Avqustun 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Zaqatala rayonu Yuxarı Tala kənd məscidi və Qəbələ
rayonu Nic qəsəbəsi Yalağaclı məhəllə məscidini ziyarət edib.
Din xadimləri ilə görüşdə çıxış edən Ramin Məmmədov Azərbaycanda dövlət səviyyəsində dinə həssas münasibət göstərildiyini qeyd edib.
Dövlət Komitəsinin sədri Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda dövlət- din münasibətləri modelinin qurulmasında müstəsna xidmətlərindən danışıb.
Ulu Öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin milli- mənəvi dəyərlərimizin qorunması, tolerantlıq ənənələrinin möhkəmlənməsinə xüsusi diqqət yetirdiyini vurğulayıb.
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dini-tarixi abidələrin qorunması ilə bağlı təşəbbüslərinin multikultural dəyərlərimizin təbliğində mühüm rol oynadığını bildirib. Komitə sədri eyni zamanda diqqətə çatdırıb ki, din xadimləri fəaliyyətlərində Azərbaycanda tolerantlıq ənənələri, milli-mənəvi dəyərlərimizin təbliği, dövlətçilik və vətənpərvərlik prinsiplərini əsas götürməlidirlər.
Din xadimləri bu cür görüşlərin dini icmaların gələcək fəaliyyəti, icmalar arasındakı münasibətlərin tənzimlənməsi, bütövlükdə, dövlət- din münasibətləri baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər. Müxtəlif mövzularla bağlı rəy və təkliflərini diqqətə çatdırıblar.