Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakıda yerləşən “Müqəddəs Məryəm Ana” katolik kilsəsini ziyarət edib, kilsə binasındakı rəsm qalereyası, ibadət zalı və inzibati bina ilə tanış olub.
Dövlət Komitəsindən Leqal.az-a bildirilib ki, Ramin Məmmədov katolik kilsəsinin Apostol Prefekturasının yepiskopu Vladimir Fekete ilə görüşdə Ümummilli Lider Heydər Əliyevin Katolik dini icmasına yüksək diqqət və qayğı ilə yanaşmasından, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs edib, Birinci vitse-prezident Mehriban Əliyevanın Katolik icmasına xüsusi diqqət yetirməsindən, Heydər Əliyev Fondunun Roma Katolik kilsəsi ilə sıx əməkdaşlığından danışıb.
Ölkənin sosial və mədəni mühitində müxtəlif qrupların harmonik şəkildə bir arada yaşaması ənənəsinin Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq səviyyədə təbliğinin əhəmiyyətinə toxunan Komitə sədri qeyd edib ki, bütün bunlar Azərbaycanın məqsədyönlü inkişafı və sürətli tərəqqisi üçün əsas amillərdən biridir.
Söhbət zamanı yepiskop Vladimir Fekete ölkəmizdə Katolik dini icmasının tarixi və fəaliyyəti haqqında geniş məlumat verib, dövlətin icmaya göstərdiyi qayğıdan məmnunluğunu ifadə edib. Yepiskop, həmçinin Azərbaycanın multikultural dəyərlərin inkişafı istiqamətində oynadığı rolu yüksək qiymətləndirdiyini vurğulayıb.
Görüşdə Azərbaycanda mövcud olan konfessiyalar arasında əməkdaşlığın genişləndirilməsi, multikulturalizm, dini tolerantlıq ənənələrinin inkişaf etdirilməsi ilə bağlı təkliflər ətrafında da müzakirələr aparılıb.