Azərbaycan Prezidenti cənab İlham Əliyev bir il öncə - 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. 15 oktyabr 2023-cü ili Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq tarix adlandırsaq, yanılmarıq. O gün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev xalqımıza növbəti qələbənin sevincini yaşatdı.
Azərbaycan xalqı 30 ildən çox öz böyük Qələbəsini gözləmişdi. Cənab prezident İlham Əliyev keçən il - hakimiyyətə gəlişinin 20-ci ildönümündə Xankəndi, Ağdərə, Xocavənd, Xocalı və Əsgəranda üçrəngli bayrağı dalğalandırdı: “15 oktyabr tarixi bir gündür, Azərbaycan tarixində bir dönüm nöqtəsi oldu. 15 oktyabrda Azərbaycan torpaqları üzərində tam suverenliyini təmin edib”.
İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcunu yerinə yetirməyə başlayan dövlət başçısı ən ümdə vəzifə kimi qarşısına qoymuşdu ki, Azərbaycan bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün şəhər və kəndlərdə qaldırılsın. Ötən iyirmi il ərzində Azərbaycan gücləndi, dünya miqyasında öz layiqli yerini tutmağı bacardı.
Üç il bundan əvvəl 44 günlük Vətən müharibə zamanı Azərbaycan Ordusu öz gücünü bütün dünyaya sübuta yetirdi. 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik, eyni zamanda, cəmi 23 saat davam edən antiterror tədbirləri bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu.
Azərbaycan xalqı bəşər tarixinə görkəmli dövlət xadimləri, qüdrətli sərkərdələr, istedadlı alimlər, məşhur sənətkarlar bəxş edib. Mənalı və şərəfli ömrünü Azərbaycan dövlətinə, xalqına təmənnasız xidmət etməklə əbədiyaşarlıq rəmzinə çevrilən Ümummilli lider haqlı olaraq "Dünyanın ən böyük azərbaycanlısı" adlandırılır. Ümummilli lider Heydər Əliyev müdrik dövlət xadimi, dahi siyasətçi olmaqla bərabər, həm də alovlu vətənpərvər idi. Azərbaycanımızın hər bir guşəsi, hər bir bölgəsi kimi, Dağlıq Qarabağ da onun üçün əziz və doğma idi. Zaman-zaman Azərbaycan torpaqlarına göz dikən ermənilərin ötən əsrin ikinci yarısında fəallaşmalarının qarşısı məhz Ulu öndərin qətiyyəti sayəsində alınmışdı. Hələ Dövlət Təhlükəsizlik Komitəsinin sədri olarkən erməni millətçilərinin hərəkətlərinin qarşısını dəfələrlə qətiyyətlə alan Heydər Əliyev 1967-ci ilin iyun ayında Xankəndidə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini tələb edən vərəqələri yayanların və bu işlərin təşkilatçılarının tutulub cəzalandırılmalarına nail olmuşdu. Dağlıq Qarabağda yaşayan azərbaycanlılar 1967-ci ildən başlayaraq Ulu öndərin xilaskar fəaliyyətinin şahidi olmuş, onun vətənpərvərliyini, millətsevərliyini daha yaxından hiss etmişlər.
Cəmi altı il Azərbaycan Heydər Əliyevsiz qaldı və bu altı il bizim üçün faciəvi, böhranlı, utancverici illər kimi tarixə düşdü. Torpaqlar işğal altına düşdü, bir-birini dəyişən antimilli hökumətlər faktiki olaraq ancaq öz şəxsi maraqlarını qorumağa çalışırdılar. Onların yarıtmaz fəaliyyəti nəticəsində ərazilərimizin 20 faizi işğala məruz qaldı. O illər Azərbaycanın dövlət müstəqilliyini qoruyan məhz Ulu öndər Heydər Əliyev oldu.
Artıq biz istədiyimizə nail olmuşuq. Azərbaycan xalqının onilliklər ərzində olan arzuları gerçəkləşib. Biz torpaqlarımızı geri qaytarmışıq, ərazi bütövlüyümüzü bərpa etmişik. Bu gün Ulu öndərin və Qarabağın azadlığı amalı ilə həyatdan gedən şəhidlərimizin ruhları şaddır. Biz Qarabağa qayıtmışıq. Məmləkətimizdə dövlət bayrağını öz müqəddəs məkanına geri qaytarıb ən uca zirvədə dalğalandıran oğullar yetişib. Yəqin ki, o möhtəşəm gün Ali Baş Komandan İlham Əliyevin səsləndirdiyi xitaba bu ali duyğunu illərlə canında yaşadan və onun gerçəkləşməsi naminə ömür fəda edən neçə qəhrəman əsgərimizin səsi qarışmışdı: “Əziz Qarabağ, sən azadsan! O bayraq ki, İşğaldan azad edilmiş ərazilərimizdə, o cümlədən, Xankəndi şəhərində ucaldılıb, orada əbədi dalğalanacaqdır!”
Paşayev Teymur,
Masallı rayon Elşən Heybətov adına Dəlləkoba kənd ümumi orta məktəbi