Zəngilanın işğaldan azad olunmasından 4 il ötür

Zəngilanın işğaldan azad olunmasından 4 il ötür
  • Cəmiyyət

  • Zəfər tarixinə düşən hər gün Azərbaycan xalqının yaddaşında əbədiləşib və bu günlər unudulmazdır. Bu gün Azərbaycan xalqı tarixinin ən şərəfli anlarını yaşayır. Tariximizdə çox parlaq anlar, hadisələr və qələbələr olub. Onların arasında Zəngilanın azad edilməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində Zəngilan şəhəri 2020-ci il oktyabrın 20-də erməni işğalından azad edilib. Zəngilanın azad olunması Qarabağın taleyinin həll olunması hesab edilirdi. 27 ildən sonra rəşadətli Azərbaycan Ordusu Zəngilanı düşməndən azad etdi. Zəngilan rayonunun işğaldan azad edilməsinin həm tarixi, həm siyasi, həm də iqtisadi əhəmiyyəti isə sözsüz ki, danılmazdır. Qazanılan qələbələr təkcə silahın gücü deyil, həm də Prezidentimizin milli maraqlarımıza söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun məntiqi nəticəsidir. Bu qələbə Ali Baş Komandanımızın, bizim birliyimizin qələbəsidir, haqq işimizin, Müzəffər Ordumuzun gücünün, rəşadətli əsgərlərimizin, Azərbaycan xalqının iradəsinin qələbəsidir!

    Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edilib. İşğal altında qalmış 132 kilometr sərhəd bərpa edilibdir. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlamışdır. 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
    Prezident İlham Əliyevin imzaladığı Sərəncamla 20 oktyabr – Zəngilan şəhəri günü kimi təsis edilib.

    Xatırladaq ki, Zəngilan rayonu 1993-cü il oktyabrın 29-da Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Ermənilər işğal müddətində Zəngilan şəhərini və rayonun kəndlərini dağıdıb, dini, tarixi, mədəni abidələri, qəbiristanlıqları məhv edib.
    İşğalçılar Zəngilanın zəngin təbiətinə qarşı da ekoloji terror törədib, rayon ərazisindəki təbii yataqlar vəhşicəsinə istismar edilib, “Bəsitçay” dövlət təbiət qoruğunda nadir Şərq çinarları qırılıb, yandırılıb.

    Ermənistandakı Qacaran mis-molibden və Qafan filizsaflaşdırma kombinatlarının tərkibində ağır metallar, fenol, və radioaktiv maddələrin miqdarı normadan min dəfələrlə çox olan tullantı suları Zəngilandan keçərək Araz çayına tökülən Oxçuçayı çirkləndirib. Nəticədə təbiətə, ətraf mühiti ciddi ziyan dəyib, çaydakı nadir balıq növləri məhv olub.

    Ermənistan tərəfindən Oxçuçayın ağır formada çirkləndirilməsi böyük ekoloji terror kimi qiymətləndirilir.
    İndi işğaldan azad olunmuş bütün ərazilərimizlə yanaşı Zəngilanda da abadlıq-quruculuq işləri sürətlə gedir. Cənab Prezidentin apardığı uğurlu, məqsədyönlü, düşünülmüş və qətiyyətli siyasət sayəsində ölkəmizin nəinki ərazi bütövlüyü, suverenliyi təmin edilib, həmçinin inkişafa yeni pəncərələr açılıb. Bəli, bu gün qazanılan qələbələr Azərbaycan Prezidentinin, Ali Baş Komandan İlham Əliyevin milli maraqlarımıza söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun, güclü Ordumuzun, rəşadətli əsgərlərimizin və xalqın birliyinin məntiqi nəticəsidir.




    Aygün Quliyeva,
    YAP Masallı rayon təşkilatı Boradigah xəstəxanası ərazi partiya təşkilatının sədri
    PAYLAŞ:

    Oxşar xəbərlər