Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək

Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək
  • Cəmiyyət

  • Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etmişdir.
    44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilmişdir.
    Noyabrın 8-də Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur.

    Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynamışdır. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnmişdir.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli digər Sərancamı ilə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması qərara alınmışdır.

    Tariximizin şanlı səhifəsi hesab olunan, əsl qəhrəmanlıq salnaməsinə çevrilən Vətən müharibəsi nəticəsində ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz qalib gəldi, Ermənistan ordusunu ağır məlubiyyətə uğradaraq, dizi üstə çökdürdü, tarixi ədaləti bərpa etdi, işğal altındakı torpaqlarımızı azad edərək, 30 illik nisgilə, həsrətə son qoydu. 44 gündə  5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ölkəmizin hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının dünyaya təqdimatı oldu. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər və  dekabrın 1-də  Laçın rayonlarını Azərbaycana təhvil verdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Artıq tarixi Zəfərimizin ikinci ilini qeyd edirik. Bayramlarımız sırasına daxil olan Zəfər Günü Azərbaycanın dünənini, bu gününü və gələcəyini özündə ifadə edir. 

    Möhkəm təməl üzərində qurulan Azərbaycan son 21 ildə Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir, dünya birliyində yeri və rolunu möhkəmləndirir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 8 noyabr tarixində Qarabağın tacı Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər Xiyabanından xalqa çatdırarkən söylədiyi “Mən bu gün Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!” fikirləri bir daha bu reallığı təsdiqlədi ki, ərazi bütövlüyümüzün bərpa olunması bütün dövrlərdə ölkə Prezidentinin həyata keçirdiyi siyasətin əsasını təşkil edib. 

    Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır.  Azərbaycan xalqı tamamilə dağıdılmış ərazilərdə yeni həyat qurur. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə səfərləri yeni obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Bütün şəhər və kəndlərimiz müasir tələblər səviyyəsində qurulur. Dövlət başçısı İlham Əliyev həmişə əminliklə ifadə edir ki, bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq.

    Yaşasın Ali Baş Komandan!
    Eşq olsun Müzəffər Azərbaycan Ordusuna!
    Qarabağ Azərbaycandır!




    Süleyman Musalı 
    YAP Masallı rayon təşkilatının fəal üzvü
    PAYLAŞ:

    Oxşar xəbərlər