Torpaqlarımızın işğaldan azad edilməsi günlərinin qeyd olunması qürurverici hadisələrdəndir. Azad edilmiş bütün şəhər-kəndlərimizdə bərpa işləri başa çatandan sonra şəhidlərimizin adına küçələr salınacaq, adları məktəblərə veriləcək. Artıq bu proses başlamışdır. Hər bir yaşayış məntəqəsinin azad edilməsi tarixi hadisədir. İlk gündən başlayaraq müharibənin son gününə qədər Azərbaycan Silahlı Qüvvələri ancaq irəli gedirdi. Birinci gündə 4 kəndin azad edilməsi Azərbaycan xalqına çox böyük sevinc bəxş etdi. Uzun illərdən sonra bu Qələbə sevincini biz hamımız yaşadıq. Qubadlı rayonu 1933-cü ildə yaradılmışdır. Rayonda 1 şəhər (Qubadlı) 93 kənd vardı. Rayonun əhalisi əsasən kənd təsərrüfatı ilə məşğul olmuşdur. Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdi.
Rayon Azərbaycanın cənub-qərbində yerləşir və faydalı qazıntı ehtiyatlarına malikdir. Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. Ermənistana 30 illik işğal dövründə heç bir təzyiqin göstərilməməsi, sanksiyaların tətbiq olunmaması onun yeni ərazilər uğrunda müharibə planları hazırlamasına yol açdı ki, bu da 44 günlük İkinci Qarabağ müharibəsinin yaşanması ilə nəticələndi. 25 oktyabr tarixində Qubadlının üstündən qara buludlar çəkildi. 44 günlük Vətən müharibəsində Qəhrəman oğullarımız Qubadlını işğaldan azad etdi.
Ona görə də, 25 oktyabr tarixi bizim üçün əzizdir. Bu müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlının azad olunması Böyük Qələbəni yaxınlaşdırdı. Uzun illər ayrı qaldığımız torpaqlarımıza addım-addım yaxınlaşırdıq. Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı işğaldan azad etməklə ermənilərin illərdir yaratdıqları mifləri, eyni zamanda, bu torpaqlarda qurduqları istehkamları dağıtdılar. Azərbaycan Ordusunun gücü, qüdrəti qarşısında dayana bilməyən erməni silahlı qüvvələri hərbi texnikanı, silah-sursatı qoyub qaçdılar. Bütün açıq və gizli havadarlarının köməyinə baxmayaraq, düşmən Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilmirdi. Dünya Azərbaycan adlı ölkənin qüdrətinə, şücaətinə, yenilməzliyinə və varlığına şahid oldu. Dünyaya bir daha sübut olundu ki, ən güclü ordu Azərbaycan Ordusudur. Noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad olundu. İkinci Qarabağ müharibəsi gücümüzü, milli ruhumuzu göstərdi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalq bir yumruq kimi birləşdi. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi.
Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Prezidentin müvafiq Sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdi. Qubadlı rayonu təbii yataqları ilə fərqlənir. Rayonun işğaldan azad edilməsi ilə tikinti sektorunun tam tələbini yerli ehtiyatlar hesabına qarşılamaq mümükündür. İndi bütün işğaldan azad olunmuş torpaqlarımızda yenidənqurma işləri gedir. Artıq Qubadlı şəhərinin, rayonun işğaldan azad edilmiş kəndlərinin müasir tələblər səviyyəsində yenidən qurulması və bərpası işləri görülür. Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mütəmadi olaraq işğaldan azad edilmiş ərazilərimizə səfər edir, görülən işlərlə yaxından tanış olur, bir sıra sosial obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirak edirlər. Rayonun kəndləri, eləcə də şəhərin özü yenidən qurulacaqdır. Çox keçməyəcək Qubadlı da digər şəhər və kəndlərimiz də öz qaynar həyatına geri dönəcəkdir.
Rövşən Şərifov
YAP Masallı rayon təşkilatının fəal üzvü