Görkəmli dövlət xadiminin qədim diyardan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə və Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilməsi böyük təcrübəyə malik olan qüdrətli siyasətçinin ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməsinə meydan açıb. Ulu öndər Heydər Əliyev bütün varlığı ilə xalqına və Vətəninə bağlı olan bir insan idi. Buna görə də O, keçmiş İttifaqda tutduğu vəzifələrdən istefa verdikdən sonra Bakıya gəlməyi qərarlaşdırdı. Lakin bəhs olunan dövrdə Azərbaycanın rəhbərliyində təmsil olunan şəxslər Heydər Əliyevin Bakıya qayıdışını kresloları üçün təhlükə hesab edərək Onun paytaxtda qalmasını əngəllədilər. Ulu Öndər doğulduğu Naxçıvana üz tutdu və burada insanlar Onu böyük sayğı ilə qarşıladılar. Naxçıvana qayıdan Heydər Əliyev Babək rayonunun Nehrəm kəndindən Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçildi. Ulu Öndər, eyni zamanda, Naxçıvan Ali Sovetinə də deputat seçilmişdi. Muxtar Respublikanın Ali Sovetinin seçkilərdən bir qədər sonra-17 noyabr 1990-cı il tarixində çağırılan sessiyasına sədrlik Heydər Əliyevə həvalə olundu.
Həmin sessiyada Heydər Əliyevin cəsarəti, milli təəssübkeşliyi, xalqına bağlılığı bütün cəhətləri ilə bir daha özünü büruzə verdi. Sessiyada Ulu Öndərin təşəbbüsü ilə Naxçıvan Ali Sovetinin adı dəyişdirilərək onun Naxçıvan Respublikasının Ali Məclisi adlandırılması haqqında qərar çıxarıldı, Azərbaycan Xalq Cümhuriyyətinin o vaxtlar çoxlarının tanımadığı üçrəngli bayrağı Naxçıvan Ali Məclisində qaldırıldı. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk illərdə ölkədə hakimiyyət uğrunda başlanan silahlı mübarizə, hakimiyyətlərin bir-birini əvəz etməsi və çoxhakimiyyətliliyin hökm sürməsi müstəqil dövlətçiliyə ağır zərbələr vurdu. Ölkədə yaranmış ictimai-siyasi xaos, anarxiya, zorakılıq hallan, milli və vətəndaş qarşıdurmasının kəskinləşməsinə və hakimiyyətin tam iflasına rəvac verirdi. Nəticədə, 1993-cü ilin yayında Azərbaycan dövlətçiliyi böhran və məhv olmaq təhlükəsi qarşısında qaldı, ölkə vətəndaş müharibəsi və parçalanma həddinə gətirildi. Belə bir vəziyyətdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev öz böyük siyasi təcrübəsi və müdrikliyi ilə Azərbaycanı bu təhlükəli vəziyyətdən çıxarmaq üçün gərgin işə başladı. İlk növbədə, hakimiyyət vakuumu aradan qaldırıldı, respublikanın müxtəlif bölgələrində baş qaldırmış destruktiv qüvvələr xalqın fəal köməyi ilə zərərsizləşdirildi, vətəndaş müharibəsinin qarşısı alındı.
Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə qəsdlər təşkil edən cinayətkar ünsürlər cəmiyyətdən təcrid edildi. 1994-cü ilin mayında Ermənistan-Azərbaycan müharibəsində atəşkəsə nail olundu. Heydər Əliyev Azərbaycan həqiqətlərini, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini dünya ictimaiyyətinə çatdıra bildi. Ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siya¬si, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı. Ulu öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yara¬dılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. Müstəqilliyin ilk illərində baş vermiş iqtisadi tənəzzülün, vətəndaş müharibəsinin, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin qarşısının alınması, dövlətçilik ənənələrinin və sabitliyin bərpası məqsədilə Heydər Əliyevin atdığı qətiyyətli addımlar qısa müddət ərzində hər bir vətəndaşın həyatında hiss olunmağa başladı. İqtisadiyyatda aparılan islahat¬lar, qanunvericiliyin, vergi və bank sistemlərinin sürətlə dəyişən iqtisadi şəraitə uyğunlaşdırılması, bazar iqtisadiyyatı prinsiplərinə cavab verən yeni iqtisadi siyasətin həyata keçirilməsi Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasına, dövlətlərarası münasibətlərin fəal subyektinə çevrilərək dünya miq¬yasında layiqli yer tutmasına təkan verdi. Ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar qısa bir zamanda uğurlu nəticələr verərək iqtisadi inkişafa gətirib çıxardı, ölkəmizin qüdrətli iqtisadi dayaq¬ları üçün əsaslar yaratdı, sənayenin ümumi daxili məhsulda xüsusi çəkisi 1993-cü ilə nisbətən 12,6 faiz bəndi artaraq 2002-ci ildə 37,4 faiz təşkil etdi. İqtisadiyyatın bütün sahələrində aparılan məqsədyönlü və ardıcıl islahatlar, sənaye, tikinti, nəqliyyat, kənd təsərrüfatı və ticarətdə əldə edilmiş yüksək nailiyyətlər nəticəsində ölkədə ümumi daxili məhsul istehsalı 1996-2002-ci illər ərzində 71,0 faiz artaraq 6,1 milyard manata çatdı.
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Başqa sözlə, bu gün müasir müstəqil Azərbaycan Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində bütün sahələrdə möhtəşəm nailiyyətlər əldə edilib. Təsadüfi deyil ki, ölkəmizin iqtisadi nailiyyətləri beynəlxalq miqyasda da təqdir olunur - yüksək qiymətləndirilir. Nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında yer alan məqamlar ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin müsbət nəticələrini əks etdirir.
Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir.
Səbinə SƏLİMOVA,
YAP Masallı Rayon Təşkilatının əməkdaşı