Daxili işlər orqanlarının əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan LEQAL.AZ-a bildiriblər ki, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon sakini 43 yaşlı Ceyhun Ələkbərova məxsus evə baxış keçirilib. Oradan yataq otağındakı seyfin içərisindən atəşə yararlı “TK” modelli “Korovin” konstruksiyalı tapança və həmin tapançaya məxsus iki patron aşkarlanaraq götürülüb.
Silah hər hansı cinayətdə istifadə olunub-olunmamasının müəyyənləşdirilməsi üçün ekspertizaya göndərilib.
Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 228-ci maddəsi (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) ilə cinayət işi başlanılıb, araşdırma aparılır.