Noyabrın 1-də Masallıda tanınmış jurnalist-publisist Həsənağa Murtuza oğlu Əliyevin 75 illik yubileyi keçirilib.
Rayon Ağsaqqallar Şurasının təşəbbüsü, Masallı Rayon Mərkəzi Kitabxana Sisteminin dəstəyi ilə təşkil olunan tədbir öncəsi şəhidlərimizin və dünyasının dəyişən jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Masallı Rayon Ağsaqqallar Şurasının sədri, yazıçı-publisist Ələşrəf Niftiyev ömrünün 52 ilini mətbuata bağlayan, “Yeni həyat” qəzetinin məsul katibi, yubilyar Həsənağa Əliyevi təbrik edib, ona yaradıcılığında uğurlar arzulayıb.
Masallı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Zamin Məmmədov yubilyara rayon rəhbərinin təbrikini çatdırıb, RİHB-nın Fəxri fərmanını təqdim edib.
“Yeni həyat” qəzetinin əməkdaşı, jurnalist-publisist Akif Ağayev həmkarının həyat və fəaliyyətindən, sözə məsuliyyətlə yanaşmağı bacaran qələm yoldaşının rayon, eləcə də bölgə mətbuatındakı xidmətindən danışıb.
Azərbaycan Jurnalistlər Birliyinin sədr müavini Şahin Babayev, “Tərəqqi” medallı jurnalist Əyyub Mehdiyev, Əməkdar jurnalist Zakir Abbas, “Masallı ziyalıları” İctimai Birliyinin sədri Qardaş Fətullayev, “Yeni həyat” qəzetinin baş redaktoru Əlihüseyn Şükürov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Masallı rayon komitəsinin sədri Vəkil İsmayılov, rayon mədəniyyət mərkəzinin direktoru Ceyhun Bəşirov, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva, Azərbaycan Jurnalistlər Birliyinin üzvləri Dilarə Hüseynova, İsa İbadov, Xodaşirin Cəbiyev, Qədiməli Eloğlu, rayon mərkəzi kitabxanasının direktor əvəzi Zamin Məmmədov, Mahmudavar kənd məscidi dini icmasının sədri və imamı Vəkil Babayev, kənd tam orta məktəbinin direktoru Xanım Əliyeva çıxışlarında ömrünün müdriklik çağını yaşayan təcrübəli jurnalist, taleyinə yazılan qəzetçilik missiyasını var gücü ilə davam etdirən Həsənağa Əliyevi bu gün də böyük həvəslə, yorulmadan yazıb yaradan, Vətənə, dövlətə sədaqətli, zəhmətkeş yazar, gözəl ziyalı, mehriban ailə başçısı kimi dəyərləndiriblər. Natiqlər yubilyarı təbrik edib, xatirələrini söyləyiblər.
Şair Məmməd Əvəzoğlu yubilyara həsr etdiyi şeiri səsləndirib.
Həsənağa Əliyev tədbirin təşkilinə görə zəhməti olan hər kəsə minnətdarlıq edib, həyatının müəyyən məqamlarını diqqətə çatdırıb.
Yubilyara Azərbaycan Jurnalistlər Birliyinin, rayon ağsaqqallar şurasının, ziyalılar cəmiyyətinin, veteranlar təşkilatının Fəxri fərmanları, eləcə də qiymətli hədiyyələr təqdim edilib.
Akif VAQİFOĞLU