsis konfransı, bir daha demək istəyirəm, tarixi hadisə idi. Ulu Öndərin sədrliyi ilə keçirilmiş bu konfransdan sonra ölkəmizdə yeni siyasi qüvvə yaranmışdır. Yeni Azərbaycan Partiyası yarananda müxalifət partiyası kimi yaranmışdır və dövlətin ağır problemlərinin, yükünün bir hissəsini öz üzərinə götürmək böyük məsuliyyət tələb edən addım idi. Çünki o vaxt, bir daha demək istəyirəm, ölkədə gedən proseslər çox narahatedici idi və Azərbaycanın görkəmli nümayəndələrinin məhz Heydər Əliyevə müraciət etməsi bu zərurətdən doğurdu.

    Çünki ölkə artıq idarəolunmaz vəziyyətə düşmüşdü, bir il ərzində dövlətçiliyin əsasları qoyulmamışdı, demokratik inkişaf ləng gedirdi, əslində, geriyə addımlar atılırdı. Biz təkcə senzuranın tətbiq edilməsini yada salsaq, demək kifayətdir ki, o vaxt demokratik mühitdən söhbət gedə bilməzdi. Yeni Azərbaycan Partiyasının təsis konfransının məhz Naxçıvanda keçirilməsi də buna bağlı idi. O vaxt Bakıda bu konfransın keçirilməsinə icazə verilməmişdi. Yəni, demokratik dəyərlər elan olunsa da, Azərbaycan xalqı faktiki olaraq həyatda bunun əksini görürdü. Media azadlığı yox idi, iqtisadiyyat çox ağır vəziyyətdə idi, insanların sosial vəziyyəti gündən-günə ağırlaşırdı, yoxsulluq təxminən 90 faizə çatmışdı, sənaye istehsalı iflic vəziyyətdə idi. Bizim sənayemizin aparıcı sahəsi olan neft-qaz sənayesi də böyük tənəzzülə uğramışdı və faktiki olaraq ölkəmizdə elektrik enerjisi böhranı hökm sürürdü. Nizami ordu yaradılmamışdı, inflyasiya ikirəqəmlidən üçrəqəmliyə keçirdi. Yəni, budur 1992-ci ilin noyabr ayında ölkəmizdə yaranmış vəziyyət.

    Əlbəttə ki, torpaqlarımızın işğal altına düşməsi vəziyyətimizi daha da ağırlaşdırırdı. 1992-ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsi həm mənəvi cəhətdən, eyni zamanda, hərbi-strateji nöqteyi-nəzərdən böyük faciə idi. Çünki beləliklə, o vaxt “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlandırılan ərazi ilə Ermənistan arasında coğrafi bağlantı təmin edildi. Hər kəs yaxşı görürdü ki, əgər işlər belə davam etsə, Kəlbəcərin də işğalı qaçılmaz olacaqdır. Əfsuslar ki, belə də oldu. Yəni, 1993-cü ilin aprelində Kəlbəcər də işğal altına düşdü və beləliklə, ərazimizin böyük hissəsi nəzarətimizdən çıxmışdı. Heydər Əliyevə cəmiyyətdə inam çox yüksək səviyyədə idi. Bu inamın əsas səbəbləri o idi ki, Azərbaycanda işlədiyi dövrdə o həmişə xalqa xidmət edirdi, həmişə xalqın qayğıları ilə yaşayırdı, həmişə xalqla birlikdə idi, bir yerdə idi. Məhz onun rəhbərliyi altında Azərbaycan 1970-80-ci illərin əvvəllərində sovet məkanında ən geridə qalmış respublikadan ən qabaqcıl respublikaların birinə çevrilmişdir və bütün statistik göstəricilər bunu təsdiqləyir. Eyni zamanda, Azərbaycanda yaşayan vətəndaşların həyat səviyyəsi ildən-ilə yaxşılaşırdı, xüsusilə kənd təsərrüfatı ilə məşğul olan insanlar öz həyatını yenidən qura bilmişdilər. Xalqımızın Heydər Əliyevə inamı, yenə də deyirəm, misilsiz idi.

    Xüsusilə xalqımızın 1980-ci illərdə üzləşdiyi faciə bir daha göstərirdi ki, xalqımız yalnız Heydər Əliyevi rəhbər vəzifədə görmək istəyir. Çünki onun çalışdığı dövrdə - nə 1969-1982-ci illərdə Azərbaycanda birinci şəxs kimi çalışdığı dövrdə, nə 1982-1987-ci illərdə Moskvada Siyasi Büronun üzvü kimi çalışdığı dövrdə bir dəfə də olsun Qarabağda separatist qüvvələr baş qaldıra bilmədilər. Halbuki belə meyillər var idi, ondan əvvəlki dövrlərdə də var idi. Heydər Əliyev bütün vəzifələrdən istefa verəndən iki həftə keçməmiş erməni separatçıları artıq Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşməsi ilə bağlı məsələ qaldırmışdılar. Yəni, bu amillər göstərir ki, Ulu Öndər pensiyada olanda da, xalqımız üçün ən faciəvi günlərdə də xalqla birlikdə idi. 20 Yanvar faciəsinin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet hökumətini, Kommunist Partiyasını – uzun illər xidmət etdiyi partiyanı ittiham etmişdir, bu dəhşətli cinayəti qınamışdır. Bütün bunlar və eyni zamanda, Naxçıvanda çalışdığı dövrdə müstəqilliyə doğru atılan addımlar, o cümlədən Azərbaycan Demokratik Respublikasının Dövlət Bayrağının Naxçıvanda rəsmi bayraq kimi təsis edilməsi və digər addımlar, həmçinin Naxçıvanın erməni işğalından qorunması xalqın ona inamını daha da artırırdı və bütün bu amillər nəticədə xalqımızın müdrikliyinə əsaslanaraq gələcəkdə Azərbaycanı böyük bəlalardan qurtara bilmişdir. -YAP-ın təsis konfransından yeddi ay keçəndən sonra Heydər Əliyev xalqın tələbi ilə Bakıya dəvət edildi, parlamentin sədri seçildi, 11 ay keçəndən sonra - oktyabr ayında isə Azərbaycan Respublikasının Prezidenti seçildi. Beləliklə, tariximizin o qara səhifəsi bağlanmışdır...-deyə Azərbaycan Prezidenti İlham Əliyev həmin vaxtı bildirmişdir.

    Bəli həmin zamanlar dövlət müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda ictimai-siyasi gərginlik, vətəndaş qarşıdurması, iqtisadi böhran getdikcə dərinləşir, hakimiyyət uğrunda mübarizə gedirdi. Azərbaycanın dövlət müstəqilliyinin itirilməsi təhlükəsi ilə üz-üzə qaldığı belə bir mürəkkəb dövrdə xalq yeganə xilas yolunu Heydər Əliyev dühasında, Ulu Öndərin böyük dövlətçilik təcrübəsində görürdü. Xalqın geniş təbəqəsinin istəyini ifadə edən 91 nəfər ziyalı 1992-ci il oktyabrın 16-da Ümummilli Lider Heydər Əliyevə müraciət etdi. Ulu Öndər çox keçmədən dövlətçiliyimiz üçün “Yeni, müstəqil Azərbaycan uğrunda” adlı çox əhəmiyyətli cavab məktubunu xalqa ünvanladı: “Hörmətli ziyalılar! 16 oktyabr 1992-ci il tarixli “Səs” qəzetində dərc olunan müraciətinizlə böyük diqqət və ehtiramla tanış oldum. Müraciətinizdən, mətbuat və televiziyadan, Azərbaycanın müxtəlif bölgələrindən gələn məktublardan aldığım məlumatlardan aydın olur ki, respublikada ictimai-siyasi və sosial-iqtisadi vəziyyət son dərəcə ağırdır. Bu şəraitdə Azərbaycan ziyalılarının narahatçılığı haqlıdır və təqdirəlayiqdir.Azərbaycan Respublikasının dövlət müstəqilliyi əldə etməsi tarixi hadisədir və şübhəsiz ki, bütün azərbaycanlıları, bütün Azərbaycan vətəndaşlarını hədsiz dərəcədə sevindirir. Eyni zamanda, bu əlamətdar hadisə müstəqil Azərbaycan dövləti, Azərbaycan xalqı qarşısında çox məsul, mürəkkəb, çətin vəzifələr qoyur. İndi əsas vəzifə dövlətçiliyin, müstəqilliyin bərqərar olunmasını, milli-demokratik dövlətin formalaşmasını, müstəqil Azərbaycanın suverenliyini, təhlükəsizliyini təmin etmək və vətəndaşlara azad, xoşbəxt, firavan həyat şəraiti yaratmaqdan ibarətdir. 

    Bu xeyirxah və şərəfli işə hər bir vətənpərvər öz layiqli töhfəsini verməlidir.Bununla bağlı və Sizin müraciətinizə cavab olaraq bəzi fikirlərimi və arzularımı açıqlamaq istəyirəm. Hər şeydən öncə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyi əldə etməsi təxminən səksəninci illərin əvvəllərindən başlamış, keçmiş Sovetlər İttifaqında və bütün dünyada gedən ictimai-siyasi proseslərin zəruri nəticəsidir. Bu tarixi-obyektiv proseslər Sovet İttifaqının dağılmasına, Kommunist Partiyasının tarixin səhnəsindən çıxmasına və 15 müttəfiq respublikanın hər birinin müstəqil dövlətə çevrilməsinə gətirib çıxarmışdır. Bundan sonrakı hadisələr - yeni müstəqil dövlətlərin, o cümlədən, Azərbaycan Respublikasının dünya ölkələri, müxtəlif beynəlxalq təşkilatlar, Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınması təbii bir haldır və beynəlxalq, dövlətlərarası hüquq normalarının qanunauyğun təzahürüdür.Buna görə də Azərbaycanın müstəqillik əldə etməsini heç bir vəchlə müəyyən ictimai-siyasi qüvvələrin, təşkilatların, ayrı-ayrı şəxslərin, o cümlədən də, Xalq Cəbhəsinin xidməti saymaq olmaz. Təkrar edirəm, bu ,tarixi-obyektiv proseslərin nəticəsidir, taleyin və zamanın Azərbaycan xalqına, eləcə də, keçmiş müttəfiq respublikaların xalqlarına əvəzsiz töhfəsidir.Beləliklə, Azərbaycanın dövlət müstəqilliyi bütün Azərbaycan xalqının milli sərvətidir və heç cür yol vermək olmaz ki, bu, ayrı-ayrı siyasi partiyaların, qurumların, şəxslərin müstəsna səlahiyyətinə, monopoliyasına çevrilsin.Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli-demokratik dövlətin, hüquqi cəmiyyətin yaradılması bütün ictimai-siyasi, sosial-iqtisadi potensialından maksimum istifadə olunmasını tələb edir. Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olur...

    Dərin hörmətlə, HEYDƏR ƏLİYEV.”

    Dahi rəhbərin bu çağırışı YAP-ın, Heydər Əliyev ideyalarının ətrafında sıx birləşmiş yüz minlərlə insanın vahid siyasi məqsədinə, Azərbaycanın milli ideoloji məramına, onu ağır vəziyyətdən xilas etməyin ilk və həlledici proqramına çevrildi, müstəqil dövlət quruculuğunun ilk konsepsiyası oldu.




    Fizuli FƏTULLAYEV, 
    Partiya veteranı
    Masallı rayonu.
    PAYLAŞ:

    Oxşar xəbərlər