Zaqatalada yeni təyinat almış din xadimləri ilə görüş olub

Zaqatalada yeni təyinat almış din xadimləri ilə görüş olub
  • Cəmiyyət

  • Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov avqustun 12-də Zaqatalada “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na uyğun olaraq vakant vəzifələrin tutulması üçün keçirilmiş müsahibədən müvəffəqiyyət qazanaraq vəzifəyə təyin edilmiş din xadimləri ilə görüşüb.

    Komitədən Leqal.az-a bildiriblər ki, görüşdə R.Məmmədov ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinə toxunan komitə sədri Prezident İlham Əliyevin bu məsələni daim diqqət mərkəzində saxladığını vurğulayıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən Qarabağ və Şərqi Zəngəzurdakı mədəni, tarixi və dini abidələrin bərpası, eləcə də yenidən tikilməsi istiqamətində görülən işlərin xalqımızın öz tarixinə, mədəni irsinə münasibətinin göstəricisi kimi qiymətləndirildiyini diqqətə çatdırıb.

    Ramin Məmmədov dinin mahiyyətinin olduğu kimi təbliğ edilməsində, dinlərarası dialoqun, əməkdaşlığın, vəhdətin, tolerant dəyərlərin təbliğində din xadimlərinin üzərinə böyük məsuliyyət düşdüyünü deyib. Komitə sədri din xadimlərinin vəzifələrini layiqincə yerinə yetirəcəklərinə ümidvar olduğunu qeyd edib.

    Görüşdə din xadimlərinin fikirləri və təklifləri dinlənilib, çıxışçılar dövlət tərəfindən göstərilən diqqət və qayğını yüksək dəyərləndirdiklərini bildiriblər.

    PAYLAŞ:

    Oxşar xəbərlər