Oktyabrın 4-ü Azərbaycanın ən yeni tarixində təqvimə düşən şanlı günlərdən biri – xalqımızın şərəf və ləyaqət salnaməsi olan Vətən müharibəsində ilk böyük qalibiyyətin qazanıldığı gündür.
Dörd il öncə bu gün Prezident, Ali Baş Komandan İlham Əliyev tarixi qələbə tvitlərindən birini atdı: “Bu gün Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”.
Cəbrayıl Vətən müharibəsinin ilk qazi şəhəri oldu. 27 illik işğaldan sonra rəşadətli əsgər və zabitlərimizin canı-qanı bahasına azadlığa qovuşdu. İrəlidə yeni Zəfər soraqlı günlər vardı.
Ali Baş Komandan 2020-ci ilin 4 oktyabrında xalqa müraciətində bu tarixi hadisənin xüsusi əhəmiyyətini vurğuladı: “Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl bizimdir! Bu gün cəbrayıllılar, əlbəttə ki, sevinc içindədirlər, necə ki, bütün Azərbaycan xalqı. Bu, sevinc göz yaşlarıdır. 1990-cı illərin əvvəllərində də Azərbaycan göz yaşlarını töküb. Ancaq o, məğlubiyyət göz yaşları idi, o, faciə göz yaşları idi. Bu gün Azərbaycan xalqı sevinc içindədir...”.
2020-ci il sentyabrın 27-də başlanan Vətən torpağı uğrunda müqəddəs savaşda hər gün qəhrəmanlıq dastanının səhifələri yazılırdı: “Bir həftədir ki, Azərbaycan öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparır. Döyüş meydanında əsgər və zabitlərimiz qəhrəmanlıq göstərir, düşmənə sarsıdıcı zərbələr endirir, düşməni yerinə oturdur, düşməni torpaqlarımızdan qovur, canı-qanı bahasına...”.
Cəbrayılın işğaldan azad edilməsi böyük Zəfərin başlanğıcı idi. Ali Baş Komandan: “Biz bu günlər xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq, tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. Ancaq uzun illər ərzində – 30 ilə yaxındır ki, erməni cəlladları torpağımızı işğal edib, bizim bütün tarixi, dini, mədəni abidələrimizi darmadağın edib dağıdıblar... Biz bütün şəhərləri bərpa edəcəyik. Bu bölgələrə həyat qayıdacaq...”.
Düşmən tapdağından qurtuluşun dördüncü ildönümünü yaşayan torpaqlara artıq həyat, quruculuq, abadlıq, ən əsası isə, bu torpaqların sakinləri qayıdır.
Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə dövlət başçısı tərəfindən 31 iyul 2023-cü il tarixində sərəncam imzalanıb. Sərəncamla 4 oktyabr Cəbrayıl Şəhəri Günü elan olunub.
4 oktyabr xalqımızın şərəfləndiyi gündür. Bu günü təqvimimizə qanı-canı bahasına yazan şəhidlərimizi bir daha rəhmət və minnətdarlıqla yad edir, qəhrəman qazilərimizlə sonsuz qürur duyuruq. Böyük Zəfərin ilk müjdəsi olmuş günümüz mübarək!
Ziyafəddin Cavadov,
Masallı rayon Qızılağac kənd S.Xəlilov adına 1 nömrəli tam orta məktəbinin müəllimi