Dövlət Komitəsinin sədri Əjdərbəy və Nərimanov rayon “Cümə” məscidlərini ziyarət edib

Dövlət Komitəsinin sədri Əjdərbəy və Nərimanov rayon “Cümə” məscidlərini ziyarət edib
  • Cəmiyyət

  • Oktyabrın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Əjdərbəy və Nərimanov rayon “Cümə” məscidlərini ziyarət edib, dini ibadətgahlarda  fəaliyyət göstərən din xadimləri ilə görüşüb.

    Dövlət Komitəsinin sədri ölkəmizdə mövcud dövlət-din münasibətləri modelinin nümunəvi xarakter daşıdığını vurğulayaraq, milli-mənəvi dəyərlərin, o cümlədən tolerantlıq ənənələrinin qorunması ilə bağlı ardıcıl siyasətin həyata keçirildiyini vurğulayıb.  Qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə onlarla məscid, dini məbəd inşa edilib, bərpa olunub və ya yenidən qurulub. Bu istiqamətdə görülən işlərə Heydər Əliyev Fondu töhfələr verir. Bu addımlar Azərbaycanda sağlam dini-mənəvi mühitin, həmrəyliyin möhkəmlənməsində, eyni zamanda çoxmədəniyyətli cəmiyyətin inkişafında önəmli rol oynayır.  

    Ramin Məmmədov, nümunəvi birgəyaşayış, vəhdət ənənəsini təhdid edən radikal dini cərəyanların yayılmasının qarşısının alınması,  İslamın düzgün təbliğ edilməsinin vacibliyini diqqətə çatdırıb. Gənclərin zərərli xarici ideologiyaların təsirindən qorunmasında, milli-mənəvi dəyərlərə bağlı, müasir dünyagörüşünə sahib nəslin yetişməsində din xadimlərinin üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edib. Komitə sədri dini-ideoloji sahədə mövcud tendensiyalara diqqət çəkərək, din xadimlərini cəmiyyətimizdə vəhdət prinsiplərinin inkişafı və qorunmasında xüsusi fəallıq nümayiş etdirməyə çağırıb. 

    Din xadimləri dini tolerantlıq, birgəyaşayışı təşviq edən mühitin formalaşması istiqamətində aparılan siyasətin cəmiyyətimizdə din və dövləti birləşdirən sağlam münasibətlərin inkişafına xidmət etdiyini bildiriblər. Dövlətimizin dini sahəyə göstərdiyi qayğı üçün minnətdarlıqlarını ifadə ediblər.

    PAYLAŞ:

    Oxşar xəbərlər